Siyasət

Özünü “nazir” kimi aparan Nazirlər Kabineti

Sharing is caring!


Gədəbəyin Söyüdlü kəndinin sakinlərinin ərazidəki qızıl mədənində fəaliyyət göstərən xarici şirkətin səbəb olduğu ekoloji problemlərdən narazılığı son günlər ölkədə müzakirə edilən ən qalmaqallı xəbər oldu desək, yəqin ki, səhv söyləmiş olmarıq. Mədən kimə verilib, necə verilib, hansı əsaslarla fəaliyyət göstərib kimi suallar da cavabsız qalıb. Bir digər maraqlı və önəmli məqam isə etirazlardan sonra başladılan araşdırma işlərinin nəticəsinin hələ də məlum olmamasıdır.

Hər şeyə mərhələli şəkildə nəzər salsaq, yəqin ki, ümumi mənzərə bizim üçün daha da aydın olar. 

İlk etirazlar iyunun 20-də olub. Sakinlər kənddə zərərli kimyəvi tullantıların atılacağı ikinci gölün yaradılmasına etiraz olaraq ayağa qalxıblar. Bundan sonra əraziyə polis əməkdaşları cəlb edilib və polislərlə yerli sakinlər arasında insident yaşanıb.

Tərəflər arasındakı məsələlərə hüquqi müstəvidə aydınlıq gətirildikdən sonra Nazirlər Kabinetinin tapşırığı ilə sahədə monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradıldı. Həmin o komissiya ki zavodun fəaliyyətinin qanuni əsaslarını, təbiətə dəymiş ziyanı, yaranmış ekoloji kirlənmənin aradan qaldırılması və ümumilikdə Söyüdlü kəndindəki xoşagəlməz vəziyyətin dəyərləndirilməsini aparıb Azərbaycan xalqına məruzə etməli idi. Amma … 

Az qala bir ay vaxt keçib, hələ də araşdırmanın nəticələri barədə məlumat yoxdur. Təkcə o bəllidir ki, ərazidə şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb. 

Hadisə ilə bağlı növbəti tarix isə iyulun 11-nə təsadüf edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Söyüdlüdə baş verənlərə münasibət bildirib. Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) işi barədə tənqidi fikirlər səsləndirib. 

İlham Əliyevin iradlarından sonra prosesdə qurumların müəyyən aktivliyi müşahidə olunub. Təkrar edək, müəyyən aktivlik. Bunu ona görə təkrar deyirik ki, araşdırma prosesi sadəcə ölü nöqtədən tərpəndi. O da qismən. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövcud vəziyyət barədə yeni məlumatlar verib, yaradılan komissiyanın ikinci iclası keçirilib və tapşırıq verilib ki, əraziyə növbəti səfər olsun.

Prosesdə böyük bir natamamlıq var. Hadisə bəlli, yer bəlli, qurum bəlli, nəticə bəlli. Bircə bəlli olmayan yanaşmadır. Daha doğrusu onun düzgün olmaması. Problemin ən yaxşı həlli yolu onun baş verməsinə imkan verməməkdir. Kimsə göz yumub, Söyüdlüdə təbiətə qarşı “kiçicik” hörmətsizlik edilib. Necə olur ki, daşı daş üstə qoyursan qapını döyməyən dövlət qurumu qalmır. Bəzən hətta daşa əlini vurmağa da ehtiyac olmur, niyyətlənməyin kifayətdir ki, artıq məmur səni haqq-hesaba çəksin. Burada isə kənd və hətta rayon səviyyəsində ekoloji problem yaşanır, amma heç kim görmür, eşitmir, bilmir. Nəsə inandırıcı gəlmədi! 

Bu sahəyə nəzarət edən bir neçə qurum eyni anda hara baxırdı? Nə idi onları üç meymunu oynamağa məcbur edən? 

Aidiyyəti qurumlar məsələnin bu həddə böyüməsinə imkan verməməliydilər. Məlum olub ki, 2018-ci ildən sözügedən ərazidə monitorinq aparılmayıb. Rüblük, yarımillik və s. yoxlamanı qoyduq bir kənara, heç kimin ağlına gəlməyib ki, bu həcmdə böyük işin getdiyi zavoda heç olmasa ildə bir dəfə baş çəkim. Bəlkə də baş çəkiblər, nə bilmək olar? 

Axı qızıl mədənindən əraziyə müxtəlif kimyəvi maddələrin axıdılacağı aydın idi. Çünki zavod işə başlayanda onun hansı prinsiplərlə işləyəcəyi bəyan edilir. Buna nəzarəti həyata keçirmək ekologiyanın qorunmasından birbaşa məsul olan nazirliyin vəzifəsi idi. Şərti olaraq qəbul edək ki, nazirlik görmədi, bələdiyyə və ya icra nümayəndəsi niyə o səfalı yerlərə baş çəkməyib? Belə çıxır ki, həmin o yerlər qalstukluların “yadından” çıxıb.

Xarici şirkət Azərbaycanın təbii sərvətini istismar edir və ekologiyamıza zərər vurur – hər ikisi də birbaşa ETSN-nin nəzarət etməli olduğu sahələrdir. Digər tərəfdən, mümkün deyil ki, geridə qalan illər ərzində Söyüdlü sakinləri ərazidəki ekoloji problem barədə müvafiq qurumlara müraciət ünvanlamasınlar. Kənd sakinləri deyirlər ki, müraciət etmədiyimiz qurum qalmayıb. Şikayətlər həm rayon icra hakimiyyəti səviyyəsində, həm də paytaxta müraciətlər formasında edilib. Amma komissiyanın iclasına toplaşan qurum rəsmiləri vaxtı ilə etinazıslıqlarının yaratdığı problemi həll etmək əvəzinə yenə də vaxt uzadır, təşəbbüs nümayiş etdirməkdən çəkinirlər. Nazirlər Kabineti ona görə yaradılıb ki, ölkə üzrə fəaliyyət göstərən nazirliklər koordinasiyalı şəkildə fəaliyyət göstərsinlər və yaranan istənilən problem minimum vaxtda həll edilsin. 

Adıçəkilən qurumun əsasnaməsində deyilir ki, Nazirlər Kabinetinin Aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını, habelə bu Əsasnaməni rəhbər tutur. Burda bir məqam diqqəti çəkir –  Aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq aparır. Bəs Söyüdlüdə yaşayan sakinlərin ən ali konstitusion hüququ olan yaşamaq hüququ niyə məhdudlaşdırılır? Və ya həyat üçün təhlükəli olan şərait vaxtında aradan qaldırılmır? Təəssüf ki, yenə də açıq sual… 

İkinci maraqlı məqam – Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir. Deyəsən buradakı “fəaliyyət” sözü axırıncı dəfə elə yazılanda yada düşüb. Elə olmasa idi ən adi prosedur qaydasında tənzimlənməli olan məsələ ölkə başçısı səviyyəsində həll edilməli deyildi. Azından məntiq bunu deyir. 

İlham Əliyev iclasda göstərişlər verərək, iradlarını bildirib, problemin tez bir zamanda həllinin vacibliyini vurğulayıb. Ancaq hər belə məsələdə Prezidentin göstərişlərini gözləyəcəklərsə, nazirliklərin funksiyası nədən ibarətdir? Kimə lazımdır “N” qədər ştat yeri? Nəyə lazımdır həmin o işçiləri saxlamaq üçün büdcədən ayrılan milyonlarla əməkhaqqı və imtiyazlar? 

Nazirlər Kabineti yalnız Prezidentin çıxışından sonra əlini daşın altına qoydu. Məclis-i Məbusan toplaşdı, yeni (gecikmiş-red.) göstərişlər verildi. Ancaq buna qədər İlham Əliyev onsuz da lazım olan hər şeyi söyləmiş, tapşırıqlarını vermişdi. 

Tutaq ki, növbəti iclası keçirmək vacib idi. Bəs hanı nəticələr? Söyüdlüyə yenidən baxış, növbəti monitorinq – bu, nə vaxta qədər davam edəcək? 5-15 – neçə səfər etmək lazımdır? Yerində addımlamalar hara kimi davam edəcək? 

Nazirlər Kabineti bir aya yaxındır, bir kənddə sakinlərin dərdinə əlac tapa bilmir. Sanki gedib əraziyə baxıb qayıtmaqdan başqa iş görülmür. Əməli fəaliyyət, konkret nəticədən söhbət getsə, bizə də deyərsiniz. Niyə? Çünki bunun işartıları da görünmür.

Bu, təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nazir Muxtar Babayevlə bağlı problem deyil. Sadəcə, bir nazirliyin və nazirin timsalında qabaran məsələdir. Sadəcə bu dəfə mərcək altına o düşdü. 

Nazirliklər iş görürmüş təəssüratı yaratsalar da, reallıqda olan mənzərə tam fərqlidir. İş yoxdur, amma gözəl imitasiya var. İşin cilalanmış, gözəl qiyafəyə bürünmüş imitasiyası. Əgər bu qədər vaxtdır qurumların fəaliyyəti bu formada davam edirsə, insafən demək lazımdır ki, imitasiya şousu işə yarayıb. Belə görünür ki, nazirliklərin reaksiya verməsi üçün növbəti “Söyüdlü hadisələri” baş verməlidir?

Nazirliklər sanki unudurlar ki, onların fəaliyyəti vətəndaşların həyatının asanlaşmasına yönəlməlidir, onların işini bir qədər də çətinləşdirməyə yox!

Səhlənkarlıq, nəzarətsizlik, passiv müşahidəçilik – ölkə başçısının müşavirə zamanı ETSN barədə səsləndirdiyi bu ifadələri ümumən digər qurumların fəaliyyətinə də aid etmək olar. Yaxud da fəaliyyəsizliyinə…

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir