Siyasət

Azərbaycanımızla, azərbaycanlı olmağımızla və Ulu Öndərimizlə fəxr edirik

Sharing is caring!

Xalqına, dövlətinə ruhən, qəlbən bağlı olan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan izləri mövcuddur.
Azərbaycan xalqınının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmış şəxsiyyət Heydər Əliyev çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.
1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdış ərəfəsində Azərbaycan öz tarixinin ən ağır dövrünü yaşayırdı. Ölkədə sözün əsl mənasında hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Respublikada qardaş qırğını, vətəndaş müharibəsi, müstəqilliyimizin yenidən itirilməsi qaçılmaz idi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində heç bir idarəçilik qabiliyyəti olmayan AXC-Müsavat cütlüyü ölkəni fəlakət həddinə gətirib çıxartmışdı. Dövlət əmlakı talan edilir, günahsız insanlar həlak olurdu.
Bu fəlakət anında Azərbaycan xalqının, vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Bütün varlığı ilə xalqına bağlı olan müdrik siyasətçi bir neçə siyasi gedişlə respublikada vətəndaş qırğınının qarşısı aldı və cənub bölgəsində yaradılmış “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verildi. Ölkədə qeyri-qanuni silahlı dəstələr tezliklə zərərsizləşdirildi, dövlət çevrilişləri cəhdlərinə son verildi.
Heydər Əliyev Azərbaycanda vəziyyətin olduqca ağır olduğunu dərk edərək, xalqını, vətənini xilas etmək üçün hakimiyyətə gəlmişdi. Ulu Öndər deyirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyəti ilə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özümə əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildən yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərə, dünyada gedən proseslərə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentdə qayda-qanun dəyişdi. Dünya şöhrətli siyasətçi parlaq zəkası, səlist nitqi, qətiyyətli, ciddi çıxışları ilə parlamentə siyasi mədəniyyət gətirdi.
Görülən işlərin nəticəsi olaraq 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu əks-hücum əməliyyatı keçirməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi.
1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə mindikdən sonra cəbhə xəttində hərbi əməliyyatlar dayandırıldı.
Böyük siyasətçi Heydər Əliyev tərəfindən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktı beynəlxalq təşkilatların gündəliyinə gətirildi. Beynəlxalq tədbirlərdə, sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olundu.
“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. – deyən Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etinasızlıq, ordunun ayrı-ayrı qruplarının fəaliyyətindən doğan etiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı və orduya qayğı ümummilli dəyər aldı.
Heydər Əliyev dəfələrlə hərbi hissələrə səfər edər, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış olar, əsgər və zabitlərin qayğıları ilə maraqlanardı. Böyük Öndər birmənalı bildirmişdir: “Ordu Azərbaycan müstəqilliyinin atributudur və ona görə ordu quruculuğu və ordunun inkişaf etdirilməsi prosesi davamlı bir prosesdir”.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhranın qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız zəngin təcrübəyə malik olan Heydər Əliyevin sayəsində nail olmaq mümkün idi. Bu barədə Ümummilli Liderimiz deyirdi: “Mən Azərbaycan iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurudur ki, 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft strategiyasının zirvə sənədi hesab olunan “Əsrin müqaviləsi” imzalanmışdır.
Əsl vətənpərvər, vətəni üçün canından keçməyə hazır olan insan – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.
Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur nənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – kəlamları hər bir həmvətənimizin milli qürur rəmzinə çevrilmişdir.
Bəli, biz Azərbaycanımızla, azərbaycanlı olmağımızla və Ulu Öndərimizlə fəxr edirik.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir