Siyasət

Elm və Təhsil Nazirliyinin yeni agentlikləri nəyə xidmət edəcək? – RƏY + FOTO

Sharing is caring!


“Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumtəhsil məktəblərinə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə ali təhsil müəssisələrinə birbaşa nəzarəti bərpa etmək üçün yaradılır. Məqsəd isə bu sahələrdə həm müasir və modern idarəetməni təkmilləşdirmək, həm məsuliyyəti artırmaq, həm də innovativ yanaşmanı təmin etməkdir”.

Bu sözləri Bizim.media-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. O hesab edir ki, görülən işlər və həyata keçirilən islahatlar düzgün istiqamətdə gedərsə, texniki peşə sahəsində olduğu kimi, bu sahələrdə də bir canlanma baş verəcək.

Bu baxımdan, aparılan islahatları müsbət addım kimi dəyərləndirən ekspertin sözlərinə görə, nəticəsini isə agentliklər işə başlayandan sonra görmək mümkün olacaq.

1999-cu ildə Azərbaycanda təhsil sahəsində islahatlarla bağlı qanunun qəbul olunduğunu xatırladan ekspert bildirib ki, əsas məqsəd uzun illər boyu təhsil sahəsində toplanmış potensialı qoruyub-saxlamaq və inkişaf etdirmək idi:

“Bu yolla təhsilin forma və məzmunca yenilənməsinə nail olmaq istəyirdilər. Amma bu islahatlar kənarda qaldı və beynəlxalq inteqrasiya, dünya təcrübəsi kimi işlərlə 70 il ərzində toplanmış potensialı qoruyub-saxlaya bilmədik. 1990-cı illərə qədər indiki Elm və Təhsil Nazirliyi üç hissədən ibarət idi. Bunlar Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və nazirlik səviyyəsində olan Dövlət Texniki Peşə Komitəsi idi. Bunlar birləşdirilərək vahid Təhsil Nazirliyi yaradıldı.

Maarif Nazirliyi məktəbəqədər və orta ümumtəhsil məktəblərinə, Ali və Orta İxtisas Təhsili Nazirliyi texnikumlara və ali təhsil müəssisələrinə, Dövlət Texniki Peşə Komitəsi isə yalnız texniki peşə məktəblərinə nəzarət edirdi. Ancaq vahid nazirlikdə birləşəndən sonra bunlara nəzarət bir qədər zəiflədi. Bundan da ən çox texniki peşə sistemi zərər gördü və tamamilə çökdü. Amma prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahə yenidən dirçəldi və qısa müddət ərzində Texniki Peşə Agentliyi yaradıldı. Bunun sayəsində də bu məktəblərə maraq yarandı. Bu agentlikləri yaratmaqla yenidən keçmiş təcrübəyə qayıtmağa məcbur olurlar”.

Məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin bir müddət icra hakimiyyətlərinin nəzarəti altında olduğunu xatırladan Nadir İsrafilov onların bir il əvvəl yenidən Elm və Təhsil Nazirliyinin sərəncamına verildiyini qeyd edib:

“Bu da özlüyündə müsbət prosesdir. Təhsil vahid mexanizmdir və bu sahəyə icra hakimiyyəti orqanlarının nəzarət etməsi düzgün deyil. Bunun fəsadlarını uzun illər boyu müşahidə etdik”.

Bəs Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almaları və ya davam etdirmələri üçün hansı addımları atacaq?

Sualı cavablandıran ekspert xaricdə təhsilin dövlət proqramı çərçivəsində həyata keçirildiyini vurğulayıb:

“2017-ci ildə başa çatan proqramda bəzi qüsurlar üzə çıxdı. Belə ki, xaricdə təhsil alan bakalavrların, magistrlərin çoxu sonradan geri qayıtmadı. Bu da beyin axınıdır və ölkəmizə ziyan verir. Buna görə də proqramda bəzi yeniliklər edildi və qərara alındı ki, yalnız magistrlər xaricdə təhsilə cəlb olunsunlar. Agentliyin yaranması bu kimi vacib məsələlərin həllinə səbəb olacaq.

Xaricə gedənlərin çoxu dövlət hesabına oxuyurdular. Eyni zamanda, hansı ixtisasa kadr tələb olunurdusa, oraya da tələbə göndərilirdi. Ancaq indi məlum olur ki, ölkəmizdə də yeni ixtisaslar yaradılıb və ali təhsil müəssisələrimizin maddi-texniki bazası və kadr potensialı bu ixtisaslar üzrə xarici ölkələrin təhsil səviyyəsinə uyğun təhsil verməyə və yeni kadrlar yetişdirməyə imkan verir. Hazırda ölkəmiz üçün yeni texnologiyaların inkişafı ilə əlaqədar kadr ehtiyacı yaranıb. Bu baxımdan da gənclərimizi elə ixtisaslar üzrə göndərməliyik ki, ölkəmizdə buna ehtiyac olsun.

Xaricdə təhsil ölkəmiz üçün lazımdır. Bunun səmərəli və vacib olması, ölkəmiz üçün fayda verməsi və beyin axınına səbəb olmaması üçün çoxlu iş görülməlidir.

Yeni agentlik səmərəli yollar və istiqamətlər müəyyənləşdirməlidir ki, xaricdə təhsillə bağlı növbəti təhsil proqramı qəbul olunan zaman bu problemlər nəzərə alınsın”.

Xatırladaq ki, Prezident İlham Əliyev 24 iyul 2023-cü il tarixdə Azərbaycanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Əsasnamələrinin təsdiq edilməsi barədə Fərman verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir