Siyasət

Hindistan müsəlmanları çətin durumda: Paris bölgədə güclənməyə çalışır – “Kaspi”nin ŞƏRHİ + FOTO

Sharing is caring!


Dünyanın əhali sayına görə iki ən böyük ölkəsindən biri olan Hindistanda dini zəmində toqquşmalar yenidən alovlanıb. Radikal hindlilərin təxribatları nəticəsində artıq müsəlmanların məskunlaşdığı rayonlarda onlarla şəxs zorakılıqların qurbanı olub.

Əhali sayına görə dünyanın iki ən böyük ölkəsindən biri olan Hindistanda milli və məzhəb zəminində gərginliklər artmaqdadır. Həftənin ilk günü ölkənin şimal əyalətlərində məzhəb zəminində zorakılıqların baş verməsi, nəticədə insan itkilərinin yaşandığı xəbərləri ilə başlayıb. Hindistan hakimiyyəti bölgədə internetə çıxışı bağlayıb, minlərlə hərbçi və polisi Haryana əyalətinin şimalına göndərib.

Kaspi.azqəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Toqquşmaların əhatəsi genişlənir

Yerli media yazır ki, əsasən müsəlmanlar olan ərazidə hindli millətçi qruplarının yürüşü zamanı hindlilərlə müsəlmanlar arasında baş verən dini toqquşmalar nəticəsində beş nəfər həlak olub, onlarla insan yaralanıb. Sağçı hindli qrupları – “Bajrang Dal” və “Visva Hindu Parişad” Haryana ştatının müsəlmanların çoxluq təşkil etdiyi Nuh rayonunda dini yürüşə başçılıq etdikdən sonra zorakılıqlar başlayıb. Hindistan mediası qarşıdurmaların Monu Monesarın dini yürüşə qatılma planları məlum olduqdan sonra başladığını yazıb. “Bajrang Dal” qrupunun üzvü olan Monesar fevral ayında cəsədləri yandırılan iki müsəlmanın qətlində şübhəli bilinərək polis tərəfindən axtarışa verilib. Müsəlman icması da onun aksiyada iştirakını birbaşa onlara çağırış kimi qiymətləndirib. Nuhdan çəkilən kadrlarda izdihamın daş atması, avtomobilləri yandırması və mağazaları dağıtması görünür. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib və havaya atəş açıb. Toqquşmalar Dehli ətrafı Qurqaon, Fəribad və Palval ərazilərinə yayılıb. Polis həmçinin, zorakılığın baş verdiyi ərazilərdə dörd və ya daha çox insanın toplaşmasına qadağa qoyub. Haryana əyalət hökuməti “müxtəlif sosial media platformaları vasitəsilə dezinformasiya və şayiələrin yayılmasının qarşısını almaq üçün” Nuh rayonunda bütün mobil internet və SMS xidmətlərini qadağan etdiyini söyləyib.

İldən-ilə artan radikal hindli millətçiliyi

Ümumiyyətlə, Hindistanda radikal hindli millətçiliyi ildən-ilə artır. Yerli medianın yazdığına görə, son illərdə yüksələn millətçiliyin alovlanmasının əsas səbəbi millətçi və radikal qüvvələrin hakimiyyətdə olmasıdır. Hindistanda 2014-cü ildən Narendra Modi və onun partiyası iqtidar olduqdan sonra etnik gərginlik artıb, daha dəqiqi, hindli millətçiliyi radikallaşıb. Gərginliyin artmasında iki il əvvəl müsəlmanlara qarşı ayrı-seçkiliyin yer aldığı qanunun qəbulu da az rol oynamayıb. Qeyd edək ki, Hindistanda müsəlmanlar və hindlilər arasında gərginlik ötən əsrin 40-cı illərindən start götürüb. Həmin vaxt Hindistanın müsəlman və hindli dövlətinə bölünməsini hindli-müsəlman münaqişəsinin nəticəsi də hesab etmək olar. Hindistanda müsəlmanlarla bağlı ayrı-seçkilik mövcuddur. Bura vətəndaşlıq qanunu da daxildir. Qanunvericiliyə əsasən, Pakistan, Banqladeş və Əfqanıstandan Hindistana köçən qeyri-müsəlmanlara (hindli, sinkh, buddist), xristianlara vətəndaşlıq verilməsi şərtləri yumşaldılıb. Amma, müsəlmanlar bu güzəştdən məhrum edilib. Bu da qarşıdurmalara gətirib çıxarır.

Kolonialist Fransa ilə millətçi Hindistanın yaxınlaşması

Beləliklə, Hindistan dövləti ölkənin ən ciddi problemi olan milli zəmində qarşıdurmalara son qoymaq əvəzinə ona laqeyd münasibət bəsləyir, daha çox xarici məsələlərə önəm verir. Özünə müttəfiq dövlət də tapıb – kolonialist Fransa. Xarici və daxili siyasətdə ciddi uğursuzluqlara imza atan prezident Emmanuel Makron hökuməti keçmiş müstəmləkələrində üzləşdiyi antifransız aksiyalar fonunda Hindistanla yaxınlaşmağa başlayıb. Paris Dehli vasitəsilə bölgədə güclənməyə çalışır. Makronun Fransa-Hindistan əlaqələrini inkişaf etdirməkdə əsas məqsədi ölkəsinin Asiya-Sakit okean regionunda təsirini artırmaq və Hindistandan Çinə qarşı potensial müttəfiq kimi istifadə etməkdir. Fransa həm də Hindistana Rusiyadan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Makronun hədəfi bu məsələdə Hindistanda birinci olmaqdır. Hər iki dövlət hətta Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı birgə planla çıxış ediblər. Təsadüfi deyil ki, Fransa çirkin və qərəzli Cənubi Qafqaz siyasətinə bu ölkəni də cəlb etməyə başlayıb. Fransa hakimiyyətinin Ermənistan siyasəti yenə başadüşüləndir. Erməni lobbisindən aldığı maliyyə müqabilində bunu edir. Bəs Hindistana nə düşüb ki, Ermənistanla 400 milyon dollarlıq silah-sursat sazişi imzalayır, ona öldürücü silahlar təqdim edir? Ola bilsin ki, burada da Fransanın rolu az olmayıb. Artıq təsdiq olunmuş məlumatlara görə, Hindistan istehsalı olan silahlar İran vasitəsilə Ermənistana tədarük olunur. Bununla da rəsmi Dehli Cənubi Qafqaz regionundakı sabitliyə təhdid yaradır. İranın Bəndər-Abbas dəniz limanı vasitəsilə Hindistandan Ermənistana silah-sursatdan ibarət yük göndərilib. Bu, gərginliyi artıra, Cənubi Qafqaz regionunda sabitliyi poza və vəziyyəti daha da çətinləşdirə bilər. Şübhəsiz ki, bu addımlar təkcə regional sülhə deyil, həm də Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına maneə olur. Məsələnin başqa tərəfi də var. Hindistan ilə Ermənistan hər zaman regional sabitliyə təhdid yaradıb. Qonşuların təxribatçı hərəkətlərinə qarşı Azərbaycanın reaksiyası ilə Pakistanın yanaşması arasında oxşarlıq Cənubi Qafqaz və Cənubi Asiyanın üzləşdiyi problemlərin ümumi olduğunu göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir