Siyasət

Aydın Hüseynov: “Bakı Xankəndidəki separatçıların nazı ilə oynamayacaq”

Sharing is caring!


“Xankəndidəki separatçı rejim öz media resursları ilə Bakı ilə danışıqlara hazır olduğunu və yalnız bu istiqamətdə danışıqlar üçüncü tərəfin iştirakı ilə mümkün olacağını deyir. Bu tamamilə absurd yanaşmadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisindəki qondarma qurum Bakıya hansısa diktəni edə bilməz. Belə olan halda Bakı Xankəndidəki separatçıların nazı ilə oynamayacaq. Biz öz fikrimizi dəfələrlə bəyan etmişik. Ya Azərbaycanın qanunları çərçivəsində yaşamalıdırlar, ya da çıxıb getməlidirlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O əlavə edib ki, Bakı ilə İrəvanın arasının gərginləşməsi üçün erməni lobbisi və separatçıların xaricdəki havadarları da aktiv fəaliyyətdədirlər:

“Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də açıqlamasında konkret olaraq Bakının mövqeyini bildirdi. Bakı Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının tələblərinə uyğun olaraq Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırdır. Üstəlik, Bakı reinteqrasiya prosesini təmin etmək və yolları açmaq prinsipini rəhbər tutaraq Qarabağ ermənilərini sosial, siyasi və bir sıra digər məsələləri müzakirə etmək və gündəliyi müəyyən etmək üçün birbaşa təmasda olmağa dəvət edib.

İrəvan və Fransada erməni lobbiləri davamlı olaraq beynəlxalq ictimaiyyəti Qarabağdakı ermənilərin ac qaldığına inandırmağa çalışırlar. Ermənistan parlamentinin deputatı Torosyan Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki ermənilərin ac qalması ilə bağlı jurnalistlərin sualında cavab olaraq: “Orada aclıq yoxdur, şişirtmək lazım deyil”, – demişdi.  Görürsünüz, artıq Ermənistan parlamentariləri də bu şouya inanmırlar. Bu günlərdə Xankəndidəki separatçı rejimin rəhbəri Arayik Arutyunyan “istefa” ərizəsini yazıb, imzaladığını bildirdi. Yəni ki, artıq həmin qüvvələr də Azərbaycanla diktə formasında danışmağın mümkün olmadığını başa düşdülər. Xunta rejimi anladı ki, Azərbaycanın gücü qarşısında nəinki Ermənistan, hətta dünyadakı güclü lobbiləri və havadarları da heç nə edə bilməzlər.

Qondarma hökuməti əvəz edənlər də Bakının sərt üzünü görəcəklər. Bir daha deyirəm, rəsmi Bakının səbri tükənməz deyil. Biz 44 günlük müharibədən sonra bölgəyə ermənilərin gəlməsi ilə bağlı ona görə razılıq verdik ki, bölgədə reinteqrasiya prosesi təmin edilsin, sülh yaransın. Amma bu gün bizim humanist addımımızdan istifadə etməyə çalışan güclərin fəallaşdığını görürük. Təəssüf ki, Rusiya sülhməramlıları da üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, İrəvandakı revanşistlərin də dəstəyi ilə Ermənistandan Qarabağa silah və hərbçilərin daşınmasına şərait yaradırlar. Noyabr razılaşmasının 4-cü bəndi, yəni sülhməramlıların bölgəyə gəlişi ilə paralel erməni silahlıların bölgəni tərk etməsi yerinə yetirilmir. Bu gün Qarabağdakı ermənilər üçün göndərilən yardım Ağdam-Xankəndi yolunda qalıb”.

Deputat söyləyib ki, 30 il ərzində Azərbaycan əraziləri ekoloji, humanitar terrora məruz qalıb, insanlar yurd-yuvalarından didərgin düşüblər. Bunun əvəzində Bakı humanist addım atır, bölgədə sülh və əmin-amanlığın yaradılması üçün səy göstərir, əvəzində isə erməni xislətini görür.

“Buna da bir daha təkrarlayıram, nə Azərbaycan xalqı, nə Azərbaycan ictimaiyyəti, nə də ordumuz göz yumacaq. İstər Ermənistandakı revanşistlərin, istərsə də Qarabağda separatçı rejimin Bakının diktəsini qəbul etməkdən başqa yolları qalmayıb. Ya Qarabağdakı ermənilər xoşluqla qanun çərçivəsində yaşamağı, Ermənistan isə sülh müqaviləsini bağlamağı qəbul edəcək, ya da bizim tərs üzümüzü bir daha görüb buna məcbur ediləcəklər”, – deyə Aydın Hüseynov əlavə edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir