Siyasət

Azərbaycanlı itkinlərin taleyi: Ermənistana “gözün üstə qaşın var” deməyən BQXK – FOTO

Sharing is caring!


“Beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) indiyədək itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində ciddi addım atmayıblar, müsbət nəticə verəcək fəaliyyət göstərməyiblər”.

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.

O qeyd edib ki, BQXK bütövlükdə humanitar problemləri əhatə etməyə çalışan və bu sahədə fəaliyyət göstərən qurumdur. Dövlət konkret faktlarla bağlı BQXK-ya müraciət edir və bundan sonra komitə hərəkətə keçir:

“Ancaq reallıq bundan ibarətdir ki, BQXK ötən 30 il ərzində itkin düşən azərbaycanlılarla bağlı bir sıra aşkar faktların üzərindən sükutla keçib. Ermənilər heç bir xəstəliyi, yarası olmayan azərbaycanlıları girov götürüblər, yaxud belə şəxslər düşmənə əsir düşüblər. Azərbaycan bununla bağlı məlumatları və faktları BQXK-ya təqdim edib. Ancaq komitə heç bir tədbir görməyib, əsir və girov şəxslərin Azərbaycana qaytarılması istiqamətində addım atmayıb. Söhbət məhz müharibə əsirlərindən gedir”.

Ekspert söyləyib ki, əsir və itkin düşmüş şəxslərin taleyi, hüquqları ilə bağlı beynəlxalq məhkəmədə məsələ qaldırılmalıdır.

Onun fikrincə, nəticə əldə etmək üçün işi sistemli qurmaq lazımdır.

“Doğrudur, beynəlxalq ictimaiyyətə itkinlərlə bağlı müraciət edirik, müxtəlif platformalarda məsələni gündəmə gətiririk. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat verib. Amma fikrimcə, nəticəyə məhz məhkəmə vasitəsilə nail olmaq mümkündür. Çünki bu istiqamətdə müxtəlif konvensiyalar var, həmin konvensiyalar Ermənistanı beynəlxalq məhkəmələr vasitəsilə bu barədə məlumat verməyə məcbur edər. Girovlar, itkin düşmüş vətəndaşlarımız haqqında məlumatı birbaşa əldə etmək üçün onların müharibədən sonrakı taleyi barədə məsələni BMT-yə çıxarmaq lazımdır. Bu istiqamətdə Azərbaycan XİN və ya Baş Prokurorluq səy göstərməli və məhkəmə keçirilməsinə nail olmalıdırlar”.

S.Məmmədli bildirib ki, Azərbaycanda bu praktika çox zəifdir:

“Ekoloji terrorla bağlı müraciət etmişik, mədəni irsin dağıdılması ilə bağlı iddia qaldırılıb, amma işğal faktı ilə əlaqədar bütövlükdə müraciət etməmişik. Beynəlxalq təcrübədə belədir ki, məhkəmələrə ayrı-ayrı konvensiyalara görə müraciət etmək olur, ümumi şəkildə müraciət etmək beynəlxalq praktikada tətbiq olunmur. İnsanların yaşamaq hüququ var. Bu maddə ilə biz indiyədək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməmişik, amma etməliyik. Məhkəmələrdən kənar gərək ancaq Ermənistanın xoş niyyəti olsun. Həqiqətən, sülhə, qonşuluq siyasətinə hörmətlə yanaşsın ki, bu addımı atsın. Hazırda isə Ermənistan, sadəcə, manipulyasiya ilə məşğuldur”.

Ekspert onu da qeyd edib ki, Qarabağla bağlı dünya dövlətləri – ABŞ və başda Fransa olmaqla Qərb ölkələri həmişə ikili münasibət sərgiləyirlər:

“Ermənistana daim himayədarlıq edirlər. O da bu himayəyə arxalanır. Digər tərəfdən isə Ermənistan bilir ki, kütləvi məzarlıqların olduğunu qəbul etsə, cinayəti boynuna almış kimi görünəcək, ona görə də daim boyun qaçırır. Amma çox təəssüf ki, beynəlxalq ictimaiyyət də məsələyə laqeyd yanaşır. I Qarabağ müharibəsində əsir düşmüş və girov götürülmüş vətəndaşlarımızın sağ-salamat olmaları haqqında beynəlxalq mətbuatda bir neçə dəfə məlumat gedib. Məsələn, vaxtilə əsir götürülmüş Natiq Qasımov haqqında geniş məqalə yayımlanmışdı. Fransa mətbuatı da bu haqda yazmışdı. Amma sonra bu əsirin taleyi barədə heç bir məlumat verilmədi.

Türkiyə jurnalistləri bir neçə il əvvəl material dərc etmişdilər ki, Zod qızıl yatağında Azərbaycan əsirlərinin əməyindən istifadə edilir. Ermənistan isə bunu da təkzib edir, kütləvi məzarlıqların harada olması barədə də məlumatının olmadığını iddia edir. Amma biz bilirik ki, bizim nə qədər insanımız Şuşa həbsxanasında saxlanılıb. Orada isə hər şey qeydiyyata salınırdı. Onların dili ilə desək, həbs olunan şəxslər haqqında bütün məlumatlar sənədlərdə əks olunurdu. Yəni Ermənistan bu informasiyanın böyük hissəsinə malikdir. 3 900 nəfərin taleyi haqqında materialın olmaması mümkün deyil. Bəzi xarici informasiya vasitələrində hətta belə məlumatlar əks olunurdu ki, Livanda olan orqan mafiyası bizim itkin düşmüş insanlarımızdan istifadə etməyə çalışıb”.

S.Məmmədlinin fikrincə, Ermənistan nə sülh müqaviləsi bağlamaq, nə də qonşuluq siyasəti yürütmək istəyir:

“Xarici ölkələrin təhriki ilə revanş haqqında düşünür. Bunlar boş xülyalar olsa da, vaxt gedir, məsələ uzanır. Beynəlxalq güc mərkəzləri – ABŞ, AB, Rusiya həmişə işğalçı ilə işğala məruz qalan tərəfi bərabər tuturlar. Ona görə də Azərbaycan XİN məsələ qaldırmalıdır. BMT qətnamələri var və orada da yazılır ki, erməni silahlı dəstələri çıxarılsınlar, girov götürülmüş insanlar azad edilsinlər. Amma bunlara riayət olunurmu? Xeyr. Güc mərkəzləri, təəssüf ki, Azərbaycana ikili münasibət göstərirlər. Ukraynada hazırda müharibə gedir, amma artıq beynəlxalq tribunaldan danışırlar, Rusiyanın əraziləri bərpa etməyə məcbur edilməsi müzakirə edilir. Ermənistanla bağlı isə beynəlxalq güc mərkəzləri belə məsələlər qaldırmırlar. Qarabağ müharibəsi ilə əlaqədar beynəlxalq tribunalın yaradılması məsələsi bu günə kimi gündəmə gəlməyib. Amma bu yaradılmalı, canilər beynəlxalq axtarışa verilməli və işğal, təzminat, insanlara işgəncə verilməsi kimi faktlar sistemli şəkildə gündəmə gətirilməlidir”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 3 890 Azərbaycan vətəndaşı itkin düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir