Siyasət

Qarabağ müharibəsində itkin düşmüş Əlibala Abdullayevin bacısı: “Səsimizə səs verilsin”

Sharing is caring!


“Biz istəyirik ki, Qarabağ müharibəsində itkin düşmüş yaxınlarımızın taleyinə aydınlıq gətirilsin”.

Bunu “Report”a açıqlamasında Qarabağ müharibəsində itkin düşmüş Abdullayev Əlibala Teyyub oğlunun bacısı Məsmə Bağırova deyib.

Onun sözlərinə görə, qardaşı müharibəyə könüllü yollanıb:

“Xocalı hadisələrindən sonra qardaşım evdə qərar tuta bilmirdi. Vətən ağrısı onu hədsiz dərəcədə incidirdi. Deyirdi ki, burada qala bilmirəm, mən də getməliyəm. Qardaşım könüllü olaraq müharibəyə yollanıb. Onu Ağdam rayonuna apardılar. 1992-ci ilin sentyabrın 19-da isə qardaşım itkin düşdü. Bu günə qədər ondan heç bir xəbər ala bilməmişik. Üstündən illər keçib, valideynlərimiz də qardaşımın intizarı ilə bu həyatdan köçdülər. Çox şükür, torpaqlarımız alınıb, artıq azaddır”.

“Biz istəyirik ki, heç olmasa, bu itkinlərimizin taleyinə bir aydınlıq gətirilsin. Əgər şəhid olubsa, məzarı, qalıqları haqqında məlumat verilsin. Buna görə də beynəlxalq təşkilatlara, BMT-yə müraciət edirik. Bizim səsimizə səs verilsin və itkin ailələri az da olsa, sakitlik tapsınlar”, – M.Bağırova bildirib.

Qeyd edək ki, “Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir