Siyasət

Qərbi Azərbaycan Xronikası: Bölünüb parça-parça edilən Qırxbulaq mahalı – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə tarixən ermənilər tərəfindən parçalanan, bölünən, zəbt edilən, zəngin təbiətli qədim ərazilərimizdən olan Qırxbulaq mahalı haqqında süjet hazırlanıb.

“Bölünüb parça-parça edilən Qırxbulaq mahalı” adlı süjetdə Qərbi azərbaycanlıların daim erməni şovinistləri tərəfindən deportasiyaya məruz qalaraq məcburən qədim ata-baba yurdlarından, hər qarışında ayaq izləri qalan oğuz yurdundan didərgin salındığı, yaşadıqları ərazilərin mənimsənildiyi faktlarla ortaya qoyulur.

Bildirilir ki, XVIII və XIX əsrlərdə inzibati ərazi vahidi kimi adı Qırxbulaq çayından götürülən və bütün dövrlərdə azərbaycanlıların yaşadığı bu məkan orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının tərkibinə daxil olub: “Bu toponim Azərbaycan dilində “çoxlu” mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranıb. 1728-ci ilin icmal dəftərinə görə,  Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Qırxbulaq nahiyəsində 30-dan çox kəndlər mövcud olub. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində Qırxbulaq mahalında 26 kənd dağıdılıb. 1828-ci ildə Qırxbulaq mahalında 22 kənd olub və 1905-ci ildə isə Qırxbulaq mahalında 3 kənd tamamilə məhv edilib”.

Qeyd olunur ki, şimaldan Axta rayonu, şərqdən Göyçənin Kəvər rayonu, cənubdan Vedi və Qəmərli rayonları, qərbdən Əştərək rayonu, cənub-qərbdən İrəvan şəhəri ilə həmsərhəd olan Qırxbulaq mahalına 1831-ci ildən sonra Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilib: “1905-1906-cı illərdən başlayaraq azərbaycanlılar sıxışdırılıb. 1906-cı ildən burda ermənilər yaşayıb. Sovet işğalından sonra – 1930-cu il sentyabrın 9-da Qırxbulaq mahalı ərazisində Ellər rayonu yaradılıb. 1961-ci il oktyabrın 12-dək Kotayk bölgəsi, həmin tarixdən etibarən isə Abovyan olaraq dəyişdirilib. 1990-cı ildə isə Abovyan bölgəsi yenidən Kotayk adlandırılıb”.

Süjetin sonunda diqqətə çatdırılır ki, yüksək dağ silsilələri ilə zəngin, qədim körpüləri, məscidləri və türk xristianlığının izi olan məbədləri ilə məşhur olan bu mahal hayların hazırladığı xəyanət torunun qurbanı olsa da əzəli sahibləri buz bulaqları, saysız-hesabsız çeşmələri ilə yaddaşlara hopan Qırxbulaq mahalına yenə sahib çıxacaqlar: “Çünki əsas hədəf Qərbi Azərbaycana qayıdışdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir