Siyasət

“Miatsum” ideyası beynəlxalq müstəvidə rəsmən dəfn edildi” – RƏY + FOTO

Sharing is caring!


“Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərar ötən əsrin 80-ci illərinin sonlarında baş qaldırmış erməni separatizminin, onun “Miatsum” ideyasının beynəlxalq müstəvidə rəsmən dəfni deməkdir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, 2020-ci ildə döyüş meydanında Azərbaycan Ordusu bu ideologiyanı süquta uğradıb:

“İndi isə erməni separatizmi və onu dəstəkləyən dövlətlər və siyasi mərkəzlərin beynəlxalq müstəvidə birdəfəlik məğlubiyyətinin şahidi olduq. Bu, Ermənistanın acınacaqlı məğlubiyyəti ilə yanaşı, Azərbaycan diplomatiyasının mübahisəsiz təntənəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin Vətən müharibəsində qazandığı şanlı qələbədən sonra özünün son nəfəsində olan düşmənin çoxsaylı səylərinə baxmayaraq, Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı o deməkdir ki, 30 illik avantüra özünün məntiqi sonluğuna – iflasına çatıb”.

“Bütün dünya 30 il ərzində bu ədalətsizliyə göz yumub, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün çətin durumunu qulaqardına vurub və Azərbaycanı torpaqlarının itkisi ilə barışmağa məcbur etmək istəyib. Ermənistan öz havadarları, “bacı”larının köməyi ilə beynəlxalq məsuliyyətdən qaçmağa müvəffəq olub, tarixi ərazilərimizdə etnik təmizləmə ilə yanaşı, qanunsuz məskunlaşdırma, ekosid, urbisid, tarixi saxtalaşdırma kimi cinayət tərkibli əməlləri törədib və düşünüb ki, Azərbaycan xalqı bu acı həqiqətlə barışmalı olacaq. Ancaq yanılıb. Xalqımız rəhbərinin və ordusunun ətrafında birləşməklə bu ədalətsizliyə son qoydu. Biz bunu açıq bəyan etməliyik ki, Beynəlxalq Məhkəmənin qərarının əsasında bizim qəhrəman övladlarımızın Vətən müharibəsindəki zəfəri durur. Bu qələbə olmasaydı, həmin ədalətsizlik davam edəcəkdi”, – deputat vurğulayıb.

E.Allahverdiyev bildirib ki, bundan sonra nə rəsmi Yerevanın, nə onu himayə edənlərin, nə də separatçıların əlində heç bir tutarlı arqument qalmayıb:

“Bizim qələbəmiz reallıqdır və onunla düşmən barışmalı, dünya isə qəbul etməlidir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti Azərbaycanın suveren hüququdur, biz öz sərhədlərimizi bərpa etmişik, bu sərhədləri bütün dünya tanıyır və bu baxımdan, Ermənistanın məhkəmədə uğursuzluğa düçar olacağı bəlli idi. Hay-küy qaldırdılar, məhkəməyə müraciət etdilər və rəzil oldular. Bu gündən sonra nəyi əsas tutacaqlar? Necə deyərlər, özü yıxılan ağlamaz”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir