Siyasət

Paşinyan Rusiyaya “Qartal”la təpik atır: Azərbaycan üçün fürsət – TƏHLİL + FOTO

Sharing is caring!


Ermənistanın Rusiya ilə münasibətlərində qısaqapanmaların çoxaldığı zamanda regionda Bakı-İrəvan gündəliyi üzrə hərbi toqquşma riski də zilə qalxır.

Regionda barıt çəlləklərinə od vura biləcək başqa bir hərəkət də Ermənistan tərəfindən edilir, İrəvan bu dəfə ABŞ ilə birgə “Qartal tərəfdaşı 2023” adı verilən hərbi təlimlərə ev sahibliyi edəcək.

Bu, hərbi təlimlər üzrə prosedurlardan çox, Ermənistanın sözün bütün mənalarında poliqona çevrildiyini qeyd edən əlamətlərdən biridir.

Rusiyanın Ermənistana subliminal mətnlərlə hədə dolu mesajlar ünvanlamasının ardından İrəvanın Qərbə doğru sürüşməsi Moskvaya verilən reaksiyadır. Hərçənd, Kremlin əsəblərinin bir gün elə həddə gərilməsi baş verə bilər ki, Ermənistanın de-yure varlığı parçalanmış vəziyyətə gələ bilər.

Bu baxımdan, Ermənistanın Rusiyanın çətirindən çıxıb Qərb orbitinə doğru tullanmasının regional fəsadları daha çox İrəvana toxunacaq.

Çünki Rusiya ilə Qərbin maraqlarının bir-birinə qarşı kəskin şəkildə itilənməsinin fonunda Ermənistan böyük güclər arasında düzgün manevr etmək üçün lazım olan müvazinəti itirir.

Strateji balansın itirilməsi Ermənistanın aktivlərini azaldır, lakin İrəvan hələ də ümid bəsləyir ki, Moskvadan çox məyus olduğu bir vaxtda o, Qərbi kompensasiyaedici təhlükəsizlik zəmanətinə çevirə biləcək.

Çünki baş nazir Nikol Paşinyan dəfələrlə Rusiyanı Ermənistanı Azərbaycanın davam edən təzyiqlərindən qoruya bilməməkdə ittiham edib və bu fonda onun Qərbə zillənən baxışları diqqət cəlb edir.

Ermənistanın hərəkətləri onun Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü də şübhələr altında saxlayır.

Əslində, Paşinyan KTMT-dən incikliyini qeyd edir, Moskvaya siqnal ötürür ki, sizin Ermənistanın taleyi üçün biganə qalmağınız Qərbin əlinə oynayır.

Rusiyanın KTMT formatında Ermənistana dəstəyinin qarşısını alan faktorlardan biri də təşkilatda, əsasən, Belarus və Qazaxıstanın Azərbaycana qarşı yekdil qərarlardan boyun qaçırmalarıdır.

Lakin məsələnin daha qaranlıq tərəfi elə Rusiyanın ambisiyalarının işığı ilə aydınlaşır, çünki Moskva üçün regional iddialarını təmin edə biləcək təməllərdən biri Ermənistana müdaxilə üçün imkanlar qazanmaqdır.

Moskva qeyd edilənlərin kontekstini iki baxış bucağı ilə inkişaf etdirir:

1. KTMT qüvvələrinin Cənubi Qafqazda yerləşməsini təmin etmək;

2. Bir neçə səbəbdən və hətta Moskvanın da müəyyən istəksizliyindən dolayı KTMT-nin yerləşməsi baş tutmursa, bundan Ermənistana qarşı maksimal təzyiq kimi istifadə etmək.

Bu variantlar Kremlin nəzərində bir-birilə koordinasiyaya malikdir, yəni yekun məqsəd Ermənistanın dibə salınıb boğulmasına nail olmaqdır.

Ermənistan məsələdə alternativ kartlarla özünü üstün mövqelərə çıxarmaq üçün Roma Statutunun parlamentdə ratifikasiya edilməsinə çalışır.

Yəni Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra Putin Ermənistan gəlsə, qolları qandallana bilər. Hərçənd, Roma Statutu hələ İrəvan tərəfindən ratifikasiya edilməyib.

Hər bir halda, Rusiya-Ermənistan arasındakı sürtünmələr Azərbaycan üçün regionda erməni amilindən irəli gələn açıq qalan məsələlərin həlli üçün fürsətlər verir.

Azərbaycan öz hərəkətlərinin trayektoriyasını müəyyən etməkdən ötrü Rusiya ilə də, Qərblə də danışıqlarını uzlaşdırır, lakin Ermənistanla sərhəd məsələlərinin həllində razılaşmalar daha çox Bakı-Moskva xəttində qabara bilər.

PROQNOZLAR

Ermənistanın beynəlxalq sülhməramlı missiyalara hazırlıq çərçivəsindəki ABŞ ilə birgə keçirəcəyi hərbi təlimlərdən sonra Rusiyanın İrəvana qarşı təzyiqlərində yeni hərəkat başlana bilər. Burada Ermənistanda vətəndaş qarşıdurması yaratmaq ssenarilərindən də bəhs etmək olar.

Lakin bu da mümkündür ki, Paşinyan situativ gediş üçün Moskva ilə sövdələşmələrə can atsın. Bununla belə, bunun geniş regional perspektivi Ermənistanı üfüqdə yaxşı mövqeyə yerləşdirməkdən uzaqdır, çünki İrəvanla bağlı planlar dünya siyasi sisteminin damarında dövran edir.

Azərbaycanın regional şəraitdən və geosiyasi konyunkturun real praktiki tərəflərindən yararlanaraq Ermənistanın təxribatlarına cavab kimi sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başladacağı da istisna oluna bilməz.

Aqşin Kərimov 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir