Siyasət

Qarabağdakı dağıntılar bombardmanın nəticəsi yox, “əl işi” idi – FOTO/VİDEO

Sharing is caring!


Böyük Britaniyanın “Express” nəşri Azərbaycanın erməni işğalından azad edilmiş əraziləri barədə məqalə dərc edib.

Con Varqanın müəllifi olduğu məqalə “Hər şeyi məhv etdilər”: Azərbaycanın “Hiroşima”sının müharibənin parçaladığı torpaqlarında” adlanır.

Müəllif yazıda Qarabağın coğrafi mövqeyi və landşaftı barədə bəhs edərək ərazinin məhsuldar torpaqlarına diqqət çəkib. O, həmçinin münaqişənin tarixinə ekskursiya edərək yazır ki, I Qarabağ  müharibəsi nəticəsində 600 minə yaxın azərbaycanlı Qarabağda öz evlərini tərk etmək məcburiyyətində qalıb. 

Qeyd edilir ki, hal-hazırda iki tərəf arasında gərginlik yüksək olaraq qalır və davamlı sülh sazişinin real perspektivləri görünmür. Bildirilir ki, azərbaycanlılar 1994-cü ildə Qarabağdakı evlərini tərk edəndə bir həftədən sonra qayıdacaqlarını düşünürdülər: “Lakin onların qayıtmaq şansının olması üçün 30 ilə yaxın müddət keçəcək”.

Məqalədə deyilir ki, ermənilər işğal etdikləri ərazidəki evləri dağıdıblar, on minlərlə insanın yaşadığı bütöv şəhər və kəndləri yer üzündən siliblər, torpaqlarda minalar basdırıblar: “Dağıntı hərbi bombardman nəticəsində deyil, “əl işi” idi. Bu, sistemli və məqsədyönlü idi. Əvvəlcə erməni hərbçiləri boş qalmış evləri talan etdilər, lakin onların sayı həddən artıq çox idi. Buna görə onlar tərk edilmiş daşınmaz əmlakları 200-300 ABŞ dollarına başqa ermənilərə, hətta iranlılara da satıblar”.

Müəllif yazır ki, ermənilərin törətdiyi böyük dağıntıların bəlkə də ən bariz sübutu “Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhəridir: “Ağdam dinamik ticarət mərkəzi idi və müharibədən əvvəl 40 mindən çox əhalisi var idi, lakin bu gün o, amansız hava hücumuna məruz qalan bir şəhəri xatırladan dağıntılar yığınına çevrilib”. Qarabağda əvvəllər 85 məscid olduğunu vurğulayan müəllif müharibə nəticəsində bu gün cəmi dörd-beş məscidin qaldığını yazır. Ermənilərin işğal dövründə məscidlərdə mal-qara və donuz saxladıqları bildirilir.

O da qeyd edilir ki, Qarabağın yenidən qurulması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi gündəliyinin mərkəzindədir və bununla bağlı çox böyük planlar var: “Yeni yolların, hava limanlarının, dəmir yollarının, evlərin və enerji infrastrukturunun tikintisinə milyardlarla dollar sərmayə qoyulur. Layihənin 2040-cı ilə qədər başa çatdırılması planlaşdırılır və onun dəyərinin ən azı 60 milyard ABŞ dolları olacağı gözlənilir. Hökumət nə qədər məcburi köçkünün qayıdacağına dair rəy əldə etmək üçün sorğu keçirib. Onun nəticələrinə görə, demək olar ki, 60 faizi heç bir şərt olmadan geri qayıtmağa hazır olacaqlarını bildirib. Geri qayıdan ailələrə evlər ödənişsiz veriləcək”.

Bildirilir ki, insanların bölgəyə qayıtmasına ən böyük maneə minalar və partlamamış hərbi sursatlardır: “Bəzi hesablamalara görə, əraziyə səpələnmiş ən azı 400 000 mina var. Bu günə qədər minaların partlaması nəticəsində 282 nəfər yaralanıb, onlardan 46-sı ölüb. Ermənilər mina sahələrinin yerini göstərən etibarlı xəritələr təqdim etsələrdi, proses daha da sürətlənə bilərdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir