Siyasət

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıları qovmağı Ermənistandan kimlər tələb etmişdilər? – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi hərbi jurnalist, ehtiyatda olan polkovnik, Prezident təqaüdçüsü Şəmistan Nəzirli olub. O, doğulub boya-başa çatdığı Loru nahiyyəsinin Yuxarı Körpülü kəndi barədə xatirələrini bölüşüb. Qeyd edib ki, 8-ci sinifi bitirənə qədər Yuxarı Körpülü kəndində keçirdiyi uşaqlıq, yeniyetməlik illərini, həmçinin Bakıda peşə təhsili aldıqdan sonra öz kəndində kino-mexanik işlədiyi dövrləri heç zaman unutmur, daim Qərbi Azərbaycana qayıtmaq arzusu ilə yaşayır.

Tədqiqatçı Yuxarı Körpülüdə yaşadığı dövrlərdə ermənilərin Azərbaycan türklərinə qarşı təzyiqlərindən, erməni vandalizminə dair yaşlı və orta nəsillərdən eşitdiyi hadisələrdən də söhbət açıb:

“Ermənilər məqsədli şəkildə Yuxarı Körpülüdəki məktəbi 8 illik etmişdilər ki, azərbaycanlı uşaqlar daha yaxşı bilik-savad sahibi ola bilməsinlər. Baba-nənələrimiz danışırdılar ki, Andranikin quldur dəstəsi kəndimizə hücum edib evlərimizi yandırıb, talançılıqla məşğul olub. Erməni quldurları o vaxt kənddə köməksiz vəziyyətdə qalan ahıl kişinin başını kəsiblər. El yaylağa köçəndə daşnaklar köçə hücum edib babamı ağır yaralayıb, öldürüblər. Biz bu faciələri əsla unutmarıq”.

Ş.Nəzirli ermənilərin deportasiya və soyqırımı siyasətindən danışaraq bildirib ki, 1988-ci ildə Ermənistan rəhbərliyi daşnakların tələblərini yerinə yetirib, azərbaycanlıları zorla öz dədə-baba torpaqlarından köçməyə məcbur ediblər.

Tədqiqatçı Rusiya və Gürcüstan arxivlərində ermənilərin azərbaycanlılara qarşı vəhşiliyinə, vandalizminə dair çoxsaylı materialların olduğunu vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir