Siyasət

Azərbaycanlılar BMT-nin Gürcüstan ofisi qarşısında aksiya keçiriblər – FOTO

Sharing is caring!


Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri BMT-nin Gürcüstan ofisi qarşısında dinc aksiya keçiriblər.

“Report”un Gürcüstan müxbiri xəbər verir ki, aksiyaya səbəb BMT-nin Ermənistanın Azərbaycana qarşı etdiyi haqsızlıqlara heç bir münasibət bildirməməsi və susmasıdır.

Marneuli İnteqrasiya Mərkəzinin direktoru Murad Muradovun sözlərinə görə, Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri Azərbaycana toxunan məsələlərlə bağlı narahatlıqlarını bildiriblər. Onlar BMT kimi nüfuzlu təşkilatın Azərbaycanı narahat edən bütün məsələlərə ədalətli, balanslı reaksiya verməsini tələb ediblər.

Aksiya iştirakçısının sözlərinə görə, Ermənistanın ətraf mühitə vurduğu ciddi ekoloji ziyan BMT-nin diqqət mərkəzində olmalıdır. Çünki erməni vəhşiliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii sərvətlərimiz istismar olunub və bunun nəticəsində ətraf mühitə ciddi ziyan dəyib. 60 000 hektardan çox meşə fondu dağıdılıb, qiymətli meşəlik ərazilər tükənib, milli varlığımızın tərkib hissəsi olan çaylarımız hələ də çirklənir və bu da yerli fauna üçün ciddi təhlükə yaradır.

Aksiya zamanı digər toxunulan aktual məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərimizin minalarla çirklənməsidir. Qeyd edilib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanda mina qurbanlarının sayı 303 nəfəri ötüb. Torpaqların minalarla çirkləndirilmiş olması tək insanların həyatını təhlükə altına salmır, həm də vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasına mane olur.

Erməni KİV-lərində Azərbaycan əsgərlərinə qarşı pis rəftarla bağlı narahatedici sübutlar ortaya çıxması və BMT-nin də digər beynəlxalq təşkilatlar kimi baş verənlərə susması aksiya zamanı səsləndirilən fikirlərdən olub.

BMT-nin Gürcüstan ofisi qarşısında keçirilən aksiyanın iştirakçıları beynəlxalq ictimaiyyəti və müvafiq təşkilatları Ermənistanın ətraf mühiti məhv etməsi, minalar yerləşdirməsi və Azərbaycan əsgərlərinə qarşı pis rəftarı ilə bağlı hərtərəfli araşdırmalar aparmağa çağırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir