Siyasət

Əminin sözündən “sübut” qayıran təfəkkür: Şübhəliyə “bəraət kampaniyası”nın arxasında nə dayanır? – VİDEO

Sharing is caring!


Deputat Fazil Mustafaya qarşı terror aktında şübhəli bilinən şəxslərdən İlkin Süleymanov barəsində bəzi mənbələrdə tamamilə əsassız “bəraət kampaniyası” aparılır.

Sözügedən şəxsin qohumlarının çıxışları əsasında tirajlanmış bu cür məlumatlar İlkin Süleymanovun günahsız olması imicini formalaşdırmağa hesablanır.

Təbii ki, məhkəmənin qərarı olmadan kimisə cinayətkar adlandırmaq doğru olmazdı. Ancaq məhkəmə qərarlarının nəyə əsaslandığı da hər birimizə məlumdur: bu danılmaz faktlar və həqiqətləri göstərən sübutlardır. Elə isə sübut olmadan və ya qondarma “sübut”larla İlkin Süleymanovu günahsız elan etməyin özü də həqiqətə sığmayan məsələdir.

Bəzi mənbələrdə yayılan görüntülərdə “sübut” kimi göstərilən arqumentlərə nəzər salaq. İddia olunur ki, sözügedən şəxsin həmin tarixdə saat 20:14-də bir məkandan çıxması barədə görüntülər onun günahsızlığına dəlalət edir.

20:14-də məkandan çıxan Süleymanovun buradan hansı ünvana üz tutması sadəcə onun yaxın qohumlarının sözlərindən ibarət “dəlil”dir. “O evə gəlib, evdə olub”. Bəli, bu sözlər tirajlanan materiallarda əlahəzrət-fakt olaraq qəbul edilir.

Törədilmiş cinayət əməlində şübhəli bilinən şəxsin günahsızlığının “sübut”u məhz yaxın qohumlarının sözləri hesab olunur. Gülünc və ikrah doğuran olsa da, İlkin Süleymanovun “bəraət kampaniyası” məhz bu cılız, tutarsız arqumentlər üzərində olduqca qeyri-peşəkar şəkildə qurulur…

Onun daha bir şübhəli Azər Səricanovla münasibətlərinin olmamasının “sübut”u da eyni “məntiq”ə söykənir. Belə çıxır ki, qohumların sözləri bu cür həssas məqamla bağlı hər şeydən üstün sayılmalıdır. Onların aralarındakı münasibəti gizlətmək, gizli şəkildə əməkdaşlıq etmək ehtimalı zərrə qədər hesaba alınmamalıdır…

Növbəti absurd və bir o qədər də inanılmaz yanaşma, heç bir məntiqə sığmayan əsaslandırma…

Ancaq bu məsələdə absurd məqamlar təkcə bunlarla da bitmir. “Bəraət kampaniyası”nın ardıcılları hesab edirlər ki, 20:14-də Xocəsəndə məkandan çıxan Süleymanov hadisənin baş verdiyi zaman evdə olub və 21:51-də Zabratda ola bilməzdi. Görünür, Zabrata çatmaq üçün “saatlarla yol getməyin lazım olduğu” yalnız bu şəxslərə ayandır və sadə məntiqlə bunun mümkünlüyünü qavrayanlar yanılırlar… Axı Bakının bir başından digərinə getmək üçün aylarla vaxt lazımdır, avtomobil icad olunmayıb, insanlar hansısa məsafəni hələ də at belində qət edirlər…

Bir anlıq İ.Süleymanovun əmisi E.Süleymanovun “o evdə olub” sözlərinin danılmaz fakt, ali həqiqət olduğunu düşünək və hadisələrə bir də bu prizmadan baxaq. Görək, bu “həqiqət” sözügedən şəxsin günahkar olmadığını sübuta yetirirmi?

Maraqlısı budur ki, İlkin Süleymanovun tətiyi çəkən şəxs qismində saxlanılması ilə bağlı hər hansı bir informasiya yoxdur. Elə isə “bəraət kampaniyası” iştirakçılarının məntiqi ilə “həmin vaxt evdə olubsa, günahsızdır” tezisini də çürümüş hesab etmək olar. O terror aktında dolayı yolla da iştirak edə, təşkilatçılıq işlərini yerinə yetirə, digər şübhəlilərlə koordinasiyalı şəkildə çalışa bilərdi. Ancaq bu ehtimal nədənsə bir sıra mənbələrdə yayılan iddialarda görməzdən gəlinir, sadəcə “onun evdə olması” iddiası bütün əks-arqumentləri məhv etmiş hesab olunur.

Ortaya bir sıra haqlı suallar çıxır: sadəcə sözlərə, iddia və fərziyyələrə əsaslanan məsələlər həqiqət kimi qələmə verildiyi halda, digər bütün ehtimallar olduqca cılız bir arqumentlə necə təkzib oluna bilər? Bütün bunların arxasında hansı məqsəd dayanır?

Təbii ki, kimin təqsirli, kimin təqsirsiz olduğuna yalnız məhkəmələr qərar verir. Ancaq indiki məqamda günahı sübuta yetirilməyən birinin, günahsızlığı da bu “sübut”larla ortaya çıxarıla bilməz. Yox, əgər normal insan düşüncəsinə sığmayan həmin “sübut”lar həqiqət olaraq qəbul edilirsə, məsələnin arxasındakı fitnə və qərəzi görməmək mümkün deyil…

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir