Siyasət

“BQXK itkin düşən azərbaycanlıların taleyinin araşdırılmasında hələ də çox passivdir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Birinci Qarabağ müharibəsindən sonra dörd minə yaxın itkin vətəndaşımız var. Onlar vaxtilə ermənilər tərəfindən əsir götürülüb və yaxud qətlə yetiriliblər. İtkinlərin taleyi haqqında məlumatları erməni tərəfi ciddi-cəhdlə gizlədir”.

Bu sözləri Oxu.Az-a 30 Avqust – Beynəlxalq İtkinlər Günü ilə bağlı açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. O qeyd edib ki, dəfələrlə danışıqlarda məsələnin gündəmə gətirilməsinə baxmayaraq, Ermənistan kütləvi məzarlıqların yerini də açıqlamayıb:

“Ermənilər konkret məlumat vermədiklərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqları ciddi araşdırıb, tapılan qalıqlardan müvafiq analizlər götürərək uyğun nəticələr əldə ediblər. Bu günə qədər Azərbaycan öz gücü ilə taleyi məlum olmayan həmin şəxslərin bir hissəsinin harada dəfn edildiyi, hansı istiqamətdə güllələndiyi, başına nə gəldiyinə aydınlıq gətirib. Ən mühüm məsələlərdən biri odur ki, vaxtilə azərbaycanlıların güllələnib, kütləvi məzarlıqlarda basdırılmasına şahid olan vətəndaşlarımızın arasında sağ qalanları da var. Bu proseslərdə onların verdiyi izahatlardan istifadə edilib.

Ermənistan tərəfi öz boynuna düşən məsələləri yerinə yetirmir. Çünki bilir ki, törətdikləri cinayətlərə görə gələcəkdə cavab verməli olacaq. Əsas məqam budur ki, prosesdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) çox passiv hərəkət edir. Eyni zamanda, vaxtilə ATƏT-in keçmiş Minsk qrupu, orada təmsil olunan dövlətlər də sadəcə, deklarativ bəyanatlarla yadda qaldılar. Demək olar ki, bütün əldə olunan nəticələr Azərbaycanın öz hesabınadır. Faktiki olaraq, əsir və girovluqda olan şəxslərin geri qaytarılması, ermənilər tərəfindən qətlə yetirilənlərin nəşlərinin alınması, kütləvi məzarlıqların aşkar edilib, şəhidlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və s. məsələlər öz gücümüzə əldə edilib. Bu, müqəddəs bir işdir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar insan hüquqları ilə bağlı, sadəcə, saxta bəyanatlar verməklə yadda qaldılar”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir