Siyasət

“Başqa yol yoxdur! Oyun bitdi!” – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Bakı onun milli maraqlarını təhdid edən bütün planları əvvəldən təxmin edir və zərərsizləşdirmək üçün önləyici addımlar atır. Bu siyasətin konturları tam açıqlanmasa da, nəticəsi son üç ildə aparılan sülh danışıqları prosesi zamanı Azərbaycanın məntiqə və konkret hədəfə yönələn addımlarının ardıcıllığında müşahidə edilir.

Laçın sərhəd buraxılış məntəqəsinin qarşısında artıq bir neçə gündür növbəti erməni “şou”sunun şahidi oluruq. İrəvan sözdə “Qarabağ Azərbaycandır” desə də, baş verənlər Ermənistan rəhbərliyinin bu bəyanatında heç də səmimi olmadığını göstərir. “Qarabağda humanitar fəlakət” şüarı ilə rəsmi Bakının icazəsi və razılığı olmadan onlarla yük maşını “humanitar yardım” adı altında Laçın sərhəd buraxılış məntəqəsinin qarşısında dayanıb. İrəvan israrla bu maşınların Xankəndiyə göndərilməsini tələb edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edir ki, İrəvan Qarabağa yüklərin çatdırılması yollarını müzakirə edə bilməz, bunun üçün heç bir səlahiyyəti yoxdur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İrəvan sülhdən qaçır

Bəs bəyanatları ilə Azərbaycanın mövqeyi ilə razılaşdığını deyən Ermənistan rəhbərliyinin “humanitar yardım şou”sunun əsas məqsədi nədir? Diqqət edək. Rəsmi Bakı bəyan edir ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sənəd formasında imzası ilə təsdiqləsə, sülh sazişi ilin sonuna kimi imzalana bilər. Bu isə İrəvan üçün “Qarabağ problemi”nin bitdiyinin təsbitidir. Hansı ki, bölgədə münaqişəli vəziyyətdən istifadə edən güclərin də əlindən azərbaycanlı-erməni qarşıdurması kartı birdəfəlik çıxmış olacaq. Bu səbəbdən Paşinyan hökuməti daxildəki revanşistlərdən gələ biləcək təhlükəni neytrallaşdırmaq, daha doğrusu, hakimiyyətini qorumaq üçün müxtəlif bəhanələrlə sülh sazişinin imzalanması prosesini uzatmağa, vaxt qazanmağa çalışır. Xankəndidəki separatçıların məlum “oyunları” fonunda “Qarabağda humanitar fəlakət” tezisi isə həm Paşinyan, həm də bölgədə sülhün olmasını istəməyənlər üçün ideal bəhanə sayıla bilər.

Paşinyanın suya düşən planı

“Humanitar yardım şou”sunda ən çox diqqəti cəlb edən məqamlardan biri də, “yardım karvanı”nı Avropa İttifaqından olan müşahidəçilər missiyasının müşayiət etməsidir. Erməni rəsmilərinin bəyanatında isə başlıca hədəf olaraq Qarabağdakı rus sülhməramlıları göstərilir, onlara avtomobillərin Xankəndiyə buraxılmasını təmin etmək üçün çağırışlar olunur. Yayılan videogörüntülər və fotolardan bu “oyun”un hansı mərkəzlər tərəfindən hazırlandığı və məqsədin nə olduğu aydın görünür. Üç ölkənin xarici işlər nazirlərinin görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrovun “İrəvan Qarabağ ermənilərini Bakı ilə dialoq qurmağa təşviq etməlidir” bəyanatı əslində Paşinyanın Ermənistanın Qarabağdakı olaylarda məsuliyyəti Rusiyanın boynuna atmaq planlarını puç edir. Bu baxımdan Laçın yolunun qarşısındakı “şou”nun başlanma vaxtının seçimi də təsadüfi deyil.

Azərbaycanla Rusiyanı qarşı-qarşıya gətirmək istəyirlər

Paşinyan və havadarlarının “yardım şou”sunda başlıca məqsədlərdən biri Azərbaycanla Rusiyanı qarşı-qarşıya gətirməkdir. Lakin rəsmi İrəvan Azərbaycan tərəfindən bir neçə gün əvvəl Şuşadan ən ali səviyyədə verilən bəyanatı unudur: Heç kim Azərbaycan ərazisində onlar üçün bizimlə müharibə etməyəcək. Yəni Bakı onun milli maraqlarını təhdid edən bütün oyunları əvvəldən təxmin edir və zərərsizləşdirmək üçün önləyici addımlarını atır. Bu siyasətin konturları tam açıqlanmasa da, nəticəsi son üç ildə aparılan sülh danışıqları prosesi zamanı Azərbaycanın məntiqə və konkret hədəfə yönələn addımlarının ardıcıllığında müşahidə edilir.

Ağdam-Xankəndi yolu təklifi

Bu prosesdə də Azərbaycanın beynəlxalq hüquqa və normalara əsaslanan cavab addımı özünü çox gözlətmədi. Bakı Qarabağdakı ermənilərə humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşına biləcəyini açıqladı. Amma Xankəndidə sülhün olmasını istəməyənlərin sifarişlərini yerinə yetirən separatçılar dərhal Ağdam-Xankəndi yolundan imtina etdilər. Sual yaranır. Əgər həqiqətən də bölgədə humanitar vəziyyət ağırdırsa, deyildiyi kimi, ərzaq, tibbi ləvazimatlar və s. çatışmırsa, ermənilər Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasını niyə istəmirlər?

Separatizmin kökü qurudulacaq

Əslində Bakının alternativ yol təklifi digər məqamları da ardı ilə gətirəcək. Bu yoldan təhlükəsiz formada istifadə, avtomatik olaraq, Ağdərə-Kəlbəcər yolunda Azərbaycana məxsus avtomobillərin hərəkətinin bərpası məsələsini gündəmə gətirəcək. Yardımların Azərbaycan tərəfdən edilməsi Qarabağda “120 min erməninin yaşadığı” barədə mifi dağıdacaq. Mümkündür ki, humanitar yardımın ünvanlı və dəqiq siyahı üzrə paylanılması tələb ediləcək. 30 illik işğal dövründə Qarabağda 1988-ci ilə kimi qeydiyyatda olmayan minlərlə qeyri-qanuni məskunlaşan və Qarabağın yerli ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxaraq separatçıların əsas sosial bazasını təşkil edən ermənilərin ərazilərimizi tərk etməsi tələb olunacaq. Ermənistan büdcəsindən Qarabağa ayrılan və separatçı xuntanın əsas gəlir yeri olan milyonlarla dollar maliyyə axınının qarşısı alınacaq. Ermənistandan humanitar yardım adı altında göndərilən məhsulların mənimsənilərək sonradan özlərinə məxsus ticarət obyektlərində satışına, bununla da çox gəlirli sayılan mühüm qazanc kanalına son qoyulacaq.

“Başqa yol yoxdur! Oyun bitdi!”

Bir şey dəqiq məlumdur: Bakı bu məsələdə heç bir güzəştə getməyəcək. Artıq bu mövqe beynəlxalq ictimaiyyətin və İrəvanın da diqqətinə açıq şəkildə çatdırılıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bildirib ki, təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. “Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!” – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir