Siyasət

“İran parlamentinin Azərbaycana dair bəyanatı riyakarlığın ifrat nümunəsidir” – RƏY + FOTO

Sharing is caring!


“İran Azərbaycana qarşı olan düşmənçiliyini müxtəlif formalarda nümayiş etdirir. Belə ki, aprelin 2-də Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı İran parlamentinin ölkəmizi qınamaq məqsədilə islam dünyasına çağırış etməsi onların uğurlarımızı həzm edə bilməməsindən irəli gəlir. Hesab edirəm ki, bu, riyakarlığın ifrat nümunəsidir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq məsələlərlə bağlı heç kimlə məsləhətləşmir:

“Bunu İran da birdəfəlik bilməlidir. Onların düşüncəsi ilə elə çıxır ki, Azərbaycan xarici siyasətini onlardan icazə alıb yürütməlidir. Bu, tamamilə absurd yanaşmadır və ölkəmizin daxili işlərinə kobudcasına müdaxilə edilməsidir. İran parlamenti yaydığı bəyanatla özünün islam dininin dəyərlərindən çox uzaq olduğunu nümayiş etdirdi. Bir daha qeyd etmək istəyirəm ki, İran islam dini dəyərlərindən çox uzaqdır və islam dini pərdəsi altında özünün çirkin niyyətlərini reallaşdırmağa çalışır”.

Deputat bildirib ki, İranın son illərdə islam ölkələri ilə yanaşmasında tutduğu mövqe onun islami dəyərlərdən uzaq olduğunu təsdiq edir:“Belə olmasaydı, islam dini dəyərlərini çox yüksək səviyyədə yaşadan və eyni dini baxışlara malik Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi. Çünki belə olmasaydı, Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə ərazilərimizdəki yaşayış məntəqələrini, milli mədəniyyət abidələrimizi və məzarlıqları dağıdaraq məhv etməsinə görə, heç olmasa, bir dəfə öz etirazını bildirərdi. Qarabağdakı 67 məsciddən 65-i yerlə bir ediləndə və dağıdılmış iki məsciddə donuz və mal-qara saxlayanda Ermənistana, heç olmasa, etirazını bildirərdi. Və ya Qərbi Azərbaycanda məscidlərimizin dağıdılmasına niyə səsini çıxarmadı? Axı məscidlər Allahın evidir və islamın inanc yerləridir. Əgər İran özünü islam respublikası hesab edirsə, niyə islam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona öz dəstəyini ifadə edir?

Azərbaycan islam dini dəyərlərini yüksək dəyərləndirərək yaşadan ölkə olduğu halda sərhədlərimizdə hərbi təlimlər keçirən, pilotsuz aparatlar və döyüş təyyarələri uçuran, Tehrandakı səfirliyimizdə terror törədən və ölkəmizdə siyasi sabitliyi pozmaq üçün radikal qruplar hazırlayan İran islam dininə düşmənçilik edən Ermənistanı dəstəkləməklə nə demək istəyir? Torpaqlarımızdakı islam dini dəyərlərini məhv etdiyinə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətləri dayandırdığı halda islam respublikası olan İran niyə bu təşəbbüsə qoşulmadı? Bütün bunlar onu göstərir ki, İranın məqsədi islam dəyərlərini qorumaq deyil, sadəcə, Azərbaycanın uğurlu inkişafını və dünya çapında artan nüfuzunu qəbul edə bilmir”.A.Badamov vurğulayıb ki, İran Azərbaycanın uğurlarını həzm edə bilmir:

“İran parlamenti İƏT, İslam Məclisləri Katibliyi və islam dünyasına İsraildə səfirliyimizin açılmasına görə ölkəmizi qınamağa çağırış edir. Təbii ki, bu çağırış gülüş doğurur. Çünki islam ölkələrinin İsraildə səfirlikləri fəaliyyət göstərir və Azərbaycan heç də İsraildə səfirlik açan birinci müsəlman ölkəsi deyil. Yaxşı olardı ki, İranın özü antiislam hərəkətlərindən çəksin və Azərbaycana nəyi necə etmək lazım olduğuna dair göstəriş verməsin. Azərbaycan müstəqildir və dünyanın istədiyi ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir. Azərbaycan dövlət maraqlarını hər şeydən üstün tutur və müstəqil beynəlxalq siyasət yürüdür. İran parlamenti, yaxşı olardı ki, özünün antiislam və qonşuluğa sığmayan əməllərindən əl çəksin və islam dininin düşməni olan Ermənistanla qucaqlaşıb-öpüşməyin əvəzinə, onun islam dini inanclarına və məbədlərinə qarşı törətdiyi terrorlara görə islam dünyasına çağırış etsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir