Siyasət

“İtkin düşən hər bir şəxsin taleyi müəyyən olunana qədər mübarizəni davam etdirəcəyik” – ŞƏRH + FOTO

Sharing is caring!


“30 Avqust – Beynəlxalq İtkinlər Günüdür. Azərbaycan Beynəlxalq İtkinlər Gününü hər il qeyd edir və Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş hesab olunan 3 900-dən çox azərbaycanlının taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq təşkilatlara müraciətlər olunur”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birbaşa əsir götürülmüş və itkin düşmüş şəxslərlə məşğul olmalı, müraciətlərə baxmalı və monitorinqlər aparmalıdır:

“BQXK Birinci Qarabağ müharibəsindən sonra 54 nəfər itkin düşmüş şəxs barəsində məlumatlar qeydə alındığını, lakin onlardan 17 nəfərin öldüyünü bildirməklə kifayətlənib. Hətta BQXK qeydiyyata alınan 54 nəfərdən 40 nəfərin taleyi ilə sonradan maraqlanmayıb və həmin şəxslər barəsində məlumatlar yoxa çıxıb. Bu, BXQK-nın “Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya”nın tələblərini pozması deməkdir.

BQXK itkin düşmüş 3 900-dən çox azərbaycanlının taleyi ilə maraqlanmadığı halda Qarabağda yaşayan 30 min erməniyə humanitar yardım göstərilməsi üçün canfəşanlıq göstərir. Qurumun bu addımı isə ikili standartlardan irəli gəlir. Halbuki, BQXK məsələlərə neytral yanaşmalı və fərq qoymadan bütün humanitar problemlərlə məşğul olmalıdır. Təəssüf ki, komitə ancaq Xankəndidən Ermənistana daşımalarla məşğuldur və hətta qaçaqmalçılıq əməlləri sərhədçilərimiz tərəfindən ifşa olunub.

Azərbaycan bu gün humanitar problemlərə ən çox məruz qoyulmuş ölkədir. Hətta bir milyondan çox qaçqın və məcburi köçkünümüz uzun illər əzablı, ağır həyat yaşamalı olub. Bəs o vaxt BQXK hara baxırdı? Azərbaycan özünün tapdalanmış hüquqlarını bərpa etdi və bu gün beynəlxalq təşkilatlardan da ədalətli yanaşmaları tələb edir. İşğaldan azad olunmuş ərazilərdə itkin düşmüş şəxslərin basdırıldığı kütləvi məzarlıqlar aşkar olunur. Azərbaycan itkin düşmüş hesab olunan hər bir şəxsin taleyi müəyyən olunana qədər mübarizəni davam etdirəcək. Həm də bundan sonra hamının bizə hörmətlə yanaşmasını tələb edəcəyik”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir