Siyasət

“Laçın” SBM ermənilərin əl-qolunu yığışdırıb, təxribat törədə bilmirlər” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ermənilər özlərini ərköyün, şıltaq uşaq kimi aparırlar və elə bilirlər ki, bütün dünya bunlara borcludur. Çünki tarixən onların qanında millətçilik, özündənrazılıq formalaşıb. Haylara görə, onlar dünyanın ən ali xalqlarıdır, yüksək mədəniyyətə, yüksək sivilizasiyaya malik insanlardır, bütün dünya da belə qəbul etməlidir”.

Bu fikirləri Oxu.Az-a Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadada olduğu haqqında iddialarına münasibət bildirərkən deputat Tahir Rzayev deyib. Onun sözlərinə görə, təəssüf ki, dünya dövlətləri də erməni şıltaqlığına dözür, onların hərəkətlərinə, təcavüzünə, mövqeyinə obyektiv qiymət verilmir:

“Ermənilərə lazımi anda təzyiq edilmədiyindən bu xalq təcavüzkar, xəyanətkar davranışlarla öz yolunu azır, düşünülməmiş, beynəlxalq normalara sığmayan, insanlığa zidd tələblər irəli sürür. Halbuki, hər bir müstəqil ölkənin suverenliyi, sərhədləri toxunulmazdır, dövlətlər öz qanunları ilə idarə edilirlər. Buna uyğun olaraq ərazilərindəki insanların hüquqları da müdafiə olunmalıdır. Ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bu ölkə daxilində yaşayırlarsa, onlar ölkənin qanunları ilə durub-oturmalıdırlar. Ermənilərə müstəsna səlahiyyətlər verilə bilməz və heç vaxt verilməyəcək.

44 günlük müharibə göstərdi ki, ermənilərin şıltaqlığına, oyunbazlığına son qoyulub, Azərbaycanın sərhədləri möhkəmləndirilib. İndi Prezidentin dediyi kimi, ermənilər Azərbaycan qanunlarına tabe olub, bu ölkədə yaşamaq istəyirlərsə, qalıb yaşaya bilərlər, tabe olmurlarsa, çıxıb gedə bilərlər. Digər tərəfdən, ermənilərə Ermənistana gedib-gəlmək üçün hər cür imkan yaradılıb. Alternativ yollar var, sərhəd-buraxılış məntəqəsi yaradıldı. Amma ermənilər bu yollardan hərbi sursat daşımaq, qaçaqmalçılıq üçün istifadəyə cəhd edirlər. Sərhəd-keçid məntəqəsi yaradılana qədər həmin yolla diversiya qrupları Azərbaycan ərazilərinə daxil olurdular. Təcavüzkarlar ərazilərimizi minalayırdılar, təxribat törədirdilər. Ona görə Azərbaycan tərəfindən atılan bütün addımlar beynəlxalq normalara tam uyğundur.

Ermənilərin təhlükəsiz keçidi təmin olunur, hətta onlar üçün alternativ yol da çəkilir. Ağdam yolundan istifadə edə biləcəkləri də qeyd olunub. Amma bunlarla razılaşmırlar. Onların istəyi budur ki, sərhəddə təxribatlar törətsinlər, Avropa İttifaqının həmin ərazilərdəki nümayəndələrinə düzgün olmayan informasiyalar çatdırsınlar, Azərbaycan haqqında müəyyən sanksiyaların tətbiqinə nail olsunlar. Ancaq bu, mümkün deyil”.

Tahir Rzayev Brüsseldə, Moskvada, digər şəhərlərdə keçirilən görüşləri xatırladaraq bildirib ki, hər bir təmasda qeyd olunub – Azərbaycan sərhədləri toxunulmaz olaraq qalacaq və Azərbaycana heç bir ölkənin diktəsi təsir eləyə bilməz:

“Çünki Azərbaycan öz hərəkətlərində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, milli təhlükəsizliyi əsas məsələ kimi qarşıya qoyur və bunu müdafiə etməkdə haqlıdır. Ermənilər sülh müqaviləsinin imzalanmasını uzatmaq, təxribatlar törətmək, dünyanın bəzi dövlətlərini bu məsələyə cəlb etmək, öz çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Ancaq Azərbaycan dövləti güclüdür, öz siyasətində davamlıdır, yenilməzdir. Ermənilərin hay-küyü əsassızdır. Onlar blokadada deyillər, iddia etdikləri kimi ac-susuz, şəraitsiz deyillər. Birmənalı olaraq anlamalıdırlar ki, Azərbaycan qanunlarına tabe olub, Azərbaycan dövləti tərəfindən hər şeylə təmin oluna bilərlər. Bu imkanlar dura-dura yenə də  separatçılıq yolunu tuturlar”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir