Siyasət

60 ton şəkər, 20 ton duz: İrəvanın Qərbin mərhəmətini qazanmaq fəndi – FOTO

Sharing is caring!


Artıq beşinci gündür ki, İrəvandan Qarabağa göndərilən ərzaq və dərmanla doldurulmuş yük maşınları sərhəddə, Həkəri körpüsü yanında dayanıb. Azərbaycan sərhədçiləri yük maşınlarını dövlət sərhədindən buraxmır, səbəb isə sadədir, Bakı onları dəvət etməyib. Hətta ABŞ ondan uzaqda yerləşən Cənubi Qafqazdakı qalmaqala müdaxilə etmək qərarına gəlib. ABŞ-nin dövlət katibi Antoni Blinken bazar günü Bakıya telefon açaraq Laçın yolu ilə sərbəst hərəkətin təmin edilməsini, eyni zamanda alternativ marşrutlar üzrə kompromis tapmağı xahiş edib.

Niyə İrəvan Qarabağa yanlış marşrutla yük göndərir və baş verənlərin Moskva ilə Qərb arasındakı münasibətlərlə nə əlaqəsi var?

News.ru bütün bu məsələləri araşdırmaq qərarına gəlib.

Humanitar karvan haqqında nə məlumdur

Bazar günü, iyulun 30-da ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağdakı böhrandan, xüsusən də Laçın yolundakı vəziyyətdən narahatlığını ifadə edib. O, kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələrinin sərbəst tranzitinə şərait yaradılmasını xahiş edib. Bundan əlavə, dövlət katibi humanitar yardımların Qarabağ əhalisinə çata biləcəyi “alternativ yollar”a diqqət çəkib və onlar üzrə kompromislərin tapılmasına çağırıb. İlham Əliyev həmsöhbətinə Bakının Ağdam-Xankəndi yolundan alternativ kimi istifadə etmək təklifindən danışıb və vurğulanıb ki, sözügedən marşrutu istifadə etməklə Qarabağ iqtisadi rayonunun erməni sakinlərini lazım olan hər şeylə təmin etmək mümkündür. Azərbaycan prezidenti bildirib ki, bu variant Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənsə də, Ermənistan bütün təkliflərə qarşı çıxıb.

Bu arada, Moskva hələ də Bakı ilə İrəvan arasında danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaq sülh müqaviləsinin imzalanacağına ümid edir. Moskvanın bu mövqeyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Rusiya paytaxtında keçirilən görüşündə də təsdiqini tapıb. Görüşün moderatoru, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, İrəvan Qarabağ ermənilərinin rəhbərlərini Azərbaycan qanunvericiliyindən irəli gələn hüquqlarını razılaşdırmaq üçün rəsmi Bakının nümayəndələri ilə görüşdürməyə razı salmalıdır. Bu, Sergey Lavrovun bəyanatında da qeyd olunub.

Rusiya paytaxtında danışıqlar başlamazdan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan konstruktiv danışıqlara hazırdır. Onun sözlərinə görə, bəzi məsələlər üzrə konkret nəticələr mövcuddur. Doğrudur, nazir həmçinin xəbərdarlıq edib ki, bir sıra bəndlər üzrə tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdadır. Və o, bununla açıqlamış olub ki, Qarabağdakı vəziyyət, onun fikrincə, humanitar fəlakətə yaxın durumdadır.

İyulun 25-də axşam saatlarında A.Mirzoyan Moskvada sülh danışıqları apararkən, İrəvanda Qarabağ əhalisinə yardım adı ilə yığışan işçi qrupun toplantısı baş tutub. Bu işçi qrup hələ dekabrın sonunda, Ermənistan hakimiyyəti ilk dəfə “Laçın yolunun blokadaya alınmasından” şikayət edəndə yaradılıb. Qrup təcili olaraq, artıq iyulun 26-da Qarabağa humanitar yardım göndərmək qərarına gəlib. Artıq səhər saatlarına yaxın İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısında 19 yük maşınından ibarət karvan düzülüb. Avtomobil karvanının hərəkətə başlaması ilə hadisə rəsmi xarakter almağa başlayıb. Ermənistan hökuməti xarici səfirliklərin əməkdaşlarını oraya dəvət edib. Maşınlarının yük yerləri açılıb və səlahiyyətlilər yükün yalnız dinc məqsədlər üçün göndərildiyinə şahidlik ediblər. Rusiya tərəfini orada səfirliyinin müşaviri-elçisi Maksim Seleznyov təmsil edib.

Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Anna Jamkoçyan iştirakçılara bildirib ki, yük maşınlarında Qarabağın erməni əhalisi üçün ən zəruri yardım toplanıb.

“Burada 60 ton şəkər, 40 ton bitki yağı, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman preparatı yerləşir”, – deyə Anna Jamkoçyan qeyd edib.

Bakı və İrəvanda yük karvanının keçidini necə qarşılayıblar?

Karvanın İrəvandan yola düşməsini Ermənistan telekanalları canlı yayımlayıb. Konvoyun hərəkətini Avropa İttifaqının monitorinq missiyasının üzvləri izləyiblər, onlar Azərbaycan sərhədi yaxınlığında mövqe tutublar. Azərbaycan ərazisinin girişində, Laçın yolunun lap başlanğıcında, Həkəri körpüsünün yaxınlığında avtomobil karvanı Azərbaycan sərhədçiləri tərəfindən dayandırılıb. Bakı bəyan edib ki, konvoyun gəlişi razılaşdırılmayıb və belə konvoyların göndərilməsi Azərbaycanın suverenliyinə qəsd və “Laçın” sərhəd-buraxılış məntəqəsində növbəti təxribat törətmək cəhdi kimi qiymətləndirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan Bakını Qarabağ sakinlərini aclığa məhkum etməkdə ittiham edib.

“Əgər Azərbaycan humanitar yardımın keçməsinə icazə verməsə, soyqırımı törətmək istəyini təsdiqləyəcək. Digər tərəfdən, çatdırılmağa icazə verilməsi etimad mühitinin artırılması üçün müsbət addım olardı”, – deyə N.Paşinyan vurğulayıb.

Azərbaycan güzəştə getməyə hazır olduğunu bildirib. İrəvanın Qarabağ ermənilərinə humanitar yardım göndərmək istəyini anlayışla qarşılayan Bakı yüklərin çatdırılması üçün başqa variant təklif edib: Prezident İlham Əliyevin Blinkenə dediyi və Avropa İttifaqı, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən bəyənilən Ağdam-Xankəndi marşrutu.

Lakin Prezident İlham Əliyevin bazar günü dediyi kimi, İrəvan bu cür təkliflərə qarşı çıxıb və buna görə də Ermənistan tərəfinin “blokada” ilə bağlı bəyanatları siyasi manipulyasiyadan başqa bir şey deyil.

“Ermənistan sözlə oynamaq və yalan danışmaqdansa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, öz qüvvələrini Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır”, – deyə öz növbəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib.

Niyə İrəvan Laçın ətrafında vəziyyəti gərginləşdirir?

Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bir müddət əvvəl bildirib ki, Avropa İttifaqı Azərbaycanın Ağdam vasitəsilə Qarabağa mal tədarük etməyə hazır olduğunu nəzərə alıb, lakin bu, onun fikrincə, Laçın yolunun bərpasına alternativ kimi qəbul edilməməlidir. Lakin İrəvan inadla karvanı yönləndirməkdən imtina edir. Ermənistanı Laçın yolundan başqa digər yollardan Qarabağa yüklərin çatdırılması qane etmir. Bu təkrar açıqlama ilə A.Mirzoyan iyulun 27-də çıxış edib.

Bazar günü axşam saatlarında Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan sosial şəbəkə vasitəsi gileylənib ki, yük maşınları hələ də sərhəd-buraxılış məntəqəsində dayanıb və Qarabağa göndərilmək üçün Rusiya sülhməramlılarına humanitar yardımın təhvil verilməsini gözləyirlər. O bildirib ki, hazırda məlumat mübadiləsi davam edir, lakin hələ hər hansı bir nəticə yoxdur.

“Biz gözləməliyik və bu daşımaların təyinat yerinə çatmasını təmin etmək üçün əlimizdən gələni etməliyik”, – deyə Edmon Marukyan qeyd edib.

“Ermənistan hakimiyyətinin məqsədi Qərb ictimaiyyətinin diqqətini cəlb etmək, hay-küy salmaqdır”.

Bu sözləri isə News.ru-ya açıqlamasında siyasi analitik Sergey Markov deyib.

O qeyd edib ki, İrəvan hazırda Qarabağın erməni icması üçün maksimum muxtariyyət əldə etməyə və daimi əsasda beynəlxalq strukturları regiona daxil etməyə çalışır.

Onun sözlərinə görə, bu məsələdə Qərb ölkələrindəki erməni lobbisi də köməyə çağırılıb.

“Ermənistan Qarabağda aclıq təhlükəsindən danışmaqla Qərbi qorxutmaq və onu hərəkətə gətirmək qərarına gəlib. Məsələn, bir çoxu Avropa İttifaqını ittiham edir ki, əgər o, Krımla bağlı daha sərt mövqe tutsa idi, indi Ukraynada döyüşlər getməzdi. İrəvan Avropa bürokratiyasının bu psixoloji günah kompleksindən istifadə etməyə çalışır”, – deyə S.Markov bildirib.

Ekspert güman edir ki, Ermənistan humanitar karvan ətrafında indiki qalmaqalla kifayətlənməyəcək və bir müddət sonra oxşar bəhanələr tapıb təkrarlayacaq.

S.Markovun sözlərinə görə, hələlik Avropa İttifaqı və ATƏT nəzəri cəhətdən İrəvanın planlarını dəstəkləsələr də, onlar demək olar ki, heç nə etmirlər.

Moskva hansı mövqeyi tutur

“Həkəri körpüsündəki kimi qalmaqaldan dönə-dönə təkrarlamağa çalışacaqlar, Ermənistan hakimiyyəti gözləyir ki, bəlkə kimsə onların bu addımlarına fikir verəcək, onlar isə bunun müqabilində nəinki sülh prosesini ləngidə, həm də hansısa yeni bazarlıq edə biləcəklər”.

Bu sözləri isə açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov deyib.

“Artıq İrəvanın yalnız bir neçə təzyiq rıçaqı qalıb ki, onlardan biri də reputasiya ilə bağlıdır. Bu cəhət onun üçün humanitar aspektdən qat-qat önəmlidir. Bir çox qərb siyasətçilərinin nəzərində Azərbaycan aqressiv davranan, Ermənistan isə bu aqressiv hərəkətlərdən əziyyət çəkən tərəfdir. Bu o deməkdir ki, İrəvan informasiya siyasətində güclü ustadır”, – deyə A.Naumov vurğulayıb.

Artıq xəbər verildiyi kimi, aprel ayında Azərbaycan öz dövlət sərhədində, Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun girişində polis və sərhədçilərini yerləşdirərək sərhəd-buraxılış məntəqəsi yaradıb.

Bakı bu tədbirləri Ermənistan tərəfinin Qarabağın şimal hissəsinə, 2020-ci ilin noyabrından sonra Rusiya sülhməramlılarının nəzarətində olan zonaya qaçaqmalçılıq və silah daşımaq cəhdləri səbəbindən zəruri sayır. Yada salaq ki, dünya gücləri, o cümlədən Rusiya Qarabağın Azərbaycana məxsusluğunu mübahisələndirmir.  Yeri gəlmişkən, heç Ermənistan da bunu mübahisələndirmir.

İrəvan Moskvanı necə pis vəziyyətdə qoydu

Nikol Paşinyan sistemli şəkildə Rusiya sülhməramlılarını Laçın yolunun mühafizəsi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ermənistanın baş naziri hesab edir ki, Moskva bu yola nəzarət etmək məsuliyyətini öz üzərinə götürüb, lakin indi üzərinə götürdüyü vədləri yerinə yetirmir.

“Rusiya sülhməramlılarının müvafiq səlahiyyətləri yoxdur, çünki onlar “diplomatik tənzimləyici” deyillər və onların radikal qanunsuz hərəkətləri Azərbaycan tərəfinin hiddətinə səbəb ola, Bakı ilə Moskvanı toqquşdura bilər”, – deyə Rusiyalı politoloq Aleksey Naumov xatırladıb.  

Onun sözlərinə görə, Rusiya sərhədçiləri regionda yalnız bir məqsədlə – döyüş əməliyyatlarının bərpa edilməməsi məqsədilə yerləşdirilib və onlar bu missiyalarını icra ediblər.

“İrəvanın hər bir hərəkəti indi Rusiya sülhməramlılarının faydasızlığını göstərmək məqsədi daşıyır. Guya onlar orada sadəcə dayanıblar heç bir problemi həll etmirlər. Amma başa düşmək lazımdır ki, Bakı və İrəvan problemləri özləri həll etməlidirlər, Rusiya sülhməramlılarının müvafiq mandatı yoxdur. Yük maşınları qalmaqalı Rusiyanı bölgədən sıxışdırmağa yönəlmiş güclü bir hərəkətdir. O, dolayı yolla Rusiya vasitəçiliyinin səmərəsizliyini göstərmək məqsədi daşıyır. Halbuki bu iddialar ədalətli deyil, çünki sülhməramlılar bütün öhdəliklərini yerinə yetirirlər”, – deyə A.Naumov söyləyib.

Politoloq əlavə edib ki, Rusiya ilə Azərbaycanın müttəfiqlik fəaliyyətlərinə mane olmaq Ermənistan rəhbərliyinin yerinə yetirməli olduğu tapşırıqlarından biridir.

“Moskva ilə Bakının arasını vurmaq Paşinyanın əsas məqsədlərindən biridir”, – deyə politoloq əlavə edib.

Sergey Markov isə vurğulayıb ki, Ermənistan idealda Rusiya sülhməramlılarını Avropa İttifaqının sülhməramlıları ilə əvəz etmək istərdi, lakin orada başa düşürlər ki, bu mümkün deyil.

Buna görə də, politoloqun fikrincə, İrəvanda Rusiya sülhməramlılarının guya fəaliyyətsizliyinə görə Moskvanı pərdələnmiş şəkildə qınamaqla kifayətlənirlər.

“Oxşar məsələlər dəfələrlə təkrar ediləcək. Görünən odur ki, Paşinyan hələlik Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətində deyil”, – deyə S.Markov proqnozlaşdırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi diqqəti bir məqama çəkir ki, humanitar yardım daşıyan yük maşınlarının Qarabağa doğru istiqamət götürməsi Moskvada aparılan danışıqlardan dərhal sonraya təsadüf edib.

“Bu, Ermənistanın prosesdə səmimi olmadığını və vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir”, – deyə Azərbaycan XİN-dən bildiriblər.

Bu arada, məlumatlara görə, karvan hələ də Həkəri körpüsünün yaxınlığında dayanıb.

Eyni zamanda, müşahidəçilərin qeyd etdiyi kimi, əgər maşınlara buraxılmasalar, onların necə geri qayıda biləcəyi aydın deyil.

Hadisə yerindən yayımlanan kadrlardan aydın görünür ki, yük maşınları dönə bilmir, çünki körpünün yaxınlığında bunun üçün yer yoxdur, həmçinin dolama dağ yolu ilə geri qayıtmaq isə çox təhlükəlidir.

Beləliklə, Laçın yolu faktiki olaraq Ermənistanın özü tərəfindən qapadılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir