Siyasət

“Ermənilər boynuna mina bağlanmış iti mövqelərimizə göndərməklə beynəlxalq hüququ kobud şəkildə pozublar”- RƏY

Sharing is caring!


“Ermənilər boynuna mina bağlanmış heyvanı mövqelərimizə göndərməklə beynəlxalq hüququ kobud şəkildə pozublar”.

Bunu “Report”a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, 1980-ci ildə qəbul olunan BMT konvensiyasının 2 saylı protokolunda adi silahların bəzi növlərinin istifadəsinin qadağası və məhdudlaşdırılması ilə bağlı xüsusi müddəa var:

“Həmin sənəddə mina tələlərindən istifadə qadağa edilib. Dünənki hadisə də birbaşa mina tələsidir. Eyni zamanda 2018-ci ildə qəbul olunmuş BMT konvensiyasına görə heyvanların sağlamlıqlarının və hüquqlarının qorunması nəzərdə tutulur. Ermənilər beynəlxalq hüququn bu iki tələbini pozublar”.

Ekspertin sözlərinə görə, bu hadisə sərt şəkildə qınanılmalıdır:

“İş orasındadır ki, bu, ilk belə hadisə deyil. İllər əvvəl Tovuzun Əlibəyli kəndinə uşaqlar çayda oyuncaq taparaq evə gətirmişdilər. Oyuncaq partlaması nəticəsində 13 yaşlı uşaq həlak oldu və anası yaralandı. Bu da mina tələsinin bir növü idi. Görünür, ermənilər belə əməllərə artıq adət ediblər”.

H.Səfixanov düşünür ki, ermənilər mina terrorundan geniş istifadə edirlər:

“Gələcəkdə də oxşar həmlələr təkrarlana bilər. Ona görə də insanlarımız diqqətli, ayıq-sayıq olmalıdırlar. Düşmənimiz kifayət qədər məkrlidir. Onlar hərbçilərimizlə üzə-üzə gəlməkdən qorxduqları üçün bu cür mina tələlərindən istifadə edirlər”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir