Siyasət

“UNESCO-nun baş direktoru qeyri-peşəkardır, özünü Fransa XİN-in əməkdaşı kimi aparır” – RƏY + FOTO

Sharing is caring!


“UNESCO-nun baş direktoru Odre Azule özünü Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev O.Azulenin Ukraynaya səfərini şərh edərkən deyib.

O bildirib ki, UNESCO-nun hazırkı rəhbərinin Azərbaycana qarşı fobiyasının olduğu sirr deyil.

Deputat vurğulayıb ki, O.Azule səlahiyyətlərini icra etməyə başladığı ilk gündən Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir.

“Biz, onsuz da, xalqımıza qarşı ikili standartlara öyrəşmişik. Ancaq onun UNSECO kimi nüfuzlu beynəlxalq strukturu şəxsi, simpatiya bəslədiyi və ya vətəndaşı olduğu dövlətin maraqlarının qurbanına çevirməsi təəssüfedici hal olmaqla yanaşı, həm də qeyri-peşəkarlığın bariz göstəricisidir. Azule 2017-ci ildən UNSECO-nun baş direktorudur və ondan əvvəl isə Fransanın mədəniyyət naziri olub. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, Azərbaycanın onilliklər boyu işğal altında olan torpaqlarına faktaraşdırıcı missiyanın göndərilməsinə razılıq verməyib”, – E.Allahverdiyev deyib.

Onun sözlərinə görə, O.Azule Azərbaycana münasibətdə özünü UNESCO-nun ali rəhbəri kimi deyil, ölkəmizə münasibətdə ədalətsiz mövqe göstərən dövlətin vətəndaşı kimi aparır:

“Fransanın “bacısı” Ermənistana görə Azərbaycana qarşı düşmənçilik həddinə çatmış siyasətini başa düşürük. Ancaq hər hansı beynəlxalq təşkilatda yüksək vəzifə tutmuş nümayəndənin bu qurumdakı vəzifələrini unudub, özünü sanki hansısa dövlətin xarici işlər nazirliyini təmsil edən bir məmur kimi aparması nə qədər düzgündür? UNESCO-nun baş direktoru özünü Fransa XİN-in əməkdaşı kimi aparır. Bu, qeyri-peşəkarlıqdır”.

E.Allahverdiyev söyləyib ki, UNESCO 30 ilə yaxın işğal dövründə, Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, ermənilərin işğal etdikləri ərazilərə missiya göndərməyib.

“Dövlətimiz ermənilərin törətdikləri vəhşiliklər barədə dəfələrlə faktlar, sübutlar təqdim etsə də, bu beynəlxalq təşkilatdan səs çıxmayıb. Əsas o olub ki, Ermənistan razı deyil. Halbuki beynəlxalq hüquqa görə, Ermənistanın Ağdama və ya Füzuliyə beynəlxalq missiyanın gəlişinə hər hansı münasibət bildirməyə haqqı yoxdur. Çünki bura Azərbaycan ərazisidir. Ancaq 2020-ci ilin müharibəsindən sonra hay-küy qaldırmış ermənilərin çağırışlarına reaksiya verilir. Bu fakt UNESCO-nun qeyri-obyektivliyinin göstəricisi deyilmi? Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurumun xoşməramlı səfiri olmaqdan imtina etməsi bütün dünyaya UNESCO-nun tərəfkeşlik etdiyini göstərdi”, – o əlavə edib.

E.Allahverdiyevin fikirincə, tək beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı dövlətlər də çox vaxt ümumbəşəri anlayışları öz maraqları naminə tapdaq altına alırlar:

“Biz UNESCO-dan danışırıq, ancaq qonşumuz, müsəlman dövləti olan İran 30 ildir gözünün qabağında məscidləri dağıdan, talan və təhqir edən vandalların başına sığal çəkir. Son iki ildir, bir milyon şiə müsəlmanı yurdundan-yuvasından edən Ermənistanın maraqlarının onun maraqları olduğunu bəyan edir. Müsəlman dövləti bunu edirsə, ermənilərin “böyük bacısı” olan Fransanın təmsilçisindən nə gözləmək olar?!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir