Siyasət

“Beynəlxalq hüquq ölkələrə və ərazilərə fərqli şəkildə tətbiq oluna bilməz” – ŞƏRH

Sharing is caring!


“Ermənistanın Azərbaycanla razılaşdırmadan suveren ərazimizə “humanitar yardım” adı altında yük avtomobilləri göndərmək cəhdi ərazi bütövlüyümüzə, beynəlxalq hüququn fundamental prinsiplərinə açıq hörmətsizlikdir. Çox təəssüf ki, biz bir sıra beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin bu məsələyə qeyri-obyektiv yanaşmasını müşahidə edirik”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat vurğulayıb ki, Ermənistanın əsl məqsədinin süni ajiotaj yaratmaq, Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaqdan ibarət olduğu çox aydın şəkildə görünsə də, bəzi dövlətlər bu məsələyə ikili standartlar prizmasından qiymət verir.

Deputat xatırladıb ki, 2014-cü ildə Rusiya Federasiyasının Ukrayna ərazisinə humanitar yardım göndərmək təşəbbüsünə beynəlxalq birliyin reaksiyası tamamilə fərqli motivlərə əsaslanmışdı: 

“Bu barədə Azərbaycan mediasında da maraqlı araşdırmalar dərc olunub. Bu, əslində bütövlükdə Azərbaycan ictimaiyyətini maraqlandıran bir mövzudur. 2014-cü il avqustunda Rusiyanın irəli sürdüyü Donetsk və Luqanska humanitar karvanların göndərilməsi təklifi Qərb ölkələrinin kəskin etirazına səbəb olmuşdu. ABŞ Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcəyini, ATƏT isə yardımın Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmasının zəruriliyini bəyan etmişdi. Ümumiyyətlə, müxtəlif ölkələrin və beynəlxalq qurumların məsələ ilə bağlı ümumi mövqeyi bundan ibarət idi ki, Ukraynanın rəsmi icazəsi olmadan “humanitar yük” karvanının göndərilməsi Ukraynanın suverenliyinə hörmətsizlikdir. Əlbəttə ki, onlar bu mövqelərində haqlı idilər. Məhz bu kontekstdə baxdıqda, bu gün Laçın yolu ətrafında baş verənlərə bir çox qərb dövlətləri və beynəlxalq təşkilatların yanaşması tamamilə anlaşılmazdır”.

Soltan Məmmədov qeyd edib ki, Ermənistanın başqa bir dövlətin ərazisinə razılaşdırmadan “humanitar yardım” göndərmək cəhdi siyasi sabotajdır və əsas məqsəd Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlara zərbə vurmaqdan ibarətdir:

“Azərbaycanın mövqeyi isə beynəlxalq hüquqa əsaslanır. Ukrayna və Qərb dövlətləri, eləcə də onlarla eyni mövqedən çıxış edən beynəlxalq təşkilatlar doqquz il bundan öncə Rusiyanın Donetsk və Luqanska humanitar yardım göndərmək təşəbbüsünə hansı arqumentlərlə etiraz edirdilərsə Azərbaycan bu gün Ermənistanın eyni məzmunlu cəhdinə münasibətdə eyni arqumentlərə istinad edir. Çünki beynəlxalq hüquq ölkələrə və ərazilərə fərqli şəkildə tətbiq oluna bilməz. Təəssüf ki, biz bu gün həmin ölkələrin və qurumların tamamilə fərqli mövqeyini müşahidə edirik. Bu, beynəlxalq nizam qaydalarının işlək mexanizmlərinin effektivliyini itirdiyinə, ikili standartların beynəlxalq münasibətlər sisteminin ən təsirli prinsiplərindən birinə çevrildiyinə dair mülahizələrin əsaslı olduğunu göstərir”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan öz haqlı mövqeyindən geri çəkilməyəcəyini ən yüksək səviyyədə bəyan edib:

“Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Laçın yolu ilə bağlı Azərbaycan dövlətinin mövqeyini çox aydın və konkret şəkildə bildirib. Azərbaycana təzyiq yolu ilə hansısa ədalətsiz yanaşmanı qəbul etdirmək mümkün deyil. Yaxın tariximizin təcrübəsi bunu dəfələrlə təsdiq edib. Regionda və dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda ölkənin milli təhlükəsizliyini və dövlət maraqlarını qorumaq nə qədər çətin olsa da Azərbaycan güclü bir dövlət kimi haqlı və ədalətli mövqeyini qətiyyətlə müdafiə edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir