Siyasət

Azərbaycan sülhün tərəfdarıdır

Sharing is caring!

Qarabağ uğrunda gedən müharibədə müasir hərbi texnikaya, güclü orduya sahib olan Azərbaycan torpaqlarını öz gücü ilə, şəhidlərin qanı bahasına geri alaraq tam möhtəşəm qələbə qazandı. Bu gün azad edilmiş torpaqlarımızda quruculuq işləri gedir.

Bu il artıq məcburi köçkünlərin Talış kəndinə və Laçın şəhərinə qayıtması təmin edilib. 2023-cü ilin sonuna qədər isə Laçın rayonunun Zabux və Sus kəndləri də yaşayışa hazır olacaq və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: ”Mən şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin bütün hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmərtəbəli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

Azad olunan torpaqlarımızda işlər planlı şəkildə gedir. Ən yüksək standartlar tətbiq edilir. Bütövlükdə ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 12 milyard manata qədər vəsait xərclənməsi nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, burada bütün işlər Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən görülür.

Bildiyimizə görə erməni vandalları bizim onlarla məscid və dini inanc yerlərimizi darmadağın ediblər. Bu günə kimi Heydər Əliyev Fondu onlarla məscidi artıq əsaslı şəkildə bərpa edib və yenidən inşa edib.

Ölkəmizdə hərbi gücün artırılmasına önəm verilir. Cənab prezidentin sözü ilə desək- “dünyada beynəlxalq hüquq işləmir”.

30 il ərzində bəyanatlar verilirdi, lakin heç birinə əməl edilmirdi və buna beynəlxalq təşkilatlar göz yumurdu. Biz bütün bunların erməni faşistlərinin torpaqlarımızı 30 il işğal altında saxldığı vaxtda şahidi olduq. Buna görə də biz güclü olmalıyıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha cüclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracayıq”.

Bəli, Azərbaycan öz gücünü 44 günlük Vətən müharibəsində göstərdi. Ölkəmiz bu gün də öz gücü ilə hər bir təxribatın qarşısını alır. Heç kim Azərbaycana hədə-qorxu gələrək ultimatum verə bilməz. Çünki bu gün demək olar ki, güc çox şeyi həll edir. Bizim isə gücümüz hamıya bəllidir.

Azərbaycan sülhün tərəfdarıdır və biz inanırıq ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Lakin buna Ermənistan tərəfinin də hazır olması lazımdır.

Ermənistan tərəfdə də göründüyü kimi müsbətə doğru irəliləyiş var. Artıq Ermənistan Azərbaycan ərazisinin parametrlərini, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaqla sərhədlərimizi rəsmən tanıyıb. Yalnız qarşı tərəfin dediyi sözlərə rəsmən kağız üzərində imza atması qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi”.

İşğal müddətində Ermənistan Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızı vəhşicəsinə istismar edirdi. Bununla da təbiətə böyük zərbə vururdu. Belə ki, ermənilər tərəfindən 60 min hektardan çox meşə kəsilərək satılmışdı. Transsərhəd çayları çirkləndirilmişdi. Azərbaycanın Ermənistandan tələblərindən biri də budur ki, qayda-qanuna riayət etsin. Ölkənin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayılan müəssisələrin yaradılması qonşu ölkələrlə razılaşdırılmalıdır.

Ermənistanın bu hərəkəti Azərbaycan tərəfindən qəbuledilməzdir və şübhəsiz ki, bu barədə lazımı tədbir görülməlidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir. Bu proqram da bizim resurslarımıza əsaslanıbdır və Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarnın inşası da nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik. Bütün bunları qeyd edərkən görürük ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib”.

Cənab İlham Əliyev eyni zamanda Gədəbəy rayonunda baş vermiş hadisəyə də öz münasibətini bildirmişdir. Burada ikinci gölün qurulmasının tamamilə qəbuledilməz olduğunu vurğulamışdı.

Prezident eyni zamanda qeyd edib ki, xarici investorlar təbiətimizi zəhərləyir, insanların örüş, otlaq yerləri zəbt edilir.

Xarici ölkələrdə ekologiyanı zəhərləməyə, göl qurub zəhərli maddələr tökməyə icazə verilmir. Belə ki, Azərbaycanda iş qurmaq istəyən investorlar gərək Azərbaycanın qanunlarına riayət etsin. Azərbaycanın təbiətinə, ekologiyasına ziyan vurmasın.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir