Siyasət

Kosovonun Serbiyaya qaytarılması indi mümkün deyil, lakin Bakı mediator ola bilər – Milan Lazoviçlə MÜSAHİBƏ

Sharing is caring!


Serblərin əksəriyyət təşkil etdiyi Kosovoda, əsasən də qismən tanınan bu qurumun (Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımayıb) şimalında vəziyyət gərgin olaraq qalır. Serbiya Prezidenti Aleksandr Vuçiç bu yaxınlarda Kosovoda vəziyyətin gərginləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin zəruriliyini bəyan edib.

Vuçiçin sözlərinə görə, Serbiya istənilən dialoqu davam etdirməyə hazırdır, lakin o, küncə sıxışdırılıb. Bir müddət əvvəl isə Serbiya prezidenti deyib ki, ölkəni çətin günlər gözləyir, o, Kosovo və Metohiya ilə bağlı vəziyyətin necə olacağını bilmir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç bununla bağlı vəziyyəti Oxu.Az-a şərh edib.

– Sizcə, Serbiya liderini beynəlxalq qurumlara müraciət ünvanlamağa nə vadar etdi?

– Kosovo məsələsi çoxdan yetişib, vəziyyət eskalasiyanın pik nöqtəsinə yaxınlaşır. Mövcud formatlar, belə deyək, Serbiya ilə Kosovo arasında qarşılıqlı əlaqə nəticə vermir. Seçkilərlə bağlı son hadisələr, təxribatlar bunu sübut edir. Ona görə də Belqrad problemin müzakirəsini dünya səviyyəsinə çatdırmaq istəyir.

Bu yaxınlarda mətbuatda 1995-ci ildə ABŞ-də Bosniya ilə bağlı “Deyton sazişləri” kimi bir şeyin (həmin vaxt Bosniya və Herseqovina iki hissəyə – Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasına, üstəgəl Brçko muxtar bölgəsinə bölündü) Kosovo üçün hazırlandığı barədə məlumatlar yayıldı. Ola bilsin ki, Kosovo mövzusunun qlobal müstəviyə çıxarılması gələcək yeni “Deyton”a doğru atılan addımlardan sadəcə biridir, lakin hər halda bu, dünya ictimaiyyətinin diqqətini problemə cəlb etmək üçün aşkar cəhddir.

– Bəs Serbiya üçün Kosovo problemini necə həll etmək olar? Aleksandr Vuçiçin “Serbiya istənilən dialoqu davam etdirməyə hazırdır, lakin küncə sıxışdırılıb” ifadəsini sitat gətirəcəyəm. Bu, görünür, tam olaraq belədir. Ən təsirli üsul güc həllidir. Bununla belə, Serbiya hələ də hərbi cəhətdən kifayət qədər zəifdir, həmçinin NATO ölkələri ilə əhatə olunub və Kosovoda NATO kontingenti var…

– Belqrad, həqiqətən də, çətin ki, hərbi yolu seçsin. Amma mən Kosovonun şimalında serblərin təhlükəsizliyinin təmin edilməsi şəklində həll yolunun müəyyən imkanlarını görürəm. Əslində mümkündür və çox güman ki, Belqrad buna can atır. Həmçinin, Serb bələdiyyələrinin icmasını yaratmaq olar – 10 ildir bunun müzakirəsi gedir. Bunu etmək olar, amma Qərbin kömək etməsi – Kosovo-Alban strukturlarına təzyiq göstərməsi şərti ilə. Amma indiki mərhələdə bütün Kosovonun Serbiyaya qaytarılması hələ mümkün deyil.

– Belqrad kömək istəyi ilə Ankaraya üz tutdu, Kosovoda NATO qüvvələrinin tərkibində Türkiyə kontingenti var. Məlumdur ki, Azərbaycanın həm Serbiya, həm də Kosovodakı soydaşlarına təsiri olan Albaniya ilə yaxşı münasibətləri var. Ankara, Bakı və Tirana gərginliyin nizamlanması və aradan qaldırılması üçün hər hansı köməklik göstərə bilərmi?

– Bu, çox maraqlı sualdır. Türkiyədən başlayacağam. Mən Ankaranın bu prosesdə kömək edə biləcəyinə inanmağa meyilliyəm, baxmayaraq ki, hamı başa düşür ki, Türkiyə tərəfinin əhəmiyyətli bir hissəsi müsəlman olan Kosovo albanlarına nəzərəçarpacaq dərəcədə rəğbət bəsləyir (amma hamısı deyil – red). Bununla belə, Balkan ölkələrində sabitlik, serblərlə albanların dinc yanaşı yaşaması – bu, Türkiyənin maraqlarına tam uyğundur. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyanı regionun əsas dövlətlərindən biri adlandırıb.

Tiranaya gəlincə, burada daha çox tərəddüdlərim var. Ancaq xatırlamaq yerinə düşər ki, Albaniyanın Baş naziri Edi Rama bu yaxınlarda Kosovonun şimalında yerli seçkilərin keçirilmə forması ilə razılaşmadığını bildirib. Nəzərinizə çatdırım ki, kosovo albanları orada qalib gəlib, çünki serblər, ümumiyyətlə, səsvermədə iştirak etməyiblər, halbuki bölgədə serblər çoxluq təşkil edirlər. Ola bilsin ki, Albaniya özünü Avropa Birliyinə, Qərb tərəfdaşlarına qərəzsiz tərəf kimi göstərmək istəyir, amma hamı buna inanmayacaq. Üstəlik, Tirananın nizamlanmanın gedişatına təsir etmək üçün resursları və imkanları yoxdur.

Bakının Serbiya və Albaniya ilə yaxşı münasibətlərini, həmçinin Balkan ölkələri ilə bağlı iqtisadi maraqlarını nəzərə alaraq, Azərbaycan yaxşı vasitəçilik rolunu oynaya bilər. Bununla bağlı müsbət düşüncələr var. Türkiyə ilə Azərbaycanın yaxın olması da buna kömək edər.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir