Siyasət

Qərbi Azərbaycan Xronikası: Unikallığı ilə seçilən Saral xalçaları – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Saral kəndinin ilməyə köçən yaddaşı” adlı veriliş efirə gedib.

Verilişdə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndinin sənətkarlığından, tarixindən, mədəniyyətindən və məişətindən söz açılır:

“Saral kəndi qədim türklərin yaşayış məntəqələrindən biri olub. Zaman-zaman seysmik zonada yerləşdiyi üçün zəlzələlər bu kəndi dağıdıb. Hətta tarixi mənbələrdə bu kəndin iki kənddən ibarət olduğu deyilir. Lakin təbii fəlakət bu kəndin əhalisini pərən-pərən salıb və yenidən əhali öz torpaqlarına, öz tarixi yurdlarına qayıdıb və vətənə qayıdışdan sonra məskunlaşma yeni həyat davam edib. Bu kəndin bütöv bir tarixi həm onun daş abidələrində, həm yaddaşlarda, həm də ornamentlərində və adət-ənənələrində qorunur. Saral kəndinin seysmik zonada olması 1988-ci ildə də zəlzələ ilə nəticələnib. 1988-ci ilin əvvəlindən Qərbi Azərbaycandan türklərin son nəfərinə qədər uzaqlaşdırıb qovmaq və “Türksüz Ermənistan” qurmaq istəyən ermənilərin böyük planları var idi. Bu plan həm də Pəmbək mahalını əhatə edirdi. Bu planın tərkib hissəsi məhz Saral, Qursalı və digər kəndlərin boşaldılması, əhalinin oradan köçürülməsi kimi çirkin bir niyyət olub”.

Bildirilir ki, qayıdış, öz Vətəninə getmək, yurda sahib çıxmaq hər bir qərbi azərbaycanlının başlıca qayəsidir:

“Öz Vətəninə qayıdış hissi indi böyük zəfərdən sonra, böyük qələbəmizdən sonra yenidən bir naxış alıb. Yeni rənglə yeni çalarla insanların ürəklərinə qayıdıb. Bu gün Saral kəndinin də əhalisi, hər biri bir qayıtmaq eşqilə yaşayır. Çünki Saral həm təbiəti baxımdan, həm coğrafi mövqeyi baxımından bir Vətən ocağı, bir yurd yeri olmaqla bərabər, nəsillərimizin yaddaşını özündə saxlayan həm də tarixi bir məkan idi. Ona görə bu qayıdışın kökündə həm də irsimizə, dünənimizə, yaddaşımıza qayıdış durur. Bu gün Sarala qayıdıb Saral mədəniyyətini, saral xalçalarını saral incəsənətini yaşatmaq eşqi hər kəsdə, hər bir sarallının içində var”.

Bundan əlavə, verilişdə Saral xalçalarının unikallığından bəhs olunur, əl işlərində məhz türk xüsusiyyətlərinin, inanclarının, mifologiyasının minilliklərdən ötürülən elementlərinin düzgün simmetrik və rəngarəng şəkildə çatdırılması göstərilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir