Siyasət

“İqtisadiyyatın inkişafı dövlət büdcəmizin artımına təsir göstərib” – ŞƏRH + FOTO

Sharing is caring!


“Prezident İlham Əliyevin bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin həyatında baş verən yenilikləri, görülən işləri, qarşıda duran vəzifələri qiymətləndirmək baxımından əhəmiyyətlidir”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O qeyd edib ki, iqtisadiyyatımızın davamlı və dayanıqlı olması, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi bu gün dövlətimizin əsas vəzifəsi sayılır:

“Prezidentimiz də bu məsələlərə hərtərəfli aydınlıq gətirərək bildirib ki, ilin ilk altı ayı ərzində iqtisadiyyatımız inkişaf edib. Qeyri-neft sənayemiz 6,5 faiz artıb və qeyri-neft sektorumuz ümumiyyətlə üç faizdən çox artıb. İqtisadiyyatımızın artımı, sözsüz ki, dövlət büdcəmizin formalaşdırılmasına və artımına öz təsirini göstərib və bu gün büdcənin 36 milyarddan çox olması qürurvericidir. Məhz buna görə də Prezident qeyd edib ki, bu, bizə həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və bizim hərbi gücümüzü artırmağa imkan verir.

Bu il büdcəyə əlavə edilmiş üç milyard manat vəsaitin 1,8 milyard manatının Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə yönəldilməsi, sözsüz, iqtisadiyyatımızın gələcək inkişafına və işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq insanların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Artıq Zəngilan, Füzuli, Laçın rayonlarının sakinləri mərhələlərlə öz ata-baba yurdlarına qayıdırlar və həmin torpaqlarda həyat canlanmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin, həyata keçirilən layihələrin miqyası çox genişdir. Həmin ərazilərdə torpaqların minalardan təmizlənməsi və infrastrukturun yaradılması iqtisadiyyatımızın inkişafına, sözsüz ki, qeyri-neft sektorunun sürətlə irəli getməsinə əsaslı təkan verəcəkdir”.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlər, həmin ərazilərə maliyyə vəsaitlərinin artırılmasının təməlində məhz bu vəzifə – iqtisadiyyatın daha da inkişafı amili – durur:

“Çünki həmin torpaqlar kənd təsərrüfatının, sənayenin, nəqliyyatın inkişafı baxımından güclü potensiala malikdir. İlham Əliyev çıxışında bildirib ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. “Mən şəxsən 30 yaşayış məntəqəsinin – səkkiz şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm”, – deyə ölkə başçısı bildirib.

Söylənilən fikirlər həmin ərazilərdə görülən işlərin möhtəşəmliyindən və həm də iqtisadiyyatımızın davamlı olmasından xəbər verir. İqtisadiyyatı möhkəm olmayan dövlət, sözsüz ki, dünyanın diqqətində olan mühüm islahatlar, əsaslı layihələr həyata keçirə bilməz. Ölkə rəhbərimiz də məhz bu amillərə – iqtisadiyyatın inkişafına, ordunun gücləndirilməsinə, insanların sosial rifahının yüksəldilməsinə başlıca önəm verir və xalqın xoşbəxt gələcəyinə hesablanmış bu siyasət nəinki Azərbaycan vətəndaşları, eləcə də ölkəmizin uğurlarına dəstək verən hər bir kəsi sevindirir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayında qarşıda duran vəzifələri ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi kimi xarakterizə edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir