Siyasət

Fransız komissiya sədri: “Parisdə hələ də anlamırlar ki, Azərbaycan itirdiyi torpaqlarını geri qaytarıb”

Sharing is caring!


“Fransada hələ də bir çox insan anlamayıb ki, Azərbaycan 30 il bundan əvvəl itirdiyi torpaqları geri qaytarıb”.

Bu fikirləri “Report”un yerli bürosuna Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh ən vacib məsələdir:

“Paris bu məsələdə Bakı və İrəvan arasında vasitəçilik edə bilər. Lakin əsas odur ki, hər iki tərəf sülh istəsin. Tərəflərin bir-birinə inamı olduğu halda davamlı sülhə nail oluna bilər”.

J.Şenel hesab edir ki, Sovet İttifaqının süqutu zamanı respublikaların müəyyən edilmiş sərhədləri qüvvədə qalmalıdır:

“Ümumiyyətlə, sərhədlərə heç zaman toxunulmamalıdır. Azərbaycanın sərhədləri Ermənistan tərəfindən pozulmuşdu və Bakı da işğal olunmuş torpaqlarını geri qaytarıb. Bu mənə Fransanın 1914-cü ildə nəyin bahasına olursa-olsun Elzas və Lotaringiyanı geri qaytarmaq istəyini xatırladır. Sonda Fransa öz torpaqlarını geri qaytardı. İnsanların öz torpaqlarını geri qaytarmaq istəklərini başa düşmək lazımdır. Lakin Fransa bu torpaqları geri qaytarmaq üçün dörd il müharibə etdi və milyonlarla insan həlak oldu. İndi Azərbaycan ilə Ermənistan arasında müharibə bitib, hər iki tərəfin ortaq mövqeyini öyrənmək lazımdır. Sovet İttifaqı dağılmazdan öncə hər iki xalq birlikdə yaşayıb, işləyib. Həmin vəziyyətə yenidən qayıtmaq lazımdır. Buna nail olmaq vaxt və böyük səy tələb edir. Lakin bu mərhələdə digər ölkələr nə Azərbaycanı, nə də Ermənistanı qızışdırmalıdırlar. Öz maraqları naminə heç bir tərəfi bir-birinə qarşı qoymamalıdırlar”.

Milli Komissiyanın sədri bildirib ki, Fransada hələ də Azərbaycan ilə Ermənistan arasında olan problemin mahiyyətini başa düşməyən insanlar var:

“O insanlar hələ də anlamayıblar ki, geri qaytarılan ərazilər 30 il bundan öncə itirilən torpaqlardır. Halbuki, burada söhbət heç də uzaq tarixdən getmir. Biz XIX əsrdə olanlardan yox, yalnız 30 il bundan əvvəl olanlardan danışırıq. Təəssüflər ki, bilməzlik Fransada əsl problemə çevrilib. Bu insanlar məsələ barədə çox az məlumata malikdirlər”.

J.Şenel Fransadakı erməni diasporunun mənfi roluna da toxunub:

“Fransada erməni diasporu çoxluq təşkil edir. Həm də güclü təsir gücünə malikdir. Erməni mənşəli fransızlar çoxsaylı olduqları üçün deputatlar onların səslərini itirməməyə çalışırlar. Əks təqdirdə seçilmələri çətin olar. Bu səbəbdən də deputatlar öz seçki dairələrində yaşayan ermənilərlə yaxşı münasibətlər qurmaqda maraqlıdırlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir