Siyasət

23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir

Sharing is caring!

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratmışdır. Tarixi faktlar göstərir ki, 1918-ci il mayın 27-də müsəlman fraksiyası Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırmış, beləliklə, Azərbaycanın ilk parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda isə Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd – İstiqlal Bəyannaməsi qəbul olunmuşdur.23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Əsrlərin mücadiləsi və mübarizəsi kimi XX əsrin əvvəllərində – 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: milli hökumət 1920-ci ilinaprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı.
Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Ulu Öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Böyük Öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Məhz 70-80-ci illərdə ölkədə yaradılmış möhkəm təməl əsrin sonlarına doğru Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir.1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımış, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
Ümummilli Lider Heydər Əliyev rəsmi dövlət tədbirlərində və söhbətlərində Cümhuriyyətin qurucularını böyük hörmət və ehtiramla  xatırlayaraq onların hər biri haqqında müsbət fikirlər söyləyirdi. Ulu Öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini,  Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.”
Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı Prezident cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 16 may 2017-ci il tarixli sərəncamı və 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ” ili elan etməsi də varislik ənənələrinə və müstəqil dövlət ideyalarına sədaqətin bariz nümunəsidir.Prezident cənab İlham Əliyev demişdir:“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur.Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Asya Səlimova,
Salyan rayon Qırxçıraq qəsəbə ümumi orta məktəbin müəllimi, YAP fəalı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir