Siyasət

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində – FOTO

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Pakistanın rəsmi “Associated of Pakistan” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamları dərc edib. Agentliyin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Xəbərdə qeyd olunub ki, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.

Pakistanın informasiya agentliyi vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, – bu, bizim üçün çox böyük dəstək idi”.

Materialda diqqətə çatdırılıb ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk xəbərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Sonda qeyd edilib ki, Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

“Belarus seqodnya” nəşri öz xəbərində yazıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya toplayıb. Bu mötəbər tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Rəsmi açılış mərasimindən sonra Forum işini sessiyalarda davam etdirəcək, rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk xəbərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə olunacaq.

Bu nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rusiya-Azərbaycan münasibətləri barədə söylədiyi fikirlər də yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.

Prezident İlham Əliyevin Forumdakı çıxışı qardaş Türkiyənin “TRTHaber”, “Takvim”, “Yeni Şafak”, “HaberGlobal”, “Milliyet, “Anadolu” agentliyi və başqa telekanal, agentlik, qəzet və portalları tərəfindən geniş işıqlandırılıb. Bu media orqanları dövlətimizin başçısının söylədiyi “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, – bu, bizim üçün çox böyük dəstək idi” fikirlərini ön plana çıxarıblar.

Türkiyə mediasının dərc etdiyi materiallarda vurğulanıb ki, dünyada və regionda vəziyyətin dəyişməsinə, yaranan yeni reallıqlara toxunan Azərbaycan Prezidenti dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyənin bu məsələdə mühüm rolunu vurğulayıb, Ankaranın, eyni zamanda, qarşıdakı illərdə daha çox qlobal nüfuz qazanacağını bildirib.

Şuşa Qlobal Media Forumu Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyinin yaydığı, habelə “News.ru” və “Ria.ru” saytında yerləşdirilən xəbərlərdə Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Türkiyə ilə əlaqələrin daha da güclənəcəyi, Bakının Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi, Qarabağa yaxın üç ildə 150 min azərbaycanlının qayıdacağı, Ermənistanla sülh sazişinin bu ilin sona qədər imzalanması ehtimalı barədə fikirləri yer alıb. “Vesti Kavkaza” portalı isə dövlətimizin başçısının Ermənistanın mina terroru, Azərbaycan dövlətinin ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyəti haqqında fikirlərinə geniş yer ayırıb. Rusiya mətbuatı, həmçinin Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir