Siyasət

Bayram düşüncələri

Sharing is caring!


Bilirik ki, gördüyümüz iş dövlətimizin və cəmiyyətimizin gələcəyi üçün çox vacibdir. Bilirik ki, güclü media dövlətimizin gücünə güc qatar.

İllər çox sürətlə keçir. Sürətlə keçən bu illərdə dünya da çox sürətlə dəyişir. Bu gün artıq real dünyamızla yanaşı, virtual dünya da həyatımızda xüsusi rol oynayır. Bu dəyişikliklər mediadan da yan keçmir. Son illər internet mediası, sosial media kimi terminlər leksikonumuza çox sürətlə daxil olmaqdadır. Özü də bunlar təkcə adi sözlər deyil. İşimizə birbaşa təsir edən, onun mahiyyətini dəyişən nəsnələrdir.

Bəli, bu gün media tamamilə yeni bir yola qədəm qoyub. Artıq ənənəvi media da yeni media alətlərinə inteqrasiya etmək yolunu tutub. Hazırda nəinki qəzetlər və saytlar, hətta televiziyalar da sosial medianın yaratdığı yeni reallıqlardan istifadə etmək yolu ilə özlərini təqdim edə bilirlər. Bu gün 148 yaşını qeyd edən Azərbaycan mediası bu dəyişmə prosesini real olaraq yaşamaqdadır. Sirr deyil ki, dəyişmə, yeniləşmə prosesi həmişə ağrılı keçir. Bizdə də bu proseslər kataklizmlərsiz ötüşmür. Bəzən narazılıqlar, incikliklər də olur. Amma proses gedir və bu, qarşısıalınmazdır.

Ənənəvi media öz varlığını qoruyub-saxlayıb

Bayram günündə, təbii ki, mediamızın əldə etdiklərindən, uğurlarından bəhs etməliyik. Əlbəttə, bütün çətinliklərə baxmayaraq, bu gün Azərbaycanın ənənəvi mediası öz varlığını qoruyub-saxlayıb. Köhnə dəyərlərin sürətlə sıradan çıxmaqda olduğu bu dövrdə varlığın qorunub-saxlanılması da böyük uğur kimi qiymətləndirilə bilər. Media bu gün yenə də ictimai rəyin formalaşdırılmasında öz rolunu oynayır. Kimsə deyə bilər ki, bu gün ictimai rəyin istiqamətverici qüvvəsi sosial mediadır. Ola bilsin ki, belədir. Amma nəzərə almaq lazımdır ki, bu gün sosial mediadakı ictimai rəyi istiqamətləndirənlərin də çoxu ənənəvi media orqanlarında çalışan qələm adamlarıdır.

Media sipər rolunda

148 yaşlı milli mətbuatımız öz üzərinə düşən missiyanı çox yaxşı anlayır. Biz bilirik ki, medianın əsas vəzifəsi məlumatların çatdırılması, problemlərin tapılaraq üzə çıxarılması, təqdim edilməsi, həll yollarının göstərilməsidir. Mediamız bütün çətinliklərə baxmayaraq, bu istiqamətdə çalışır. Neçə-neçə problem məhz medianın ictimailəşdirməsindən sonra həllini tapır. Bu gün hər birimiz dünyanın “feyk-nyus”larla necə idarə olunduğunu əyani şəkildə görürük. Neçə-neçə dövlətin bu yolla hansı talelər yaşadığı çoxumuz üçün sirr deyil. Bu baxımdan, mediamız həm də bu tipli yalan xəbər maşınlarına qarşı mübarizə aparır, mən deyərdim ki, hətta sipər rolunu oynayır. İllər keçdikcə mediamızın bu istiqamət üzrə savadlılığı da artır, təcrübə qazanıldıqca maneələr daha asan aşılır. Mediamızla paralel olaraq cəmiyyətimizin, insanlarımızın da media savadlılığı artır.

Bu işlə peşəkarcasına məşğul olmaq daha da çətinləşib

Ümumi götürəndə jurnalistika həmişə çətin peşə olub. Son illərdə isə bu işlə peşəkarcasına məşğul olmaq daha da çətinləşib. Kənardan çox parıltılı görünən bu peşə, daxilinə varanda çox əziyyətlidir. İndi yazmağı bacaranların böyük əksəriyyəti özünü jurnalist hesab edir. Hətta normal yazmağı bacarmayanlar belə, sosial şəbəkə hesablarında peşəkar jurnalistlərə “dərs keçir”, necə yazmaq lazım olduğunu “öyrədirlər”. Belə şəraitdə işləmək, həqiqətən də, asan deyil. Amma biz işləyirik. Bilirik ki, gördüyümüz iş dövlətimizin və cəmiyyətimizin gələcəyi üçün çox vacibdir. Bilirik ki, güclü media dövlətimizin gücünə güc qatar. Ordumuz 44 günlük Vətən müharibəsində öz gücünü əyani olaraq nümayiş etdirdi. İnşallah, mediamız da informasiya savaşında parlaq qələbələr qazanmaqla Azərbaycanın daha güclü dövlət olmasına töhfəsini verəcəkdir. Bayramımız mübarək, əziz həmkarlar!

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir