Siyasət

“Azərbaycan diplomatiyasının ən böyük uğuru regiondakı gərginliyi peşəkarcasına həll etməyidir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ağdam-Xankəndi yolu ilə humanitar yükün daşınması əslində Azərbaycan tərəfinin uğurudur. Separatçı qurum təkid edirdi ki, guya Ağdam-Xankəndi yolu ilə heç bir maşın ermənilər yaşayan əraziyə daxil ola bilməz. Təbii ki, bu, təkcə Qarabağda yaşayan terrorçuların fikri deyildi. Bu fikri müdafiə edən Qərb dövlətləri, Qərbin nüfuzlu təşkilatlarının iddiaları da iflasa uğradı”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Anar İsgəndərli deyib. O qeyd edib ki, Azərbaycanın təklifləri ilə bağlı düzgün olmayan iddiaların qarşısının alınması üçün Azərbaycanın tarixi torpağı olan Qarabağa məhz Azərbaycanın razılığı ilə humanitar yük getməli idi:

“Artıq bizim tələbimiz reallaşdı. Bu, Azərbaycanın uğurudur. Hadisələr hər dəqiqə, hər saat inkişaf edir. Azərbaycan tərəfi, təbii ki, qazanan tərəfdir. Amma Laçın yolundan Ermənistan və Fransanın göndərdiyi  humanitar yardımların, digər istiqamətdən Ağdam-Xankəndi yolu ilə Azərbaycanın göndərdiyi humanitar yardımların çatdırılması diplomatik üsullarla, Azərbaycanın maraqlarına xidmət edən qaydalarla təmin edilməlidir. Rusiyanın Ermənistanda qeyri-dost elan olunması, Ermənistanla ABŞ arasında hərbi təlimlərin keçirilməsi və s. Cənubi Qafqazda vəziyyəti həddindən artıq gərginləşdirib. Amma Azərbaycan diplomatiyasının ən böyük uğuru odur ki, bütün bu məsələləri peşəkarcasına həll edir”.

Anar İsgəndərli onu da vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin məsələyə münasibəti Hindistanda keçirilən G20 sammitində məlum oldu. Belə ki, Türkiyə lideri görüşlərdən vaxt tapıb, bəyanatla çıxış edərək, Azərbaycanın haqq işinə dəstək oldu:

“Sonrakı gün isə Ermənistanın baş naziri ilə Rəcəb Tayyib Ərdoğanın danışması da göstərir ki, artıq bu bölgədə məsələlər Azərbaycanın xeyrinə həll olunacaq. Düşmən hər cür müqavimət göstərsə belə, Azərbaycan məsələlərin uğurlu həlli üçün əlindən gələni edir. Ağdam-Xankəndi yolunun işlək yola çevrilməsi üçün Azərbaycan əlindən gələni edir və edəcək. Nəticə artıq göz qabağındadır.

Dünyanın az ölkələrinə məxsus maraqlı bir cəhət də var. Qarabağ Azərbaycan torpağıdır. Erməniəsilli Azərbaycan vətəndaşları da burada yaşayır. 30 il bundan əvvəl azərbaycanlı vətəndaşlar buradan qovulub, çıxarılıb, əmlakları əlindən alınıb. Bəs bundan sonra necə olmalıdır? Çox qəribədir ki, Qərb dövlətləri 30 il əvvəl azərbaycanlı vətəndaşlara qarşı həyata keçirilmiş müsibətləri görə bilmir. Amma bu gün guya ermənilər acından ölür, humanitar fəlakət var və onlara kömək lazımdır. Bütün bunlar azmış kimi, Almaniya tərəfi də Qarabağda yaşayan ermənilərə iki milyon avro yardım göstərir. Əgər erməni acdırsa, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi 40 tonluq humanitar yardımı niyə əraziyə buraxmır? Deməli, bunlar hamısı siyasi mübarizənin formalarıdır, siyasi münaqişələrin qızışdırılmasıdır. Azərbaycan tərəfi növbəti dəfə bu mübarizədən və münaqişədən qalib kimi çıxacaq”.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə yardım edilməsi qərara alınıb.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir yük avtomobili Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, “Samur” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Avtomobil bu gün səhər saatlarında Ağdam-Xankəndi yolundan keçərək, Xankəndiyə çatıb.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir