Siyasət

Ceyhun Bayramov İordaniyanın ölkəmizdəki yeni səfirini qəbul edib – FOTO

Sharing is caring!


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 16-da İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin edilmiş səfiri Ömər Al Naharı qəbul edib. Səfir öncə etimadnaməsinin surətini nazirə təqdim edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Bayramov Ömər Al Naharı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, müzakirələr zamanı siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da təşviqinə təkan verəcəyini bildirən nazir bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusilə vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar və platformalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ermənistanın 30 ilə yaxın dövrdə ərazilərimizin işğalı, etnik təmizləmə siyasəti, eləcə də 44 günlük Vətən müharibəsindən sonra, postmünaqişə dövründə Ermənistanın davam edən təxribatları, separatçılıq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir