Siyasət

Güneyli fəal: “Dünya ictimaiyyəti Urmiya gölünün qurudulma təhlükəsinə biganə qalmamalıdır” – FOTO

Sharing is caring!


“Dünya ictimaiyyəti Urmuya gölünün qurudulma təhlükəsinə biganə qalmamalıdır”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Almaniyada yaşayan Güney Azərbaycandan olan fəal, Berlində Azərbaycan Mədəniyyət və Ədədbiyyat Evinin müdiri, yazar Şərifə Cafəri bildirib.

Ş.Cafəri deyib ki, İranda Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən Urmiya gölü duzluluq dərəcəsinə görə dünyada üçüncü yeri tutur və dünya ekosistemində əhəmiyyətli yerə malikdir.

Yazarın sözlərinə görə, 20 ildir İran dövlətinə gölün qurudulmaması üçün müxtəlif təkliflər verilsə də, bunlar baxılmamış qalıb:

“İranın ətraf mühit və kənd təsərrüfatı nazirləri də etiraf etdilər ki, gölün qurudulması təhlükəsinə qarşı müvafiq tədbirlər görülməlidir. Amma fikirlərindən belə aydın oldu ki, dövlətin hüquq-mühafizə orqanlarının razılığı olmadan hökumət bu tədbirləri həyata keçirə bilməz. Suyun süni vasitələrlə sürətlə buxarlanmasına şərait yardılması, ərazidə şəkər-qənd zavodunun tikilməsi də göldən su çəkilməsi məqsədi daşıyırdı. Çünki şəkər plantasiyaları çoxlu su tələb edir. Gölün içərisində qaynayan bulaqların gözünün tutulması da məqsədli şəkildə edilib. Bunu rəsmi mənbələr də təsdiq etdilər. Vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin məsulu olan İsa Kələntəri, ətraf mühit üzrə rəsmi şəxs olan Məsumə İbtikar da faktlarla mətbuatda çıxış etdilər”.

Soydaşımız qeyd edib ki, gölün qurumaması üçün təcili tədbirlərin görülməsi vacibdir:

“Gölə 50-dən çox sədd çəkilib. Bu sədlərin qarşısı açılsa, qurudulma təhlükəsi aradan qalxar”.

Yazar onu da vurğulayıb ki, əsasən Güney Azərbaycan əhalisinin məskunlaşdığı, Urmiya şəhərinin yaxınlığında yerləşən bu ərazinin səhralaşdırılması əhalinin məcburi miqrasiyasına səbəb olacaq ki, bundan da ən çox Azərbaycan türkləri ziyan çəkəcək:

“Dinc aksiyalar keçirən qadınlarımız İranda həbslərə, təzyiqlərə məruz qalıblar. Ona görə də ekosistemə həssaslıqla yanaşan bütün dünya ictimaiyyətini, Türkiyə və Azərbaycandan olan soydaşlarımızı bu mübarizəmizdə bizə dəstək verməyə çağırırıq”.

Ş.Cafəri əlavə edib ki, turizm baxımından əsrarəngiz bir ərazinin quruması radiasiya mənbəyinə çevrilir:

“13 milyard tondan çox duzu olan gölün sahəsi 5822 kvadratkilometrdir. Bu gölün səhralığa çevrilməsi duz fırtınasına səbəb ola bilər ki, nəticədə orada insan və digər canlılar yaşaya bilməz”.

Qeyd edək ki, bu gün Ankarada Azaflı Sosial Yardım və Kültür Dərnəyinin ofisində Güney Azərbaycan Kültür Mərkəzi və Güney Azərbaycanlı soydaşlarımızın bu məsələ ilə bağlı mübarizəsini Türkiyə ictimaiyyətinə çatdırmaq məqsədilə “Urmiya gölü qurumasın” adlı mətbuat konfransı keçirilib.

Tədbirdə Güney Azərbaycandan olan jurnalist, yazar Məsud Haray bildirib ki, həftədə 4 kilometr sürətlə artan zəhərli duzlaşma 60 kilometrlikdə yerləşən Türkiyə, eləcə də Azərbaycan (Naxçıvan), Ermənistan, Suriya, İraq üçün də təhlükədir.

Tədbirdə gölün hazırkı vəziyyətini, ətrafda yaşayan azərbaycanlıların ağır güzəranını əks etdirən videomaterial nümayiş etdirilib.

Eyni mövzuda tədbir ötən gün İzmirdə də baş tutub, avqustun 26-da isə İstanbulda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir