Siyasət

Azərbaycandan Ukraynaya DƏSTƏK: Dağıdılmış sosial obyektlər bərpa edilir – FOTOREPORTAJ

Sharing is caring!


Bu il Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan da üzərinə öhdəliklər götürüb. Bu öhdəliyə uyğun olaraq Azərbaycan artıq Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində ötən döyüşlərdə dağıdılmış sosial obyektlərin bərpasında iştiraka başlayır.

Bir il yarımdır davam edən müharibədə Ukraynanın onlarla şəhəri ciddi dağıntılara məruz qalıb, bəziləri isə tamamilə yer üzündən silinib. Londonda keçirilən beynəlxalq konfransda postmüharibə dövründə bu dağıntıların bərpası çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklər əsasən məktəblərin, səhiyyə ocaqlarının və digər sosial obyektlərin yenidən bərpasında iştirakı ilə bağlıdır. Azərbaycanın bu təşəbbüsü həm də ona görə Ukrayna tərəfindən müsbət qarşılanır ki, ölkəmiz özü də təqribən 30 il əvvəl işğala məruz qalan zaman ciddi dağıntılar və vandalizmlə üzləşib və bunların nə demək olduğunu yaxşı anlayır. Beləliklə, bir müddət əvvəl azərbaycanlı arxitektorların Ukraynaya səfəri zamanı İrpen şəhərində olmalarının məqsədi də dağıntılara məruz qalmış sosial obyektlərin bərpasında iştirak etmək idi.

“Report” İrpen şəhərindən reportaj hazırlayıb.

İrpen şəhərinin meri Oleksandr Markuşin “Report”a bildirib ki, şəhərdə hərbi əməliyyatlar zamanı Akademik Zərifə Əliyeva adına məktəb də daxil olmaqla, təhsil müəssisələri, bağçalar dağılmışdı: 

“Mən Azərbaycanın Ukraynadakı səfirliyinə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət etdim. Məktəb qısa müddət ərzində təmir olundu. Ötən il sentyabrın 1-dən bizim uşaqlar bu məktəbdə yenidən təhsil almağa başladılar. Bu məqamda, qeyd etmək istərdim ki, bu, İrpendə ən böyük məktəbdir. Bir müddət sonra şəhərdə tez-tez elektrik enerjisi kəsilməyə başladı. SOCAR şirkəti bizə yardım göstərib və bu məktəbi generatorla təmin edib. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan səfirliyinə və SOCAR şirkətinə təşəkkür etmək istərdim. Bu il SOCAR məktəbin istilik sistemini təmin edəcək. Bununla bağlı işlər sentyabrın 1-dək tamamlanacaq. Sevindirici haldır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən konfransda bildirib ki, ölkəsi Ukraynaya bərpa işlərində yardım göstərəcək. Bununla bağlı ilk işlər İrpen şəhərində həyata keçiriləcək. Qeyd edim ki, biz uzun müddət ərzində Azərbaycana dost olduğumuzu əməllərimizlə sübuta yetirmişik; İrpendə Zərifə Əliyeva adına park salınıb, şəhərin mərkəzi küçələrindən biri Zərifə Əliyevanın adını daşıyır, şəhərin ən böyük məktəbi Zərifə Əliyeva adınadır. Bu gün isə Azərbaycan öz əməlləri ilə sübuta yetirir ki, qəhrəman şəhər olan İrpenin dostu və etibarlı tərəfdaşıdır. Fikrimcə, azərbaycanlılar bizi yaxşı başa düşürlər, çünki Azərbaycanda da müharibə baş verib, böyük dağıntılar olub. Tanrıya şükür olsun ki, Azərbaycanda müharibə başa çatıb. Lakin bizdə müharibə davam edir və bizim hansı vəziyyətdə olduğumuzu başa düşürsünüz. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevə bərpa ediləcək tikililəri göstərdik, bununla bağlı layihələri təqdim etdik”, – deyə o qeyd edib.

Şəhər sakini Olqa Poxlova da İrpen sakinləri adından yardıma görə Azərbaycana təşəkkür edib: 

“Əlbəttə ki, əgər Ukraynanın imkanı olsaydı, o da Azərbaycana hərtərəfli yardım göstərərdi, çünki biz qardaş ölkələrik və bir-birimizə kömək etməliyik. Dost xalqlarıq”.

Daha bir İrpen sakini Yuliya Kozi isə bildirib ki, Azərbaycanın bu təşəbbüsü onları qürurlandırır:

“Hər bir yardıma şad olardıq, çünki İrpen şəhəri ciddi şəkildə dağıdılıb, zərər görüb. İndi şəhərdə bərpa işləri həyata keçirilir. Lakin hələ görüləcək işlər var və şəhərin bərpası üçün çox böyük vəsait lazımdır. İrpen çox gözəl, yaşıllıqlarla zəngin olan şəhərdir. Burada çox sayda park var. İrpenin əhalisinin sayı da çoxdur. Əlbəttə, istəyirik ki, şəhər bərpa edilsin və burada həyat davam eləsin. İrpendə azərbaycanlıların böyük diasporu var. Şəhərdə Zərifə Əliyeva adına gözəl park var. Düşünürəm ki, bizim xalqımız azərbaycanlılara çox hörmətlə yanaşır. Azərbaycanlıların şəhərimizə qonaq gəlməsindən çox şad olardıq”.

Qeyd edək ki, İrpendə görkəmli azərbaycanlı akademik Zərifə Əliyevanın adını daşıyan lisey ötən il şəhərdə döyüşlər səngiyəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” tərəfindən təmir edildi. Hazırda isə Azərbaycan Prezidentinin göstərişi ilə dövlət şirkəti məktəbdə xarici istilik izolyasiyası işlərini aparır. İşlər sentyabrın 1-nə qədər başa çatacaq. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan birinci dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılar ilə yanaşı, daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. Təhsil ocağında ənənəvi günlərdə Ukraynadakı fərqli ölkələrin diplomatları, müxtəlif xalqların diaspor nümayəndələri vaxtaşırı qonaq olurlar, onlar məktəbin nəzdində yaradılan Zərifə Əliyevanın adına Muzeyin ziyarətçilərinə çevrilirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir