Siyasət

Aleksandr Çerkasski: “Almaniya İsveç deyil, almanlar Quranın təhqir olunmasına qarşıdırlar”

Sharing is caring!


Avropa ölkələrində – Danimarka və İsveçdə Quranın yandırılması aksiyaları, təəssüf ki, səngimir. Müsəlman dünyasında etirazlar nə qədər çoxalırsa, İsveç və Danimarka hökumətləri bu cür aksiyaların keçirilməsinə icazələri bir o qədər çoxaldırlar. Son günlərdə hər iki ölkədə dəfələrlə Quranın yandırılması aksiyaları keçirilib. Avropanın ən güclü ölkəsi olan Almaniyada isə Quranı yandırmaq cəhdləri olmayıb.

Vəziyyəti Oxu.Az-a şərh edən Almaniyadan olan analitik, “Neue Zeiten” jurnalının və “Neue Zeiten TV” “YouTube” kanalının naşiri və baş redaktoru Aleksandr Çerkasski deyir ki, Almaniya cəmiyyətində Quranın, ümumiyyətlə müqəddəs kitabların yandırılması mövzusu qətiyyən gündəmdə deyil.

“Almaniyada belə bir hərəkətə cəhd və ya niyyət yoxdur. Eyni zamanda, alman mətbuatı İsveç və Danimarkada baş verənlərdən yazır, Quranın təhqir olunmasını pisləyir. Mənim subyektiv fikrim budur ki, Almaniya tarixi keçmişinə görə belə hadisələrə son dərəcə diqqətli yanaşır. Almaniyada şəxsi azadlıq və ifadə azadlığı məsələsi mütləq deyil, məhdudiyyətlər var”, – deyə analitik bildirib.

Aleksandr Çerkasski məsələni başqa aspektdən izah etməyə çalışıb:

“Bəlkə də, müqayisə o qədər uğurlu olmayacaq, ancaq mən sizə koronavirus pandemiyası ilə bağlı bir nümunə gətirəcəyəm. Bu, Almaniya və Skandinaviya ölkələrinin cəmiyyətlərindəki fərqi göstərəcək. Almaniyada sərt siyasət yürütdülər, məhdudlaşdırıcı tədbirlər tətbiq etdilər, lakin İsveç və Danimarkada belə olmadı”.

Ekspertin fikrincə, Almaniyada belə bir prinsip hakimdir ki, bir insanın şəxsi azadlığı digərlərinin müstəqilliyini məhdudlaşdırmamalıdır:

“Yəni bizim ölkəmizdə də millətlərarası münasibətlərlə bağlı təhqirlərə, dinlərarası ədavəti qızışdırmağa görə Cinayət Məcəlləsində müddəalar yer alır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir