Siyasət

“Vaqner”in Belarusdan çıxması iddiası: Kremlin “məxfi seyfi”ndəki ssenarilər – TƏHLİL

Sharing is caring!


“Vaqner” Rusiya hakimiyyətinə qarşı qiyama qalxdıqdan və neytrallaşdırıldıqdan sonra onun hərəkət trayektoriyası ətrafında qeyri-müəyyən izlər qalır.

Bircə bu dəqiqdir ki, “Vaqner” rəhbəri Yevgeni Priqojinin xeyir-duası altında Belarusa yerləşib, ancaq bu yaxınlarda muzdluların Belarusu tərk etdiyinə dair də informasiyalar yayıldı.

“Vaqner”in Belarusdakı izlərinin hansı geosiyasi risklər yarada biləcəyi barədə yazımız olub (buradan oxuya bilərsiniz), bu dəfə isə Priqojinin sədaqətli əsgərlərinin hərəkət marşrutunda dəyişiklik edib yenidən Rusiyaya yerləşə biləcəkləri barədəki informasiyaları şərh etməyə çalışacağıq.

“Vaqner” qrupunun Belarusdan çıxması barədəki iddialar və ya fərziyyələrin mövcudluğu Rusiya-Belarus-“Vaqner” oxundakı sövdələşmə aspektlərinin tam şəkildə yerinə yetirilmədiyinə dəlalət edir.

Bu, ABŞ və Böyük Britaniya kəşfiyyatlarının birgə “əl işi” kimi ortaya çıxarılan məlumatlar kimi görünür və həqiqiliyi barədə şübhələr o qədər də yüksək səviyyədə deyil. Hərçənd ki, Rusiya mənbələrində də analoji informasiyalar dövriyyədədir – hər halda, kim əlini hansı gizli seyfə salıb, oradan nə çıxarıb, dəqiq deyil.

Araşdırmalarla isə cari vəziyyətdə “Vaqner” qrupunun Belarusu tərk etmədiyi, əksinə, orada fəallaşmasının müşahidə edildiyi üzə çıxır.

Ancaq istənilən bir vəziyyətdə “Vaqner”in gələcəyi sual altındadır, onun haraya yerləşəcəyi, hansı missiyalar yerinə yetirəcəyi, bunlar olmasa isə ləğvi müzakirə edilən ssenarilər sırasındadır.

Bircə bu aydın gözə çarpır ki, Rusiya Prezidenti Vladimir Putin “Vaqner”i format etmək səylərini davam etdirir, lakin muzdluların lideri Priqojin də Kremlin cızdığı ssenari üzrə boşluqlara düşüb çabalamaq istəmir.

Putin “Vaqner” personalını Rusiya-Ukrayna müharibəsinin “övladı” olan Polşa-Belarus gərginliyinin üzərinə köçürüb, Qərbə qarşı şantaj vasitəsi kimi böyütməyə cəhd göstərə bilər.

Rusiya mümkün Polşa-Belarus eskalasiyası zamanı Rusiyanın regiona müdaxilə imkanlarını artırmaq üçün “Vaqner”i Polşa “üzərinə səlib yürüşünə hazırlamaqda” maraqlı görünür, bunun izində isə ortaya başqa bir sual da çıxır.

Görəsən, Rusiya Belarus ərazisindən Kiyevə yenidən hücuma hazırlaşırmı? Bunun aşkar əlamətləri gözə çarpmır, ümumiyyətlə, Moskvanın Ukrayna paytaxtına yenidən hücumu onun itkiləri fonunda real görünmür, ancaq gedişatlar oxları dəyişə də bilər.

Hər bir vəziyyətdə Rusiyanın “Vaqner” personalı üçün müəyyən kurs irəli sürdüyünü qeyd etmək olar. Bu vəziyyət Priqojinin ipə-sapa yatmaması fonunda getdikcə mürəkkəbləşən dinamik hərəkətləri meydana çıxarmaq gücündədir. Çünki Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimova qarşı temperamentinə uyğun olaraq Putin tərəfindən həlledici addım atılmayıb.

Ümumilikdə Moskva Rusiya-Belarus-“Vaqner” oxunda yarana biləcək xaotik durumu özü tərəfindən idarəedilən səviyyədə saxlamaq üçün planları da uçurumdan aşağı yuvarlamayıb.

“Vaqner” formatı ilə bağlı uzunmüddətli dövr üçün proqnoz səsləndirmək çətin olsa da, cari vəziyyətdən çıxış edib yaxın vaxtlar üçün müəyyən fikirlər söyləmək mümkündür.

Böyük ehtimalla “Vaqner” Belarusda mövcudluğunu davam etdirərək Moskva-Minsk ittifaqının Polşaya qarşı şantaj elementi kimi qalacaq.

Aqşin Kərimov  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir