Siyasət

UNESCO adına biabırçılıq: Mövzu Azərbaycan olanda gözünü bağlayanlar – ŞƏRH

Sharing is caring!


Ukrayna Rusiya raketlərinin zərbələri altında dağılır, şəhərlər, kəndlər xarabalıqları xatırladır.

Rusiya səbəblərindən asılı olmayaraq nəticədə Ukraynada müharibə cinayətləri törədir. Beynəlxalq şəbəkənin gördüyü tədbirlər də Moskvanın ambisiyalarını dayandırmır.

Döyüşlər Ukrayna ərazilərində dramatik izlər buraxır və beynəlxalq birlik izlərdəki dəlilləri Rusiya əleyhinə ədalət mühakiməsi predmetinə çevirir.

Müharibə cinayətlərinin araşdırılması, məqsədlərin aydınlaşdırılması gələcəkdə eyni halların qarşısının alınması baxımından önəmlidir. Amma bu, kompleks şəkildə həyata keçirilməlidir, birinə münasibətdə digərləri kölgədə saxlanılmamalıdır.

Müharibə cinayətlərinin təhqiqatı həmin cinayətin qurbanı olmuş dövlətlərə ayrı-seçkilik tanımamalıdır. Ancaq təəssüf ki, bu baş verir, özü də nümayişkaranə şəkildə.

Bu, beynəlxalq birlik üçün utancdır, çünki müharibə cinayətlərini törədən subyektlər sanki hüquq prinsipləri ilə deyil, münaqişələrin xarakterinə əsasən seçilirlər.

Məsələn, Ermənistan Azərbaycana qarşı silsilə müharibə cinayətlərinin müəllifidir, hətta bu siyasətini soyqırımı kimi aktlarla da nümayiş etdirib. Ermənistan təkcə Azərbaycan dövlətinə qarşı deyil, həm də etnik mənsubiyyəti məhv etmək üçün böyük bir xalqa savaş açıb. Məqsədlərinə çatmaq üçün daşı daş üstə qoymayıb, insanların kütləvi məhvinə imza atıb.

Bəs Ermənistan Birinci Qarabağ müharibəsinin nəticələrinə görə beynəlxalq tribunala çıxarılıbmı? Əsla. Əksinə, daim ona dəstək verilib, müharibədəki cani əməllərinə və Xocalı soyqırımının müəllifi olmasına göz yumulub.

Üstəgəl, Ermənistan Azərbaycanın mədəni, dini, tarixi irsinə də qənim kəsilib, müharibə zamanı məscidləri, dini abidələri, qəbirləri məhv edib. Ancaq dünyanın mədəniyyət sferasının funksioneri olan UNESCO Azərbaycana məxsus mədəni irsin məhvinə görə hərtərəfli araşdırma aparmayıb, Ermənistanın əməllərini təsnifatlandırmayıb.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra da erməni vandalizminin mirasını göstərmək üçün UNESCO-nu regiona dəvət edib, amma bu təşkilat səsini çıxarmayıb.

Qısası, UNESCO ümumi ortaq dəyərlərə hörmət etmir, sivilizasiya düşmənlərinə qucaq açır, onları bəsləyir.

Bu, UNESCO missiyasının və fəaliyyətinin əsasını təşkil edən insan hüquqlarına riayət, qarşılıqlı hörmət prinsiplərini ayaq altında inildədir.

Qarabağdakı erməni vandalizminə kor olan UNESCO indi Ukrayna üçün gün ağlayır. Təşkilatın baş direktoru Odre Azule Kiyevə səfər edərək münaqişələrdəki müharibə cinayətlərinə ayrı-seçkiliklə yanaşıldığını göstərmiş oldu.

Düzü, heç inandırıcı gəlmir ki, UNESCO Ukraynaya gün ağlayır, bunu mübahisələndirmək ayrı mövzudur.

Yaxşı, hər şeyi bir kənara qoyaq, məsələ Rusiyadırsa, bəs beynəlxalq birlik SSRİ-nin didilməsi ərəfəsində milli qırğınlar törədən Mixail Qorbaçova niyə Nobel Sülh mükafatı verilməsini alqışladı?

Məgər bu qırğınların baiskarı və müəllifi Moskva deyildimi?

Hələ o da yaddan çıxmayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsindəki qanlı əməllərini Rusiyadan dəstək almaqla həyata keçirib.

Bəs buna görə Rusiya mühakimə olundumu? Xeyr…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir