Siyasət

Blinkenin Əliyevə zəngi: Ağ Evin yeni planı – TƏHLİL

Sharing is caring!


İyulun 29-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Vaşinqtonun regional konfiqurasiya qurmaqda artan iddialarından xəbər verir.

Yaxın Şərqdə nüfuz itkisi ilə üzləşən, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi çəpərlərlə əhatə olunan ABŞ-nin Cənubi Qafqaz üzrə planlarını itiləməsi başadüşüləndir.

Blinkenin Əliyevlə danışıqları ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyindəki moderatorluq statusunu qaldırmağa hesablanıb və ümumilikdə Vaşinqton perspektiv üçün regional siyasətini qurcalayaraq nimdaş görünənləri çıxdaş etmək istəyir.

Ağ Evin Azərbaycan-Ermənistan danışıqlar masasındakı vasitəçilik səylərini zəiflədə biləcək əsas faktor Rusiyadır, indi ABŞ çalışır ki, Kreml onun manevrlərini zədələyəcək planı işə salmadan qabaqdangəlmişlik etsin.

Lakin ABŞ ilə Rusiya son zamanlar Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı eyni leksikonla danışırlar ki, bu da Vaşinqton-Moskva arasında sövdələşmə ehtimallarını önə çıxarır.

Bunlar ayrı mövzunun predmeti kimi inkişaf etdirilə bilər, hərçənd, o da bəllidir ki, bütün proseslər və danışıqlar bir-birilə əlaqəli şəkildə cərəyan edir. 

Əliyevlə Blinkenin telefon danışığı Azərbaycanın Birinci Qarabağ müharibəsində iştirak edərək azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsinə başlaması məntiqində də maraq kəsb edir.

Çünki Vaqif Xaçatryanın Laçındakı sərhəd-buraxılış məntəqəsində saxlanılması regional şəkilləndirmədə Bakının əlini bərkidəcək elementlər sırasında özünə yer tutur.

ABŞ isə regionda siyasətini təzələməyə çalışsa da, köhnə leksikondan bərk yapışır, “Qarabağda humanitar böhran” tipli tezislərini gündəmdə saxlayır.

Bunun o qədər də önəmi yoxdur, ən azından ona görə ki:

1. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurub və Ermənistandan Qarabağa giriş-çıxışı iti gözlə müşahidə edir;

2. Laçındakı postun sökülməsi müzakirə mövzusu belə ola bilməz, bu baxımdan növbəti danışıqlar həmin postun yaratdığı reallıqların dərk edilməsinə köklənir.

ABŞ bu reallıqlardan yola çıxaraq hərəkət edir, hətta ola bilsin ki, özünün vasitəçilik səylərinin gözünə Azərbaycan hakimiyyəti ilə Qarabağdakı ermənilər arasında dialoqa töhfə vermək ideyalarını da qatır.

Əliyevin Blinkenlə danışıq zamanı “Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir” deyə bildirməsi Vaşinqtondan gələ biləcək dialoq üçün vasitəçilik siqnalı ilə əlaqəli ola bilər.

Ancaq ABŞ belə bir prosesdə iddialıdırsa:

– Azərbaycanın suveren maraqlarını nəzərə almalıdır;

– Laçından Qarabağa humanitar yük daşınması cəhdlərinin əleyhinə çıxmalıdır, çünki Ermənistan həmin addımla Qarabağdakı açıq qalan məsələlərin həlli prosesini zədələyir;

– Azərbaycanın Ağdam-Xankəndi yolu ilə ermənilərə yük daşınmasını təşviq etməlidir.

İlham Əliyevin Antoni Blinkenə Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etmək barədəki təklifini xatırlatması eyni məntiq üzərindən əhəmiyyət kəsb edir.

Əliyevlə Blinkenin telefon danışığından çıxan nəticə budur ki, ABŞ Azərbaycan-Ermənistan danışıqları üzrə profilini qaldırmaq üçün yeni masa qurmaq istəyir.

Bu masada son günlər baş verənlər – Ermənistandan Qarabağa yük daşınması cəhdləri, Azərbaycanın Ağdam-Xankəndi yolunu alternativ kimi qabartması – əsas müzakirə mövzusu ola bilər.

ABŞ, həmçinin, Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı ermənilər arasındakı təmaslarda bu zamana qədər nümayiş etdirmədiyi aktivlik göstərməkdə maraqlı tərəf kimi görünür.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir