Siyasət

Heydər Əliyev – Dahi şəxsiyyət…

Sharing is caring!

Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasi nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri adi siyasi istedada malik ulu öndəri xalqına bağlayan tellər polad kimi möhkəm idi. H.Əliyev öz əməlləri, öz fəaliyyəti ilə tarix yaradan nadir şəxsiyyətlərdəndir. H.Əliyevin özü haqqında söylədiyi bir fikir onun şəxsiyyətinin parlaqlığına ən gözəl nümunədir: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, gözəl bilirdi. O, hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl-1967-ci ildə ilk dəfə Şuşada olmuşdu. O vaxt Xankəndində azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. Şuşada olarkən 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

H.Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur.

1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdir. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuşdur. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdir. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, yaşayış səviyyəsi yaxşılaşddırılmışdır. 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə geniş miqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına təkcə 1975-ci ildə 25 min manat vəsait xərclənmişdi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salınmışdı.

1979-cu il yanvarın 12-də “Ağdam-Xankəndi” dəmiryolu çəkildi və Ümummilli Liderin özünün iştirakı ilə istifadəyə verildi. Nəticədə dəmir yolu xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən respublikanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində az sonra Şuşa şəhərini tarix -memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Ümummilli lider deyirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

28 ildən artıq işğal altında qalan doğma Şuşamızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycanın mərd övladları, azad etdi. Bu, tarixi bir Qələbə, tarixi bir Zəfər idi. Biz artıq Şuşaya, Qarabağa – doğma yurd yerlərimizə qayıdırıq.

Təyyubə Hüseynova
Abşeron rayon Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir