Siyasət

BBC-dən Azərbaycana qarşı təxribat – ŞƏRH + FOTO

Sharing is caring!


Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Qarabağla bağlı hazırladığı veriliş təəssüf və hiddət doğurur. Aparıcısı Kristian Frezerin olduğu “Context” verilişində iki erməni Qarabağdakı hadisələrlə bağlı danışır. Daha doğrusu, nağıl söyləyir, hədyan səsləndirir.

Onlardan biri musiqiçi Serj Tankiyan, digəri isə Artak Beqlaryandır. Veriliş “Dağlıq Qarabağda humanitar böhran” başlığı ilə təqdim olunub. Danışanlar da bu mövzuda ənənəvi erməni fikirlərini təqdim edirlər.

BBC Britaniyanın ictimai yayım xidmətçisidir. Hökumətlə açıq-gizli əməkdaşlığı var. Həmişə qərəzsizliyi özünün kredosu elan edən BBC-nin təqdimatının özü başdan-ayağa qərəz və ədalətsizlikdən ibarətdir.

Necə yəni böhran? Qarabağda böhranmı var? İkincisi, niyə BBC Qarabağ adının önünə “Dağlıq” sözünü də yapışdırır? Axı Dağlıq Qarabağ deyilən bir ərazi yoxdur. Qarabağ iqtisadi rayonu var. Bu da Azərbaycan ərazisidir, vəssalam.

Bu, qərəzin birinci hissəsidir.

İkinci hissə – danışanların hədyanlarıdır. BBC yalnız iki erməninin həyasız tezislərinə yer verir. Heç Azərbaycan tərəfinin mövqeyi işıqlandırılmır.

Üçüncü hissə budur ki, BBC Artak Beqlaryanı “Artsax respublikasının keçmiş ombudsmanı” kimi tanıdır. Bu qədəri də yox! Axı Qarabağda heç zaman dövlət olmayıb. Hələ Azərbaycan-Ermənistan münaqişəsi zamanı qondarma rejimin “müstəqilliyini” heç bir ölkə tanımamışdı.

İndi isə o qondarma rejim də tarixin arxivinə gömülüb. Azərbaycan yeni reallıq yaradıb. Bəs görəsən, BBC-yə nə gəlib ki, “Artsax respublikası” ifadəsindən istifadə edir?

Bu, erməni təbliğatının dilidir. Bu, Ermənistanın işğalçılıq siyasətinin propaqandasını aparmaqdır.

Özü də BBC özünə peşəkar deyir. Bu boyda qələtdən sonra hansı peşəkarlıqdan danışmaq olar? Bunlar ritorik suallardır.

Böyük Britaniya ilə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Britaniya özü Azərbaycanın mövqeyini ikiəlli dəstəkləyir. BBC isə özünü göydən zənbillə düşmüş kimi aparır.

Utanmasan, oynamağa nə var ki… BBC, yaxşı olar ki, səhvini düzəltsin. Hətta peşəkar media orqanıdırsa, etdiyi rəzilliyə görə Azərbaycandan üzr də istəməlidir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir