Siyasət

Qərbin dəyişməyən siyasəti – Azərbaycana qarşı ikili standart + ŞƏRH

Sharing is caring!


Ötən həftəsonu Azərbaycanın Qarabağ regionundakı Xankəndi şəhəri növbəti məzhəkəyə şahid oldu. Ərazidə məskunlaşan ermənilərin separatçı qurumu qondarma prezident seçkiləri keçirmək həyasızlığını nümayiş etdirdi. İlk baxışdan gülünc görünən “seçki” şousu yeganə “namizəd”in seçilməsi və “andiçmə” mərasimi ilə başa çatdı. Beynəlxalq hüquqdan az-çox başı çıxan da bilir ki, Azərbaycanın ərazisində rəsmi Bakının icazəsi olmadan heç kəs nə seçki keçirə bilər, nə də buna cəhd edə bilər. Çünki belə bir şounun heç bir hüquqi bazası yoxdur. Elə bu səbəbdən də “seçki”dən dərhal sonra Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələr bu “seçki” adlandırılan qanunsuz fəaliyyətin beynəlxalq hüquqa zidd olması barədə rəsmi bəyanat səsləndirdilər və belə bir “seçki”ni tanımadıqlarını bildirdilər.

Bəs görəsən, neçə vaxtdır Ermənistan və Azərbaycanı barışdırmağa çalışan, tez-tez müxtəlif kulislərdə bu barədə açıqlama və bəyanatlar səsləndirən, ikitərəfli, üçtərəfli, dördtərəfli görüşlər təşkil edən Qərbin reaksiyası necə oldu? Təbii ki, əksər hallarda olduğu kimi, Qərb bu məsələdə də ikili standart nümayiş etdirdi. Onsuz da Azərbaycan uzun illərdir Qərbin bu ikili standart oyununa alışıb və xarici siyasət kursunu da buna görə qurub. Avropa İttifaqı Xankəndidə keçirilən “seçkilər”dən sonra belə bir bəyanatla çıxış edib: “Prezident seçkisi”nin keçirildiyi hüquqi çərçivəni tanımırıq, lakin Dağlıq Qarabağ erməniləri Azərbaycanla danışıqlara hazır olan rəhbərlik ətrafında birləşməlidir”.

Burada qeyd etmək yerinə düşür ki, Rusiya MSK Ukraynanın işğal edilmiş ərazilərində sentyabr ayında “seçkilər” keçirmək qərarına gəlib. Məsələ ilə bağlı Şarl Mişel dərhal reaksiya verərək Rusiyanın mövqeyini sərt şəkildə tənqid edib və belə bir “seçkilər”in keçirilməsini beynəlxalq hüququn pozulması adlandırıb:

“Bu “seçkilər” BMT Nizamnaməsini, habelə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur”.

Hər iki açıqlama aşağı-yuxarı bir-biri ilə eyni olan hadisə barədə səsləndirilib. Açıqlama və bəyanatlar arasında fərqi görməmək isə mümkün deyil. Ukrayna ilə bağlı seçkilərdə Qərbin kəskin mövqeyi dərhal sezilir. Bu isə Qərbin Ukraynadakı vəziyyətə görə dəhşətli dərəcədə narahat olması yox, bütün oxlarını Rusiyaya qarşı yönəltdiyi üçündür.

Bəs, Qarabağdakı separatçı erməni rejimi 2 həftəyə yaxındır ki, “prezident seçkisi” keçirəcəyini bəyan edəndə Avropa İttifaqının səsi görəsən niyə çıxmırdı? Niyə görəsən, əvvəlcədən belə bir “seçki”nin keçirilməsini Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü, BMT nizamnaməsini pozması barədə açıqlama verilmirdi? Yaxşı, heç olmasa, bu qondarma “seçki”dən sonra Avropa İttifaqı kəskin şəkildə qınaqla dolu bir açıqlama vermədi? Göründüyü kimi, Azərbaycan yenə də Qərbin ikili standartı ilə üz-üzədir. Yaxşı, ermənilərin dünya imperializminin nökəri olduğu faktını gözardı etmirik. Cənubi Qafqaz uğrunda Rusiya ilə qarşıdurmada Qərb üçün erməni milləti və dövləti hava və su kimi lazımdır. Bunu anlayırıq. Bəs görəsən Qərbin siyasi dairələri Cənubi Qafqazın ən güclü dövləti olmaqla yanaşı, regionda söz sahibi olan, beynəlxalq tranzitlərə və müqavilələrə imza atan, Avropanı enerji böhranından xilas etmək üçün qollarını çırmalayan Azərbaycana qarşı niyə ikili standartla yanaşılır? Avropa İttifaqının Qarabağdakı seçkilərlə bağlı bəyanatı yumşaq dillə desək, “xala-xətrin qalmasın” misalını xatırladır. Necə olur ki, “seçki”ni həm tanımır, həm də Qarabağ ermənilərini rəhbər ətrafında birləşməyə çağırır? Bunun sadəcə bir adı var: ikili standart və xristian təəssübkeşliyi.

Hələ bu da azmış kimi, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel 10 sentyabr tarixində Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıb. Maraqlıdır ki, Aİ rəsmisi telefon danışığında qondarma seçkilər barədə bir kəlmə də danışmasa da, Laçın yolunun dərhal açılması barədə ağzı köpüklənə-köpüklənə fikir səsləndirib. Görəsən cənab Borrel hayların dünyaya yaydığı “blokada” və “humanitar fəlakət”, “soyqırımı” nağıllarında əsas günahkarın elə Ermənistanın hərbi siyasi rəhbərliyi və Qarabağdakı separatçı rejimin olduğunu bilmir?

Elə okeanın o tayından da Qarabağda keçirilən qondarma seçkilərlə bağlı heç bir fikir bildirilməyib. ABŞ dövlət katibi Antoni Blinken 10 sentyabr tarixində Azərbaycan- Ermənistan münasibətləri ilə bağlı növbəti açıqlamasını səsləndirib. Bu dəfə də Azərbaycan ABŞ-nin ikili standartı ilə üzləşib. Blinken açıqlamasında separatçı rejimin “seçki”lərini qınadıqları barədə bir cümlə də işlətməyib. Əvəzində isə yenə də “humanitar böhran” və Laçın yolu ilə bağlı bol-bol danışıb. Blinken Laçın yolu ilə Ağdam yolunun eyni vaxtda açılmasının vacibliyini vurğulayıb. Necə deyərlər, avazın yaxşıdır, əgər oxuduğun Quran olsa. Cənab Blinken görəsən humanitar yüklərlə bağlı problemin Qarabağdakı separatçı rejimlə Ermənistanın hərbi-siyasi rəhbərliyinin oyunu və manipulyasiyası nəticəsində yarandığını bilmir? Hər halda MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) bu barədə kifayət qədər material və dosyeyə sahibdir və bunu Ağ Evə ötürüb.

Azərbaycanın ərzaq yardımı və Rusiyanın göndərdiyi yükü qəbul etməyən və yolun açılmasını əngəlləyən də elə separatçı rejim və onun İrəvanda oturan havadarlarıdır. Blinken yaxşı olardı ki, bu məsələ ilə bağlı iki tərəfə müraciət ünvanlasın. Azərbaycan üzərinə düşəndən artığını edib. Artıq neçə gündür Azərbaycanın göndərdiyi ərzaqla dolu yük maşınları Ağdam yolundadır. Elə bu xəbər tirajlananda qızıl dişlərini işıldada-işıldada “türkün göndərdiyi ərzağı qəbul etməyəcəm” deyən Anahit törəməsi erməni qadının vay-şüvənlə dolu videoları interneti zəbt etmişdi. Blinkenin də, Aİ və ABŞ-nin digər rəsmi şəxsləri də bu kimi faktlarla kifayət qədər məlumatlıdırlar. Ona görə də ünvanladıqları sual və çağırışları Azərbaycan tərəfə yönəltməkdənsə, imperializmlərinin nökərləri sayılan hayları başa salmaqları daha məqsədəuyğun olardı…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir