Siyasət

Gorus aeroportu Ermənistanın yeni təxribatıdır – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistan hakimiyyəti Azərbaycanla sərhədyanı bölgələrdə təxribat xarakterli hərəkətlərə rəvac verməkdə davam edir. Bu dəfə Zəngəzurda, əzəli Azərbaycan torpağı hesab edilən Gorusda hava limanının yenidən istifadəsi ilə bağlı məlumat yayılıb və bəyan edilib ki, aeroportdan ehtiyat hava limanı kimi istifadə ediləcək.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, hava limanının yenidən açılması və istismarı üçün artıq müəyyən işlər görülüb.

“Biz və Mülki Aviasiya Komitəsi Ermənistanın Sünik bölgəsinə işçi qrup göndərmişik, onlar yerlərdə mövcud vəziyyətlə tanış olub, fəaliyyət planı hazırlayıblar”, – Sanosyan parlamentdə hökumət saatında deyib.

Onun sözlərinə görə, bu hava limanında ilk növbədə uçuş-enmə zolağının və ona bitişik infrastrukturun modernləşdirilməsi istiqamətində işlərin aparılması lazımdır.

“Planlaşdırılan işlər iki hissəyə bölünüb. İlk növbədə, uçuş-enmə zolağının qəbul edilmiş standartlara uyğun qaydaya salınması lazımdır. Bu yaxınlarda Qafanda fəaliyyətə başlayan “Sünik” hava limanının yaxınlığında ehtiyat hava limanı yoxdur. İndiyə qədər dörd hadisə baş verib. Nəticədə Qafandan reyslər ya ləğv edilib, ya da təyyarə İrəvana qayıdıb. Gözlənilməz hava şəraiti səbəbindən təcili eniş üçün başqa aeroport yoxdur”, – deyə nazir qeyd edib.

Yaxşı, əhalisi yoxsulluq və səfalət içində olan bir ölkəyə belə bahalı layihəni reallaşdırmaq nəyə lazımdır? Birmənalı olaraq, bunun arxasında iqtisadi mənfəət güdülmədiyi bəllidir. Ermənilər üçün 50 dollar ödəyib təyyarə ilə İrəvandan Gorusa getməkdənsə, bu 250 km-lik məsafəni avtomobillə qət etmək daha sərfəlidir. Şübhə yoxdur ki, “ehtiyat aeroport” layihəsi əvvəlkilər kimi tam reallaşmayacaq.

Başqa bir fakt ondan ibarətdir ki, ölkədə işgüzar mühit də aşağı həddədir. Yəni Ermənistana nə iş adamlarının axını var, nə də iri biznes mühiti formalaşıb. Adıçəkilən bölgədə böyük biznes obyektləri mövcud deyil, turizm də yox dərəcəsindədir. Belə olan halda bahalı bir layihəyə nə ehtiyac var? Ortada uğursuz Qafan-İrəvan daxili reysi var. Aeroportda ilk uçuş həyata keçirilsə də, uğursuz alınıb. Baş nazir Nikol Paşinyan da bildirmişdi ki, Qafanda sınaq uçuşu zamanı bəzi texniki nasazlıqlar qeydə alınıb, bunu da uğurlu hesab etmək olmaz. Sadəcə, Azərbaycanla sülh sazişinin olmadığı bir vaxtda sərhədyanı ərazidə aeroportun istifadəyə verilməsi təxribatdan başqa bir şey deyil.

Qafan aeroportu kimi, bu hava limanı da Azərbaycan mövqelərindən açıq-aydın görünür. Erməni mediasında yer alan xəbərlərə görə, 68 km-lik Gorus-Qafan yolunun 21 km-i faktiki olaraq Azərbaycanın nəzarətindədir. Həm Qafan, həm də Gorus aeroportundan qalxan təyyarələr istər-istəməz Azərbaycanın hava məkanını pozmuş olacaq.

Digər məsələ, istisna deyil ki, “mülki” adı altında Ermənistan bu aeroportdan hərbi məqsədlər üçün istifadə edəcək. Çox güman ki, Azərbaycanın son illər işğaldan azad edilən torpaqlarında istifadəyə verilən aeroportlarından ilhamlanan Ermənistan da analoji addımlar atmaq qərarına gəlib. Lakin sözügedən obyektlər miqyasına və statusuna görə nə Füzuli, nə də Zəngilan aeroportları ilə müqayisə oluna bilməz. Həm də Azərbaycan ərazisindəki yeni aeroportlar beynəlxalq statusa malikdir. Azərbaycan adıçəkilən hava limanlarını tikərkən sərhəddən xeyli aralıda yer seçib, marşruta təsir edə biləcək mümkün külək gücünü nəzərə alıb və bununla da təyyarələrin Ermənistan ərazisinə uçması riskini aradan qaldırıb. Ermənistanda isə bunların heç biri nəzərə alınmayıb.

Yeri gəlmişkən, beynəlxalq praktikada aeroportların istifadəyə verilməsi məsələsinə olduqca həssaslıqla yanaşılır. Məsələn, ABŞ qaydalarına əsasən, onun sərhədinə yaxınlaşan təyyarələr minimum 600 metr hündürlükdən uçmalıdır. Ermənistan isə buna əməl etmir. Döyüş birləşmələrinin olduğu hərbi əməliyyat zonasında bir tərəfin təyyarəsinin alçaqdan uçması, orada yerləşən hava limanına yaxınlaşması və enişi qarşı tərəf üçün hərbi risk doğurur.

Zərrə qədər də istisna edilmir ki, Ermənistan Qafan hava limanından Azərbaycana qarşı hərbi məqsədlər üçün istifadə edəcək. Ehtimal odur ki, Ermənistan Gorus və Qafan aeroportlarını reallaşdırmaqla Azərbaycan sərhədində hərbi təyinatlı gələcək kəşfiyyat uçuşlara zəmin hazırlayır.

Xatırladaq ki, Zəngəzur mahalının önəmli ərazilərindən olan Gorus qədim Azərbaycan torpağıdır. 1917-20-ci illərdə siyasi oyunlar nəticəsində Zəngəzurun digər bölgələri kimi, Gorus da Ermənistan SSR-in inzibati rayonuna çevrilib.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir