Siyasət

“Ermənilərə Rusiya pasportu verib Xankəndiyə yığanların planları baş tutmadı” – ŞƏRH + FOTO

Sharing is caring!


Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, üstəlik, Qarabağda separatçılığı dəstəkləyən insanlardır.

Bununla bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Azər Badamov xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda çox az erməni qalmışdı. Deputatın fikrincə, bu gün Qarabağda qalmaqda olan 25-30 min ermənini sülhməramlılar gətiriblər və onların heç də hamısı 1990-cı ildən əvvəl Qarabağ sakinləri olmayıb:

“Onlar Qarabağa Rusiya pasportları verilərək, böyük gələcək vəd olunaraq gətirilmişdilər. Amma Vətən müharibəsində yaratdığımız yeni reallığı heç kim dəyişdirə bilmədi. Müharibənin başa çatdığı üç ilə yaxın müddətdə Azərbaycan mövqelərini beynəlxalq müstəvidə hüquqi normalarla möhkəmlətdi. Məhz ona görə Ermənistan və onun havadarlarının beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri boş çıxır. Axırıncı dəfə belə bir cəhd 16 avqustda BMT Təhlükəsizlik Şurasında baş verdi. Amma Azərbaycan diplomatiyasının uğuru sayəsində Ermənistanın qaldırdığı məsələlər heç müzakirə belə, olunmadı. İclasda humanitar məsələlərin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirildi. Ondan əvvəl də Ermənistan Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Orada da rəsmi İrəvanın iddiası qəbul olunmadı və Laçın yolunda heç bir blokadanın olmadığı, Azərbaycanın təklif etdiyi marşrutlardan istifadə edilməsi tövsiyə olundu”.

Azər Badamov qeyd edib ki, bu gün artıq Qarabağda heç bir dairənin saxta arzuları reallaşmır:

“O cümlədən, iki il yarım Rusiya pasportunu qoltuğuna qoyaraq, erməniləri Xankəndiyə yığanların planları da baş tutmadı. Qarabağda yaşayan ermənilər artıq anlamağa başlayıblar ki, onların Azərbaycan qanunlarını qəbul edərək yaşamaqdan başqa yolları yoxdur. Ona görə Rusiya pasportlu ermənilər Qarabağı tərk edirlər. O cümlədən, Arayik Arutyunyan da ailəsini Xankəndidən çıxarıb.

İndi həm də Qarabağdakı saxta rejim rəhbərləri arasında ziddiyyətlər və qarşıdurmalar dərinləşir. Belə ki, saxta parlamentin sədri istefa verdi və onun yerinə başqa birisini güclə tutub, oturdublar. Ruben Vardanyanla Arayik Arutyunyan arasında münaqişə qızışır. Vardanyan Arutyunyanı məsələləri həll etməməkdə ittiham edərək, erməni əhali qarşısında cavab verməli olduğunu açıq şəkildə bəyan edir. Vardanyan da Rusiyanın tapşırığı ilə gəldiyindən yuxarıdan icazə olmadan geri dönə bilmir. Amma onun da ərazilərimizdə qalması çox çəkməyəcək”.

Deputatın sözlərinə görə, Qarabağda qalmaqda olan Ermənistanın qeyri-qanuni silahlıları başlarını qaldıra bilmirlər:

“Belə ki, yerlərin dislokasiyası və fortifikasiya qurğularının qurulması üçün edilən bütün cəhdlərin qarşısı alınır. Demək olar ki, Qarabağdakı qeyri-qanuni silahlılar hərəkətsiz vəziyyətdədirlər. Hesab edirəm ki, onlar yaxın zamanlarda silahlarını yerə qoyaraq ərazilərimizi tərk etmək üçün Azərbaycandan xahiş edəcəklər. O cümlədən Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya üçün xahiş edəcəkləri vaxt uzaqda deyil. Qarabağ Azərbaycandır və orada dövlət quruluşunun bərpası labüddür”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir