Siyasət

“Prezidentin tapşırığı qeyri-neft sektorunda çalışanlar üçün bir yol xəritəsidir” – ŞƏRH + FOTO

Sharing is caring!


“İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı əsas prioritet istiqamətlərin ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı olduğunu qeyd etdi. Ötən dövrdəki addımlara nəzər salsaq, görərik ki, ölkə başçısının rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasət və islahatlar iqtisadi inkişafda müsbət nəticələrin əldə olunmasına yol açıb, vergi və gömrük sahələrində şəffaf fəaliyyətin təmin olunması büdcə gəlirlərini artırmaqla digər sahələrin inkişafına imkan yaradıb”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, cari ilin altı ayının sosial-iqtisadi göstəriciləri də aparılan iqtisadi siyasət və islahatların uğurlu olduğunu bir daha göstərir:

“Belə ki, bu ilin birinci rübündə büdcə gəlirlərinin artması dövlət büdcəsində dürüstləşmə etməyə və büdcəni 36 milyard manatdan çox təsdiq etməyimizə imkan verib. Cari ilin altı ayında qeyri-neft sektorunun 3%, qeyri-neft sənayesinin 6,5% artması, xarici ticarət dövriyyəsində 10 milyard dollardan çox profisitin yaranması iqtisadiyyatın müsbət inkişafı deməkdir. İlin sonuna qədər də bu müsbət meyillər davam edəcək və nəticədə ölkədəki inflyasiyanın səviyyəsinin ikirəqəmlidən birrəqəmli göstəriciyə endirilməsi haqqında proqnoz vermək olur.

Təbii ki, ölkəmizin əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gətirilməsinə imkan verib. Bu gün Azərbaycanın üzərindən daşınan beynəlxalq yüklərin həcmi gündən-günə artmaqdadır. Ölkə başçısı qeyd etdi ki, bizim əsas məqsədimiz beynəlxalq daşımaları artırmaqla kifayətlənmək deyil. Biz həm də bu dəhlizlər üzərində yerləşən yaşayış məntəqələrində istehsal sahələrini yaratmalı və bu dəhlizlərdən ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün istifadə etməliyik. Prezidentin bu tapşırığı ölkənin qeyri-neft sektorunda çalışanlar üçün bir yol xəritəsidir.

Hesab edirəm ki, yaradılmış sənaye parkları, sənaye məhəllələri və aqroparklar da yeni istehsal sahələrinin açılması və mal ixracının artırılması üçün əsas prioritetlərdəndir. Bu gün ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Amma gələcəkdə bu dinamikanı qorumaq və daha yüksək nəticələrə nail olmaq üçün ölkə başçısının müşavirədə səsləndirdiyi istiqamətlər inkişaf etdirilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayında qarşıda duran vəzifələri ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi kimi xarakterizə edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir