Siyasət

Səfir: “Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında münasibətlərin əsası qoyulub”

Sharing is caring!


“Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan Fransanın Azərbaycandakı səfiri Ann Buayon jurnalistlərə açıqlamasında deyib.

O, Naxçıvana bu gün ilk dəfə səfər etdiyini bildirib:

“Bu gün Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyik. Fransa və Azərbaycan arasındakı diplomatik əlaqələr mühüm əhəmiyyət kəsb edir. Bunu xüsusilə vurğulamaq istərdim ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Fransaya ilk diplomatik səfəri 1993-cü ildə baş tutub. Belə ki, 1993-cü ildə Heydər Əliyev Fransa prezidenti ilə görüşüb. Bu görüş hər iki dövlət arasında mühüm əhəmiyyət daşıyır. Həmin səfərdən sonra Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin təməli qoyulub. Naxçıvana gəldiyimiz ilk andan bəri gördüklərim, muzeydəki eksponatlar məni heyran etdi. Fransanın xarici işlər naziri ötən həftə Azərbaycana səfər etmişdi. Bu da ölkələrarası diplomatik əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər zaman Fransa və Azərbaycan arasında istər siyasi, istərsə də mədəni əlaqələr yüksək səviyyədə olub”.

Səfir vurğulayıb ki, Fransa və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması dövlət başçılarının apardığı uğurlu xarici siyasət və iki ölkə arasındakı münasibətlərdən irəli gəlir:

“Hər iki tərəf əlaqələrin inkişafı üzərində daim işləyir, addımlar atırlar. Biz Azərbaycanla daha sıx münasibətdə işləyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir