Siyasət

Devid Satter: “İran aqressiya gücündə olmamalıdır, o cümlədən Azərbaycana qarşı da” – ŞƏRH

Sharing is caring!


Cənubi Afrika Respublikasında keçirilən BRICS-in XV sammiti bu təşkilatın genişləndirilməsi ilə bağlı qərarla yekunlaşıb. Bundan əlavə, forum iştirakçıları dollardan ehtiyat valyuta kimi imtina mövzusunu müzakirə ediblər. İkinci məsələ ilə bağlı, görünür, konkret qərar qəbul olunmayıb. BRICS ölkələri öz aralarında hesablaşmanı milli valyutalarda aparmağa çalışsalar da, heç kim dollardan imtina etməyəcək.

Genişlənməyə gəlincə, gələn il təşkilata İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Argentina, Misir və Efiopiya daxil olacaq. Təşkilatın adı dəyişməyəcək, çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediyi kimi, BRICS artıq brenddir.

Rusiya və Çin mediası indiyədək heç bir BRICS toplantısının 15-ci sammit kimi böyük maraq doğurmadığını yazıb. Amma görünür, bu bir qədər şişirdilib. Hər halda, tanınmış amerikalı jurnalist, politoloq, Rusiya-ABŞ münasibətləri üzrə ekspert Devid Satter Oxu.Az-a şərhində ABŞ-də forumun o qədər də izlənilmədiyini bildirib.

Bəs İranın bu təşkilata üzv olması qonşu dövlətlər üçün nə deməkdir? Belə bir addım İranın güclənməsinə səbəb olacaqmı? Həmçinin, belə bir addım təşkilat üçün nə qədər faydalıdır, çünki BRICS-in artıq maksimum beynəlxalq sanksiyalar altında olan iki ölkəsi olacaq – Rusiya və İran.

Ekspert bildirib ki, bu suala düzgün cavab vermək üçün BRICS-ə üzvlüyün, əslində, nə demək olduğunu, hansı üstünlükləri verdiyini, sanksiyalar altında olan iki üzvünün olduğu təşkilata qoşulacaq digər ölkələrin hansı vəziyyətdə olacaqlarını bilmək lazımdır.

“Buna görə də cavablardan çox, suallarım var”, – deyə o əlavə edib.

Politoloq İranın BRICS-in siyasi dəstəyini hiss edəcəyi təqdirdə biri də Azərbaycan olan qonşu ölkələrə qarşı münasibəti ilə bağlı da düşüncələrini bölüşüb. O, ABŞ və İsrailin Tehranın aqressivliyini mümkün qədər məhdudlaşdırmaqda maraqlı olduqlarını, özü də bu məsələdə İranın BRICS-ə üzvlüyünün heç bir əhəmiyyəti olmadığını vurğulayıb.

“İran aqressiya gücündə olmamalıdır, o cümlədən Azərbaycana qarşı da. Vaşinqton, təkrar edirəm, İranın imkanlarını maksimum dərəcədə məhdudlaşdırmaqda maraqlıdır”, – deyə Satter sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir