Siyasət

Pəhləvilərdən fərqlənməyən Tehran rejimi, bunu təsdiqləyən may hadisələri – ŞƏRH + FOTO

Sharing is caring!


Güney Azərbaycan türkünün milli özünüdərk şüurunun inkişafı milli dövlətçiliyin yaranmasına təkan olacaq. Saxta Pəhləvi rejiminin dövlət siyasəti səviyyəsində başlatdığı və günümüzdə də davam edən fars şovinist siyasətinin hədəfi Güney azərbaycanlıların bu istiqamətdə özünüdərkinə mane olmaqdır.

Qeyd edək ki, xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilən qondarma Pəhləvi sülaləsinin əsas hədəfi türkləri təhqir etmək, aşağılamaq olub. Çünki panfarsçılar türk sözündən belə, qorxurdular. Ona görə də türklərin “azəri” olduğunu iddia edərək saxta düşüncə sistemini ortaya qoydular. Bu yolla türk sözünü düşüncələrdən silməyə çalışırdılar. Ancaq fars şovinistlərinin bu hiyləsi başa tutmadı. Türklər milli varlıqları uğrunda mübarizəni dayandırmayıb, 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətini qurmaqla adları, hüquqları uğrunda mübarizənin davam etdiyini bir daha göstərdilər. Məhəmmədrza şah Pəhləvi də atası Rza şahın antitürk siyasətini davam etdirdi.

Əslində, 1979-cu il inqilabının İranda fars şovinistlərinin dövlət səviyyəsində həyata keçirdikləri milli ayrı-seçkiliyə və fars olmayanların assimilyasiyasına son qoyacağı düşünülürdü. Çünki hakimiyyətdəki dini kəsim islam ideologiyası əsasında ümmət və ümmətçiliyi təbliğ edirdi. Bütün etnik qrupların bərabərliyi ideyasını vurğulayırdılar. Ancaq onların bu yalanının üstü heç 40 gün çəkmədən açıldı. İranın həmin dövrdə qəbul olunan yeni konstitusiyasında fars olmayanlar etnos kimi deyil, qövm, tayfa kimi təqdim edilməklə milli ayrı-seçkiliyin davam etdiyi təsdiqləndi.

Din pərdəsi altında mövcudluğunu davam etdirən Tehran rejimi pəhləvilərdən qalma panfarsçılıq siyasətini yürüdür. Bu ruhda tərbiyə olunan İran vətəndaşları türkləri təhqir etməyi adi hal hesab edirlər. 2006-cı il mayın 12-də İran İslam Respublikası Xəbər Agentliyinə aid olan “İran” qəzetinin həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində “Həşəratların (tarakanlar nəzərdə tutulur – S.İ.) bizi həşəratlaşdırmaması üçün nə edək?” başlığı altında karikatura dərc olunmuşdu. Cavabında isə həşərat belə cavab verir: “Nəmənə?” (“nəmənə” Cənubi Azərbaycanda “nə” anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura onların dialoqu ilə davam edir…

Bu şovinist, faşist görüşlü material yayılandan bir həftə sonra, mayın 22-də Güney azərbaycanlı tələbələr Tehran Universitetində etiraz məqsədilə nümayiş təşkil ediblər. Azərbaycanlı gənclər “Haray, haray, mən türkəm!”, “Türkün dili ölməz, fars dilinə dönməz!”, “Azərbaycan əyilməz, türkün beli bükülməz!”, “Ya azadlıq, ya ölüm!”, “Rədd olsun fars faşizmi!” kimi şüarlarla aksiya keçirməyə başladılar.

Tehran rejiminin başlatdığı antitürk və anti-Azərbaycan davranışına Güney Azərbaycanın və İranın müxtəlif şəhər və rayonlarında milyonlarla Azərbaycan türkünün iştirakı ilə etiraz aksiyası keçirilib. Tehran, Zəngan (Zəncan), Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav (Meşkin), Qoşaçay, Sulduz və Mərənd şəhərlərində etiraz yürüşləri olub.

İran hakimiyyəti baş verən şovinist hadisənin qarşısını almaq üçün günahkarları cəzalandırmaqdansa milli varlıqlarını təhqirdən qorumaq üçün etiraz aksiyası keçirənlərə divan tutdu. Rejimin qanunazid hərəkəti nəticəsində 200-ə yaxın etirazçı şəhid oldu. Rejimin hərbi-polis qüvvələrinin aksiyalara hücumu nəticəsində yüzlərlə etirazçı yaralandı. Hakimiyyət 330 aksiyaçını həbs etdiyini etiraf etdi. Bu hadisədən sonra İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei başda olmaqla ölkənin tanınmış şəxsləri, hətta panfarsizmin ideoloqları belə, Azərbaycan türklərini tərifləməyə, onların ölkə həyatında oynadıqları tarixi aparıcı roldan danışmağa başladılar.

Karikaturanın müəllifi Mana Neyestani üzr istədi, onun Dubaya yola salındığı barədə məlumatlar yayıldı. “İran” qəzeti beş ay bağlı qaldı. Bundan sonra nəşr fəaliyyətini davam etdirdi. İran məhkəməsi qəzetin redaksiya heyəti və rəhbəri Qulamhüseyn İslamifərə bəraət verdi. Rejimin “ədalət məhkəməsi” karikaturanın türkləri təhqir etmədiyini bildirərək cinayət işini bağladı.

Silahsız, dinc etiraz aksiyasına atəş açıb, yüzlərlə azərbaycanlını qətl edən hərbi-polis qüvvələrinin nə başçıları, nə də sıraviləri cəzalandılar. Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Seyid Kazim Şəriətmədarinin başçılıq etdiyi hərəkatlar kimi türkün milli varlığını qoruması uğrunda apardığı may aksiyaları da qan içində boğuldu.

Hadisələr İrandakı rejimin Azərbaycan türkünün milli-mədəni haqqının təmin olunmasına münasibətini dəyişmədi.

Bu, türkə qarşı düşmənçilik edib, onun milli varlığını danan, dil haqqını verməyən, “Türklərsiz İran” şüarını irəli sürən panfarsçı Tehran rejimidir. May hadisələri bir daha sübut etdi ki, Xomeyninin, Xameneinin, Əhmədinejatın (hadisələr zamanı İranın prezidenti idi), Rəisinin Rza və Məhəmmədrza Pəhləvilərdən heç bir fərqi yoxdur. Elə bu səbəbdən də son hadisələr zamanı Güney Azərbaycan türkləri ölkə daxilində və xaricində “Azadlıq, Ədalət, Milli hökumət!” şüarını irəli sürürlər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir