Siyasət

Vəliyev-Günaydın danışıqları: Bakı-Ankara müttəfiqliyinin kəşfiyyat hazırlığı – TƏHLİL + FOTO

Sharing is caring!


Avqustun 8-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş Türkiyənin Yaxın Şərqdə, Cənubi Qafqazda rəqabətdə olduğu tərəflərə qarşı mübarizəsinin fonunda nəzərə çarpır.

Vəliyevlə Günaydının müzakirələrinin gizliliyini açmaq üçün bir neçə xüsusiyyətə nəzər salmaq ehtiyacı yaranır.

Öncəliklə qeyd edim ki, müzakirələr hər iki dövlət arasında strateji müttəfiqlikdən irəli gələn çağırışların kəşfiyyat müstəvisindəki əməkdaşlığı dərinləşdirmək baxımından önəmlidir.

Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin funksiyalarına baxdıqda görüş barədə daha aydın təəssürat yarana bilər.

Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsi ölkə daxilində və xaricində kəşfiyyat məlumatlarının toplanması fəaliyyətini həyata keçirən orqandır. Yüksək konfidensiallıq əsasında əməliyyatlar keçirən Baş Qərargahın Kəşfiyyat İdarəsi xaricdəki və daxildəki əməliyyatlarını terrorizmlə mübarizə üzrə strategiyaya söykəyir.

Deməli, Azərbaycanla Türkiyə arasında kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik missiyalarının planlaşdırılması və qarşıya qoyulan tapşırıqların birlikdə icrası məsələsində yeni mərhələnin başlanması müzakirə edilir.

Bu, mümkün yeni təhlükəli tendensiyaların xarakteri və mahiyyətinə adekvat tədbirlər planının hazırlanması məntiqilə izah edilə bilər.

Vəliyevlə Günaydının portfelində bu məsələ xüsusi qabarıq görünür ki, Azərbaycanla Türkiyə Ankaranın kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının yarada biləcəyi regional təsirləri ölçürlər.

Xüsusilə, Türkiyənin Suriyada, İraqdakı üzdə olan və arxa plandakı fəaliyyətləri Yaxın Şərq regionundakı Ankaranın profilinə müsbət təsir edir və bununla əlaqəli proseslər Cənubi Qafqaza da sıçrayır.

Türkiyənin Yaxın Şərq üzrə prioritetlərinin:

1. Qərb üçün məqbul variantları olsa da, nəticədə Ankara ilə rəqabətin kökü qalır;

2. Rusiya ilə üst-üstə düşən prioritetlər gözə görünsə də, arxa planda Ankara-Moskva xəttində gərginliklər az deyil;

3. İranla toqquşan cəhətləri birləşən tərəflərdən çoxdur.

Türkiyənin Yaxın Şərqdəki aktivlik dozası onun Cənubi Qafqaz siyasətinə də xeyli şəkildə sirayət edir, məntiqlə, Ankaranın rəqibləri onun regiondakı potensialını zəiflətmək üçün fəallaşa bilərlər. Burada hərənin öz kartı var, Türkiyə isə Azərbaycanla strateji müttəfiqliyin işığında Bakı-Ankara təhlükəsizlik zolağında qalxan qaldırır.

Vəliyevlə Günaydının danışıqları perspektiv üçün təhdidlərin qarşısının alınmasında kəşfiyyat məlumatlarının mübadiləsini intensivləşdirə bilər.

İkinci bir məqam Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması cəhdlərinin Cənubi Qafqazda gərginliyi artırması, mümkün hərbi eskalasiya yarada bilmək həyəcanı ilə bağlıdır. 

Azərbaycan Ermənistanla baş verə biləcək hərbi toqquşma ssenarisini diqqətlə hazırlayır.

Buraya əməliyyat planlamasından tutmuş, Ermənistanın təxribatlarına cavab olaraq atılacaq addımlar, beynəlxalq və regional oyunçuların həmlələrinə qarşı geniş əhatə daxildir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir