Siyasət

Qərbi Azərbaycan Xronikası: “Ermənilər 1918-ci ildə babama 8 güllə vurublar” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun 22 iyul Milli Mətbuat Günü ərəfəsində müsahibi “Sovet Ermənistanı” qəzetində baş redaktorun müavini işləmiş qocaman jurnalist Allahyar Rəhimov olub.

O, Qərbi Azərbaycanda ötən əsrin əvvəllərində və sovetlər birliyi dövründə yaradılan mətbuat orqanlarından, bu qəzetlərin fəaliyyətindən söhbət açıb: “Görkəmli publisist, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin sorağı İrəvan şəhərinə və azərbaycanlılar yaşayan bir çox bölgələrə gedib çatıb”.

A.Rəhimov deyib ki, o dövrdə İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni həyatın önündə gedən İrəvan ziyalıları milli mətbuatımızın ilk qaranquşu sayılan “Əkinçi” ilə əməkdaşlıq etməklə bərabər, özlərinin mətbuat orqanlarını da təsis ediblər. “İrəvan ziyalıları ayrı-ayrı vaxtlarda özlərinin qəzet və jurnallarını dərc etdiriblər. “Lək-lək”, “Burhani həqiqət” jurnallarını, “Kommunist”, “Zəngi”, “Sovet Ermənistanı” qəzetlərinin adlarını qeyd edə bilərik. Bu mətbuat orqanlarını yaratmaqla, İrəvan ziyalıları xalqın maariflənməsi istiqamətində böyük işlər görmüşdülər”.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda mətbu orqan təsis edən, eləcə də İrəvandakı qəzet və jurnallarda fəaliyyət göstərən ziyalılar daim ermənilərin təqibləri, təzyiqləri, təhdidləri ilə üzləşiblər: “Ermənilər istəmirdilər ki, azərbaycanlılar arasında savadlılıq yüksək səviyyədə olsun. Ona görə də maarifpərvər ziyalıları, o cümlədən qəzet və jurnallarda çalışan mətbuat nümayəndələrini təqib edir, onlara müxtəlif vasitələrlə təsir göstərir, hətta qətlə yetirirdilər. Ötən əsrin əvvəllərində İrəvanda nəşr olunan qəzet redaksiyalarının yandırılması, əməkdaşlarının öldürülməsinə dair faktlar deyilənlərə əyani misaldır. Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvanda çap olunan azərbaycan dilli mətbuat orqanları sırasında ən populyarı “Sovet Ermənistanı” qəzeti idi. Milli siması ilə yadda qalan bu mətbuat orqanında Azərbaycan ziyalıları çalışırdılar. Hətta bu dövrdə də erməni şovnizmi həm qəzetlərin, həm də azərbaycanlı yazarların fəaliyyətinə müdaxilələr edir, ayrı-seçkiliyə məruz qoyurdular”.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı, deportasiya siyasətindən söhbət açan A.Rəhimov özünün və ailəsinin 1949-cu ildə deportasiyaya məruz qaldığını, yeddi yaşı olanda azərbaycanlıların vaqonlarda Zərdab rayonuna köçürülməsinin şahidi olduğunu deyib: “Mən Abaran rayonunun Kirəçli kəndində anadan olmuşam. Böyüklərim danışırdı ki, 1918-ci ildə babamla birlikdə səkkiz nəfər azərbaycanlını daşnak ermənilər qətlə yetiriblər. Təkcə babama səkkiz güllə vurublarmış. Yeddi yaşım tamam olanda Stalin-Mikoyan işbirliyinin nəticəsi olaraq, bir çox Qərbi Azərbaycan sakinləri kimi mən də öz doğma el-obamdan deportasiya olunmuşam. Bizi vaqonlara doldurub Azərbaycanın Zərdab rayonuna gətirdilər. Bir müddət sonra biz yenidən Abaran rayonuna qayıtdıq. Bu dəfə qonşu Babakişi kəndinə köçdük. Ermənilər o kəndin adını dəyişib Bujaqan qoymuşdular. Səkkizinci sinifə qədər bu kənddə oxudum, sonra İrəvandakı məktəbdə təhsilimi davam etdirdim. Hərbi xidmətdən qayıdandan sonra İrəvanda ali təhsil aldım və sonra “Sovet Ermənistanı” qəzetində işlədim. Bu qəzetdəki fəaliyyətim 1988-ci ilin deportasiyasına qədər davam etdi”.

A.Rəhimov ermənilər üçün vətən amilinin, vətən anlayışının yad olduğunu söyləyib.

Qərbi Azərbaycana Qayıdışla bağlı həyata keçirilən siyasəti, bu istiqamətdə atılan addımları müsbət qiymətləndirən A.Rəhimov Göyçəyə, Zəngəzura, İrəvana sahib çıxmaxın zəruriliyini vurğulayıb: “Tarixi gerçəkliyi kimsə inkar edə bilməz. Qərbi Azərbaycan qədim türk torpaqlarıdır. Biz gec-tez o torpaqlara qayıtmalıyıq. Tarixən bu coğrafiyaya nəzarət biz türklərə məxsus olub. Bu tarixi gerçəkliyi bərpa etməliyik. Doğma vətənimiz Qərbi Azərbaycandır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir